Xalqa arxalanan Dahi Rəhbər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

1993-cü il may-iyun aylarında Azərbaycan olduqca mürəkkəb vəziyyətlərlə üzləşmişdi, ölkə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir zamanda xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə rəhbərlik edən qüvvələrin özləri də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Xalqın çağırışlarına cavab olaraq Ulu Öndər iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-i ölkəmizin siyasi həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb gəlişmələrlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı səmərəli addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
1993-cü il iyun ayının 17-dən 18-ə keçən gecə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin Bakını tərk edərək Naxçıvanın Kələki kəndinə getməsi ilə əlaqədar respublikada siyasi vəziyyət daha da gərginləşdi. Ulu Öndər böyük çətinlik qarşısında qalmasına baxmayaraq, təmkinlə, beynəlxalq hüquq normalarına və Konstitusiyaya uyğun hərəkət edərək respublikada vəziyyətin normallaşdırılması naminə bir sıra addımlar atdı, Əbülfəz Elçibəyin Bakıya qayıtması üçün böyük səylər göstərdi. Lakin heç vəchlə onun qayıdışı baş tutmadı, belə bir vəziyyətdə Milli Məclisin 15-16 iyun tarixli iclaslarında deputatlar Əbülfəz Elçibəyə etimadsızlıq göstərilməsi haqqında məsələ qaldırdılar. İyun ayının  23-də Prezident öz səlahiyyətlərinin əksər hissəsinin Ali Sovetin Sədrinə verilməsi barədə fərman imzaladı. Milli Məclis iyun ayının 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin səlahiyyətlərinin hamısının Ali Sovetin Sədrinə verilməsi haqqında qərar qəbul etdi. Bu tarixi qərar artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsində tabe edilməsi demək idi.
AXC-Müsavat hakimiyyətinin naşı və yarıtmaz fəaliyyəti nəticəsində ictimai həyatın
müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların özbaşınalığına, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə gətirib çıxarmışdı. 1993-cü ilin yayında Azərbaycan Respublikasının cənub rayonlarında Əlikram Hümbətovun başçılığı ilə həyata keçirilən cinayət xarakterli proseslər onsuz da gərgin olan ictimai-siyasi vəziyyəti daha da gərginləşdirmişdi. Avqustun 6-da Lənkəranda qondarma “Talış-Muğan respublikası” ilə əlaqədar qurultay keçirildi və “Talış-Muğan respublikası”nın yaradılması haqqında əsassız qərar qəbul edildi. Əlikram Hümbətov özünü “prezident” elan etdi. Heydər Əliyevlə dəfələrlə görüşən Əlikram Hümbətov iddialı tələblər irəli sürürdü. 1993-cü ilin yayında Azərbaycanın ərazi bütövlüyünün saxlanılması, parçalanmanın qarşısının alınması üçün böyük siyasi-hərbi iş aparıldı. Cənubda Əlikram Hümbətovun elan etdiyi qondarma “Talış-Muğan respublikası” xülyasının, Azərbaycanın parçalanmasının qarşısı qətiyyətlə alındı. Azərbaycanın cənub hissəsində hakimiyyət bərpa edildi. Heydər Əliyevin siyasi, hərbi təşkilatçılığı nəticəsində 16-17 avqust 1993-cü il tarixdə Azərbaycan Ali Sovetinin respublika
zəhmətkeşləri nümayəndələrinin iştirakı ilə keçirilən geniş iclasında Ə.Hümbətovun Azərbaycanı parçalamaq fəaliyyətinə siyasi, hüquqi qiymət verildi. Təşkilatçılar,cinayətkar  qrup aşkar edilib həbs olundular.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Beləliklə, Azərbaycanı parçalamaq, forposta çevirmək və öz korporativ maraqları əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda Ulu Öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular.
Heydər Əliyev Azərbaycanın ən yeni tarixini yazan və yaradan dahi şəxsiyyət, müdrik rəhbər və görkəmli dövlət xadimidir. Müstəqil Azərbaycanımızın varlığı onun adı, misilsiz xidmətləri və həyata keçirdiyi uzaqgörən siyasəti ilə bağlıdır. Heydər Əliyev dövlətimizin xilaskarı, müstəqilliyimizin qarantı, uğurlarımızın və qələbələrimizin baş memarıdır.
Bütün həyatını xalqa sədaqətlə xidmət etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı da Ulu Öndərdən heç vaxt dəstəyini əsirgəməmişdir.

Məhi Mehtiyev
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid ailələri İctimai Birliyinin
Nizami rayon Filialının sədri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR