" />

Regional nəqliyyat-kommunikasiya layihələrinin icrası böyük əhəmiyyətə malikdir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verərək dedi ki, ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.

Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.

İlham Əliyev diqqətə çatdırdı ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.

2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli də regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.

Bu dəhlizin açılması 10 noyabr üçtərəfli Bəyanatında da öz əksini tapıb. Azərbaycan dəhlizin açılması üçün avtomobil və dəmir yolu layihələrinin icrasını, demək olar ki, yekunlaşdırmaq üzrədir. Lakin Ermənistan bu məsələdə də üzərinə düşən öhdəlikdən boyun qaçırmaqla yenə də öz məkrli oyunlarını oynamaqda davam edir. İlham Əliyev  qətiyyətlə vurğulayıb ki, Ermənistan istəsə də, istəməsə də bu dəhliz açılacaq. İlk növbədə isə tərəflər arasında sülh sazişi imzalanmalıdır. Əgər saziş imzalanarsa, dəhlizin təhlükəsizliyinin təminatı da reallaşa bilər.

Nərmin Cəfərzadə,

  Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR