Yaxın vaxtlarda Böyük Qayıdışın sevincini füzulilər də yaşayacaqlar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistan üzərində qazandığı şanlı qələbəmizin ikinci ilini qeyd edəcəyik. Düşmən üzərində qazandığımız tarixi Qələbə Azərbaycan tarixinə şanlı səhifə yazdı. Bu qələbə Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi, reytinqini yüksəltdi. Azərbaycan Silahlı Qüvvələrinin hər bir üzvü yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə nümayiş etdirdi və işğal altında olan torpaqlarımızı öz qüvvəsi ilə azad etdi. İndi həmin ərazilərdə əzəmətli Azərbaycan bayrağı dalğalanır.
Bu gün Füzuli rayon sakinləri üçün iki qat sevinclidir. İki il əvvəl məhz bu gün – oktyabrın 17- də Füzuli rayonunun 27 illik işğalına son qoyuldu. Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən idi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi. Otuz il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idilər ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Ancaq Füzuli uğrunda döyüşlərdə rəşadətli Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı.
Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığının möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıran komitə sədri deyib ki, 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçımızın sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Vətən müharibəsi başa çatandan bir həftə sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilk səfəri məhz Füzuli rayonuna etdilər və bununla da genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinə start verildi: “Səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi və ilk sərnişinini-qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul etməsi dünya ictimaiyyətini də heyrətləndirdi. Füzulidən Şuşaya çəkilən “Zəfər yolu”, daha bir Füzuli – Şuşa yolu, kommunikasiya və elektrik xətlərinin bərpası artıq başa çatıb. Hazırda yeni yaşayış binalarının, məktəblərin, səhiyyə müəssisələrinin, həmçinin Dövlətyarlı “ağıllı kənd”nin tikintisi sürətlə davam etdirilir. Yaxın vaxtlarda Böyük Qayıdışın sevincini füzulilər də yaşayacaqlar.

Sevil Əliyeva,

Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR