Şanlı Ordumuzun yeni qəhrəmanlıq səhifəsi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Sentyabrın 12-dən 13-ə keçən gecə erməni silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti genişmiqyaslı təxribatının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı, düşmənə ağır sarsıdıcı zərbə vuruldu. Bu eyni zamanda rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin məkrli siyasətinə, revanşist qüvvələrə və onların havadarlarına vurulan böyük zərbə idi.
Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində törətdikləri təxribatlar, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahların, ağır artilleriya vasitələrinin və şəxsi heyətin cəmləşdirilməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar bir daha ona göstərirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır. Ermənistan bu kimi əməlləri ilə həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarında həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginliyi saxlamaq məqsədini güdürdü.
Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradırdı. Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə olmuşdu. Odur ki, daxili təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişdirmək üçün növbəti hərbi-siyasi avantüraya əl atmaq lazım idi. Sonuncu təxribat bunu təsdiqlədi. Lakin düşmən yenə də məkrli niyyətinə çata bilməyib ağır zərbə aldı.
Azərbaycan Ordusu düşmən təxribatlarına qətiyyətli cavab əməliyyatlarında 71 şəhid versə də, Ermənistan yüzlərlə hərbçisini itirdi. Müzəffər Ordu şəhidlərin qanını yerdə qoymadı. Özü təxribata başlayan Ermənistan sonunda yenə də beynəlxalq təşkilatlara, havadarlarına yalvararaq atəşkəsin təmin olunmasına vasitəçi olmalarını xahiş etdi.
Ermənistanın növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım onu edən ölkənin özü üçün yeni faciələrə səbəb olacaq. Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. İndi həmin istiqamətdə bütün yüksəkliklər ordumuzun əlindədir. Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.
Ermənistanın son təxribatı nəticəsində şəhid olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Onlar qəhrəmanlıqları, igidlikləri və şücaətləri ilə bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdilər ki, Azərbaycan qadınları dünyaya Vətənini, millətini sevən yüzlərlə, minlərlə qəhrəman oğullar gətirir. O oğullar ki, qanı ilə, canı ilə Vətənə bağlı olub, ona yönələn istənilən təxribata qarşı sinəsini sipər edib, düşmənə gözdağı verməyi bacarır.
Düşmən qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının qətiyyətlə alınması, onlara sarsıdıcı zərbələrin vurulması öz qanı və canları ilə Şanlı Zəfər tarixini yazan Azərbaycan Ordusunun yeni qəhrəmanlıq səhifəsidir.

Qəhrəman Qasımov 238 saylı məktəbin müəllimi, Qarabağ veteranı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR