Ordu quruculuğunda beynəlxalq əməkdaşlıq böyük əhəmiyyət daşıyır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də nizami ordunu yaratmasıdır. Məhz Ulu Öndərin müstəsna fəaliyyəti nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparıldı. Aparılan islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrini özünümüdafiə dəstələrindən beynəlxalq standartlara cavab verən, vahid komandanlıqdan idarə olunan qüdrətli hərbi struktura çevirdi. Orduda vəziyyət köklü surətdə dəyişdi.
Müasir standartlara uyğun ordunun qurulmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi böyük rol oynayır.1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi. Azərbaycan Respublikası ilə NATO arasında fərdi əlaqələndirmə proqramı əsasında Silahlı Qüvvələrimizin nümayəndələri NATO-nun hərbi məktəbləri, kollecləri və başqa strukturlarında keçirilən sülhməramlı kurslarda, Avropada təhlükəsizlik sahəsində əməkdaşlıq, inteqrasiya proseslərinin genişləndirilməsi və digər tədbirlərdə iştirakı Milli Ordumuzun peşəkarlığını daha da artırıb. 2003-cü ildən etibarən NATO Bakıdakı yay məktəbinin maliyyələşdirilməsində iştirak edir. İldən-ilə proqramların əhatə dairəsi genişlənmiş və 2005-ci ildə Azərbaycanda NATO-nun Beynəlxalq məktəbi yaradılmışdır.
Xarici ölkələrlə, Avroatlantik strukturlarla, beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərin müdafiə sənayesi kompleksləri ilə birtərəfli, ikitərəfli və çoxtərəfli əməkdaşlıq beynəlxalq hərbi strategiyanın əsas istiqamətlərindəndir. Bu gün Azərbaycan NATO bloku, qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və s. ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir.
Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyə Respublikasıdır. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, ümumən bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 44 günlük müharibədə Azərbaycan Ordusunun əldə etdiyi Qarabağ zəfəriylə Cənubi Qafqazda yaranan yeni geopolitik mənzərəsinin təhlili iki qardaş və dost dövlətin hərbi əməkdaşlığının rolunu və əhəmiyyətini bir daha ortaya qoyur.
2021-ci il İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə tarixi səfərləri və burada imzaladıqları Şuşa Bəyannaməsi Azərbaycanın hərbi qüdrətinin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bəyannamədə iki qardaş ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər öz əksini tapıb.
Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.
Dilqəm Əlirzayev
Nizami rayonu 70 saylı məktəb-liseyin direktor müavini,
Qarabağ veteranı, ehtiyatda olan leytenant