Qazaxıstanla Azərbaycanın siyasi dostluğunun yüksək səviyyəyə çatdırılması önəmli hadisədir
Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə birlikdə mühüm görüşlər keçirdi. İki ölkə arasında çox ciddi sənədlər imzalandı. Biz Azərbaycan və Qazaxıstanın bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirdiyini görürük. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan bu vaxta qədər bir çox məsələlərdə demək olar ki, Azərbaycanın tərəfindən çıxış edib.
Azərbaycan və Qazağıstanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur. Hər yerdə də Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyət göstərirlər. Qazaxıstanla Azərbaycanın siyasi dostluğunun yüksək səviyyəyə çatdırılması da önəmli hadisədir. Eyni zamanda Qazaxıstan Qarabağın yenidən qurulmasında iştirak edəcək və bu iki ölkənin dostluğunun bariz təzahürüdür.
Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında bildirdi ki, “ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb”. Ölkə başçısının sözlərindən də görünür ki, Azərbaycan hazırda “Orta dəhliz”in inkişafında maraqlıdır və bu istiqamətdə Qazaxıstanla əməkdaşlıq məqbuldur.
Aydın məsələdir ki, Rusiya-Ukrayna müharibəsinin başlanması və hazırda davam etməsi dəhlizin əhəmiyyətini gözləniləndən çox artırdı. İndiki məqamda Qazaxıstanın “Orta dəhliz”ə marağının artması da təsadüfi deyil. Düşünürəm ki, bu istiqamətdə rəsmi Bakı ilə Qazaxıstan arasında sazişlərin imzalaması, əslində həm də Kremlin bu məsələdə maraqlı olduğunun göstəricisidir.
Könül İsmayılova Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi