Azərbaycanın haqlı mövqeyinə beynəlxalq dəstək
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra qlobal məsələlərə toxunub, təşkilatın gələcək fəaliyyətinin əsas prinsiplərini bəyan edib, eyni zamanda mühüm mesajlar verib.
Çıxışında Qoşulmama Hərəkatının üzv dövlətlərinin ölkəmizin haqlı mövqeyinə böyük dəstəyini xüsusi minnətdarlıqla qeyd edən cənab Prezident bunu beynəlxalq həmrəyliyin və əməkdaşlığın nümunəsi olduğunu bəyan edib.
Məlumdur ki, 44 günlük Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatının üzv dövlətləri BMT-də Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv qətnamənin qəbuluna mane oldular. Bu ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Bunun nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur oldular. Dövlət başçısı 44 günlük İkinci Qarabağ müharibəsinə diqqəti cəlb edərək “Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya – qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar. Təəssüflər olsun ki, bu sadəcə şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizə BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular” dedi.
Bu, Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsidir. Azərbaycanın milli maraqlara əsaslanan uğurlu siyasəti, strateji mənafelərini tərəfdaş dövlətlərin maraqları ilə uzlaşdırması, humanizm dəyərlərinə, sülh, sabitlik və təhlükəsizliyə, taleyüklü məsələlərdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa böyük önəm və üstünlük verməsi təkcə Qoşulmama Hərəkatı çərçivəsində deyil, beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.
Dövlət başçısı Azərbaycanın 30 il ərzində beynəlxalq ictimaiyyətin ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcəyini gözləməsindən danışıb. İlham Əliyev xatırladıb ki, bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni işğala son qoyulmalı idi. Ölkə rəhbərinin sözlərinə görə, əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi: “Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.
30 ilə yaxın müddət ərzində vasitəçilik missiyası daşıyan, amma vəzifəsini yerinə yetirə bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyəti etimad və səmimiyyətdən uzaq olub, sülhə, təhlükəsizliyə xidmət etməyib. Bir sözlə, bu qurum “turist diplomatiyası” ilə məşğul olub. Münaqişə isə həll edilib, ona görə də ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə artıq heç bir əsas və ehtiyac yoxdur. İndi əsas məsələ müharibəsonrası dövrdə bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, 10 noyabr Bəyanatında əksini tapan məsələlərin icrası, kommunikasiyaların açılması və digər bir sıra istiqamətlərdə fəaliyyət göstərməkdir. Yeni mərhələdə ATƏT-in Minsk qrupu artıq faydasız – lüzumsuz təsisat kimi qəbul olunur. Bəzi qüvvələr Minsk qrupunu yenidən proseslərə cəlb etməyə çalışsalar da, bu, mümkün deyil. Qurumun siyasi vəfatı baş tutub – artıq dəfn olunub.
Prezident İlham Əliyev “Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Biz həmin siyasətə son qoyduq, güc və siyasi müdriklik sayəsində torpaqlarımızı azad etdik” ,- deyə bildirib. Bəli, münaqişənin həllini bir nömrəli strateji məsələ və vəzifə kimi müəyyənləşdirən Azərbaycan Prezidenti müdrik siyasət həyata keçirməklə güclü iqtisadiyyat quruculuğuna, ölkənin hərbi qüdrətinin və beynəlxalq nüfuzunun, dostlarının və strateji tərəfdaşlarının sayının artmasına nail oldu.
Məhi Mehtiyev
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid ailələri İctimai Birliyinin
Nizami rayon Filialının sədri