AĞBABANIN SONUNCU AZMAN AŞIĞI İSGƏNDƏR AĞBABALI
AĞBABANIN SONUNCU AZMAN AŞIĞI İSGƏNDƏR AĞBABAL
Aşıq İsgəndər Ağbabalı ilə bağlı monoqrafiyamı və ondan toplayıb yazıya aldığım şeirlərini işləyib bitirəndən sonra aradan bir neçə ay keçsə də bir də arxivimə baxanda saralmış bir neçə vərəq nəzərimi cəlb etdi. Bu qeydlər bir daha böyük aşıqla bağlı yeni bir yazı yazmağa məni həvəsləndirdi. Digər tərəfdən buradakı məlumatlardan faydalanmamışdım deyə bu yazını yazmağı qərara aldım.
Bəzən kənardan baxılanda toplama işi elə çətin iş kimi görünmür. Amma onunla bağlı işə başlayınca informatorlarla dil tapmaq, onlarla xoş ünsiyyət qurmaq elə də asan olmur. Dəfələrlə çətin, mürəkkəb xarakterli, danışmaqda xəsislik edən söyləyicilərə az rast gəlməmişəm. Təbii ki, mənə bağlama, müəmma, müxtəlif suallar ünvanlayanlar da az olmayıb. Buna görə də elə yerlər olub ki, aylarla ayaq döymüşəm, amma çox az folklor nümunələri toplaya bilmişəm, elə də olub əliboş gəlmişəm. Bunları düşündükcə həmişə gözlərim önünə rəhmətlik Aşıq İsgəndər Ağbabalı gəlib. Bu orta boylu, qarayanız kişinin olduqca ipək xasiyyəti, qeyri-adi danışığı, qəribə, kövrək səsi vardı. Məsələ onda idi ki, kim nə soruşsa aşığın dediyi kimi, “adamın ağzını qıra salmırdı”.
Bəli, Aşıq İsgəndər Ağbabalı çox sadə, cana yaxın, həddən ziyadə mehriban bir adamdı. Səhv eləmirəmsə onu ilk dəfə görəndə mənim 6-7 yaşım ancaq olardı. İşin yaxşı tərəfi o idi ki, aşığın qonaqçısı bizim qapı bir qonşumuz Mustafa dayı, onun atası Abdulla dayı idi. Onların evlərinin önündə, pəncərənin qabağında uzunluğu bir metrdən uzun, amma dairəsi metrdən də artıq bir kötük vardi. Adətən, Aşıq İsgəndər Ağbabalı həmişə buraya məclis keçirməyə gələndə bir qədər tez gələr, bayıra çıxanda gəlib bu kötüyün üstə əyləşərdi. Həm də Mustafa dayı aşıqla sigə qardaş olmuşdu deyə onu çox sevirdilər. Aşığın par-par parıldayan xrom çəkmələri, sədəfli sazı, papağı, aşıq geyimi məni həmişə heyrətləndirirdi. Mənə qəribə bir yuxu kimi görünürdü. Adətən, aşıq buraya çox vaxt üçtəkərli motoskleti ilə gəlirdi. Tanış olmuşduq. Dayım Usta Məcidi də yaxşı tanıyırdı. Adətən, aşıqdan nə soruşsam mənə ətraflı cavab verərdi. Bir dəfə də olsun acıqlandığını, ya da mənə cavab vermədiyini xatırlamıram. Mən saz havalarından tutmuş dastanlara qədər nə məni maraqlandırırsa onları xəbər alar,onun dediklərinə diqqətlə qulaq asardım.
Bir dəfə dedim:
– Deyirlər Aşıq Şenlik Ağbabaya çox gəlib. Bu doğrudumu?
– Ay bala, aşığın qızı Gülxanım bizim Quzukənddə yaşamırdımı? Abbas kişinin həyat yoldaşı idi, Pirilərin Abbasını deyirəm. Yəni Abbas Pirioğlunun da epey sözləri var.
– Bu dediyin “Xoşqılıq” havası kimindi?
Bilmirəm, hardansa ağlıma gələn bu sualı deyincə aşıq gülümsündü:
– Bu, Aşıq Şenliyin havasıdı. Bunun da bir tarixçəsi var, bala. Bir dəfə payız vaxtıymış. Aşıq Şenlik gəlir Quzukəndə, qızının evinə. Orda bir boylu-buxunlu cavan oğlana “Şulux” deyəndə aşıq xəbər alır ki, bu cavan hansı kənddəndi. Deyirlər Baxçalıdandı. Orda bir Nəsib var, onun nökəridi. Aşıq o saat deyir:
– Atımı yəhərliyin, işim var, Baxçalıya getməliyəm.
Buna heç kimi getmə deyə bilmir, çünki Aşıq Şenlik dediyindən dönən deyildi. Bu atı minir düşür yola, gəlir Baxçalıya. Atını Nəsibin qapısında saxlayır, ev sahibinə səslənir:
– Ay ev sahibi.
O saat ev sahibi eşiyə çıxır. Baxır bu Aşıq Şenlikdi, yüyürür bunun qabağına:
– Ay səni xoş gördük, Aşıq Şenlik, buyur, qonağım ol.
Aşıq atdan düşür, bunu atını tövləyə çəkirlər, bu da içəri keçir. Bu, ev sahibi ilə üzbəüz oturur.
– Şuluğu gördüm, bə Dunux hanı?
Deyir:
– Ay aşıq, sən Dunuğu hardan tanıyırsan?
– Hardan tanıyıram? Onda sazımı bir az dınqılladım, sənin də yadına düşsün.
Aşıq sazı köynəyindən çıxarıb basır bagrına. Saz dediyin hər dərdin dərmanıdı, söz də havanın üstü ilə gələr – Allahın fərmanıdır. Bəli, aşıq sazını qoltuğuna vuranda deyir:
– A Nəsib kişi, sən niyə Məmmədi Şulux, Güllüyü Dunux eliyibsən? Allahdandamı qorxmursan? Sən elə bilirsən ki, bunu mən bilmirəm?! Qapına da buna görə gəlmişəm. Güllüyü Məmmədə verəcəksən, yoxsa bu evdə bir tikə çörək belə kəsmərəm.
– Aşıq, sən nə deyirsən, o olsun. Amma bəs bu çaldığın havanın adı nəydi?
– Xoşqılıq.
Hə, Çıldırlı Aşıq Şenlik belə yaxşı adamdı, Haqq aşığı olduguna görə hər şey ona əyan olurdu.
Yadımdadır, aşıqla bir dəfə görüşəndə söz yaşlı adamlardan düşüncə o dedi:
– Sizin kənddən Oruc kişi çox şey bilir, bir az tərs xasiyyəti var, bunun bir əmisi varmış-Şahqulu. Onun bir nağılı var. Gümrülü Mehdi kişi var. Onun bilmədiyi nagıl, söz yoxdu. Bir dəfə mənə “Yetim Mədədin nağılı”nı söylədi. Bax, sənə deyim biz tərəfdə İmanı kişi, Bığlı Calal, Cəlil kişi, Nağı kişi, Seyid Həsən kişi kimi yaşlı adamlar çox şey bilirdilər. İmanı kişi Çivinlidən, Bığlı Calal Öysüzdən, o biriləri Qaraçanta kəndindəndi. Bunların içində gözəl nağıl danışanlar da vardı. Ay səni sağ olasan, bunları kim xəbər aldı ki, mən də demədim?! Göllüdə bir Molla Yaqub olub. Cavanlığında addı bir sənətkar olub, xeyli sözləri də var, hayıf onu vaxtında arayıb axtaran olmayıb.
Bəli, Aşıq İsgəndər Ağbabalı həm də qeyri-adi söyləyici və sinədəftərdi. Onun barəsində nə qədər yazılsa azdır. Belə ustad sənətkarla fəxr etmək, onu xatırlamaq mənə xoşdur, çünki Ağbaba adını, Ağbaba saz havalarını qoruyub saxlayan, elin mənəvi sərvətini eldən elə yayan bir aşıqdı – Ağbaba aşiqi, Ağbabanın sonuncu azman aşığı. Bu Ağbaba sevgisi onu dünyada saz-söz sevərlərinə tanıtmışdı.
Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent