“Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!
Prezident İlham Əliyevin 26 iyun tarixində Kəlbəcər rayonuna səfəri çərçivəsində yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışında iştirak edib.
Açılış tədbirində çıxış edən cənab Prezident qeyd edib ki, “Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Azərbaycan Ordusu müharibədən sonrakı dövrdə, həm Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin, həm də komanda birliklərinin tərkibini genişləndirməyə davam edir. Kəlbəcərdə yaradılan komanda hərbi hissəsi Azərbaycan Ordusunun mövcud imkanlarının daha da artırılmasına xidmət edir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə açılan hərbi hissələr Azərbaycan–Ermənistan sərhədinə yaxın məsafədə yerləşir. Bu isə həmin ərazilərdə baş verə biləcək təhdidlərin qısa müddətdə aradan qaldırılmasına münbit şərait yaratmaq məqsədi daşıyır.
Cənab Prezident çıxışında xüsusilə vurğulayıb ki, “Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür – həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək”.
Həm Xüsusi Təyinatlı Qüvvələrin tərkibinin genişləndirilməsi, həm də yeni yaradılan komando hərbi hissələrinin sayının artırılması paralel olaraq həmin bölmələrin zəruri silah və texnikalarla təchizatını da nəzərdə tutur. Bunun üçün Azərbaycanın imzaladığı bir çox müqavilələr artıq həyata keçirilir. Hazırda yeni silahlar və ən müasir texnikalar Azərbaycana gətirilir. Bu isə ümumilikdə Azərbaycanın Ermənistan qarşısında daha üstün hərbi potensiala malik olmasını təmin edəcək. Kəlbəcərdə yeni, ümumiyyətlə azad edilmiş ərazilərdə ikinci komando hərbi hissənin açılması Ermənistanla sərhəddə hərbi cəhətdən mövqelərimizi daha da möhkəmləndirəcək, müharibədən sonrakı ordu quruculuğu prosesinə müsbət təsir göstərəcək. Bu, həmçinin müasir ordu quruculuğunda mühüm əhəmiyyətə malikdir. Şərqi Zəngəzur ərazisində Ermənistanla sərhəddə Azərbaycanın hərbi infrastrukturunun genişlənməsi Azərbaycanın gələcək hədəflərinin konturlarını da dəqiq nümayiş etdirir.
Ordu quruculuğu istiqamətində görülən işlər onu göstərir ki, ölkəmiz gələcəkdə də hərbi qüdrətini artıraraq yeni silahlar və texnikalar almağa davam edəcək. Yaradılan yeni komando hərbi hissələrinin sayı isə getdikcə daha da artırılacaq. Bununla da Azərbaycan böyük həcmli motoatıcı hərbi hissələr əvəzinə, daha kompakt və çevik komando briqadalarının sayını artırmağa nail olacaq. Bu isə ordumuza əlavə güc və imkan qazandıracaq
Azərbaycan qarşıda duran bütün hərbi vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərini qorumaq üçün imkanlarını daha da genişləndirir. Bu isə Azərbaycana Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, lazımi cəzalandırma tədbirlərini reallaşdırmağa şərait yaradır.
Azərbaycanın Ermənistandan gözlədiyi birgə bəyanatın dəqiqliklə yerinə yetirilməsidir. Əgər qarşı tərəf bundan sonrakı müddətdə də üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi əvəzinə bu prosesi daha da uzatmağa cəhd göstərərsə, o zaman Azərbaycan üzərinə düşən öhdəliklərindən imtina edərək 2020-ci il noyabrın 9-na olan vəziyyətə qayıda bilər. Bu isə Ermənistan üçün daha ağrılı, acılı və sarsıdıcı nəticələrə gətirib çıxaracaq.
Ali Baş Komandanımızın dediyi kimi “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.
Məhi Mehtiyev
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid ailələri İctimai Birliyinin
Nizami rayon Filialının sədri