Azərbaycan-İtaliya münasibətləri yüksələn xətlə inkişaf edir
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri iki ölkə arasında əlaqələrin yeni səhifəsini açdı. Səfər çərçivəsində Azərbaycan səfirliyinin yeni binasının açılışı, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi, Prezidentin Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı münasibətlərə yeni impuls verdi.
İtaliya və Azərbaycan arasında əlaqələr uzun illərdir davam edir. Bu dövr ərzində Azərbaycan İtaliyanın əsas neft və neft məhsulları təchizatçısına çevrilməklə yanaşı, həm də İtaliyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Bunu ildən-ilə artan ticarət dövriyyəsində də görmək mümkündür. Eyni zamanda Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. 2020-ci ilin sonundan etibarən Azərbaycan TAP layihəsi əsasında İtaliyaya qaz da ixrac edir. Bir il yarım ərzində İtaliyaya 11,7 milyard kubmetr qaz ixrac olunub, bu il isə qazın həcminin artırılması planlaşdırılır.
Bu il Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur. Məhz bu dövrdə iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafı siyasi ekspertlər tərəfindən də yüksək qiymətləndirilir.
Dövlət başçısının beynəlxalq forumda çıxışında İtaliya-Azərbaycan strateji əlaqələrin inkişafına xüsusi diqqət ayırıb: “Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, bizim böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var”.
Fərmin Quliyev
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi