Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhvə.

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Son illərdə respublikamızda iqtisadiyyatın dinamik inkişaf edən istiqamətlərindən biri elektroenergetika sektorudur. Qısa müstəqillik tarixində Azərbaycanın elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilməsi qürurverici bir haldır. Bu, ölkədə aparılan məqsədyönlü siyasətin real nəticəsidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün bizim enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır. Hazırda respublikamız istehsal etdiyi elektrik enerjisinin ixrac coğrafiyasını genişləndirir. Perspektivdə qonşu ölkələrə və ayrı-ayrı Avropa dövlətlərinə ixrac olunacaq elektrik enerjisinin həcmi daha da artırılacaq. Bunun üçün respublikamızın böyük imkanları var.
Azərbaycan elektroenergetika sektorunda öz siyasətini qlobal çağırışlara uyğun qurur. Hazırda bu sahədə qlobal trend bərpa olunan mənbələrdən daha səmərəli istifadə edilməsi ilə bağlıdır. Azərbaycan da bərpa olunan enerji mənbələri ilə zəngin olan bir diyardır. Bütövlükdə, ölkəmizdə bərpaolunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün  təxminən 17,3%-ni təşkil edir. Bundan əvvəl 2030-cu ilədək Azərbaycanın enerji balansında bərpa olunan enerji seqmentinin payının 30 faizə çatdırılması nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev isə bu rəqəmin 40 faizə çatdırılmasının mümkünlüyünü bəyan edib. Bu hədəfin də reallaşması tam realdır.
Əlamətdar haldır ki, respublikamızda bərpa olunan enerji mənbələrindən istifadə olunmasına xarici şirkətlər böyük maraq göstərirlər.  Təkcə 2022-ci ilin əvvəlindən bəri xarici şirkətlərlə bir neçə  bərpa olunan enerji stansiyasının tikintisinə dair yeni müqavilələr imzalanıb. Bu stansiyalar işə salındıqdan sonra respublikamızda bərpaolunan mənbələrdən alınan elektrik enerjisi həcmləri daha da artacaq.
“Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də – Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Yəqin ki, gələn il o inşaat da başlayacaq. Bu, ancaq başlanğıcdır. Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə, əlavə iki min meqavat və ondan da əlavə iki min meqavat Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq. Orada 32 su elektrik stansiyası var idi ki, ermənilər Kəlbəcər, Laçından gedəndə onları vəhşilər kimi dağıtdılar. Biz onları hesablayaraq müəyyən rəqəm səsləndirmişdik.
Ancaq indi daha dərin təhlil aparılır. Çünki orada daha böyük həcmdə su elektrik stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su elektrik stansiyalarından mindən çox meqavat götürə bilərik. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Avropa tərəfindən Azərbaycana yeni layihə təqdim olunub. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və Azərbaycan bu layihəyə maraq göstərir. İyulun 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandum imzalanacaq. Bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhvədir.

Fidan Cəfərzadə
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR