Qalib ordunun tarixi zəfəri
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması prosesi, əslində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. Erməni təcavüzünün gücləndiyi 1917-1918-ci illərdə Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə təcili olaraq ordu quruculuğuna başlamaq tələb olunurdu. Bununla əlaqədar olaraq 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı.
Lakin Azərbaycan Ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Xaricdən və eləcə də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna, azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasına, həmçinin daha çox azərbaycanlı gəncin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcədə SSRİ-nin digər hərbi məktəblərinə qəbul edilməsinə nail olmaqla bugünkü müstəqil dövlətimiz üçün peşəkar zabit kadrlarının hazırlanması işinin əsasını qoydu.
Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi. 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi-vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı.
Milli Ordunun yaradılması günü 1998-ci ilə qədər hər il oktyabrın 9-da qeyd edilsə də, sonradan varislik prinsipi əsas tutularaq Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi təsbit edildi.
Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədi ilə Ulu Öndərin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizatında xarici ölkələrdən asılı olmamaq üçün milli hərbi sənayesini də formalaşdırır və birgə istehsal müəssisələri yaradılır. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal və ixrac edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Bu gün ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qoşunlarından ibarətdir. Sözügedən qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Bunu 2016-cı ilin aprel döyüşləri, 2018-ci ildə Naxçıvanda keçirilən Günnüt əməliyyatı və 44 günlük Vətən müharibəsi bir daha sübut etdi.
Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə cari ildə Milli Müdafiə Universiteti yaradılıb.
Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə çaldı. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni faşistlərindən azad etdi. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən, eləcə də könüllü olaraq cəbhəyə yollanan Azərbaycan gəncləri böyük qəhrəmanlıqlar göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazıblar.
Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi.
İkinci Qarabağ müharibəsi dövründə xalqımız Prezidentimiz və ordumuz ətrafında sıx birləşdi, möhkəm yumruq olduq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir.
Yusif Əliyev, Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Vətən müharibəsi veteranı
Oxşar Xəbərlər
- Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində böyük ictimai mövqeyi var
- Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası bölgələrin inkişafında böyük əhəmiyyət kəsb edir
- XİN-dən İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi barədə AÇIQLAMA