Azərbaycan-Türkiyə dostluğunun yeni mərhələsi
2021-ci il iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri zamanı burada Azərbaycan Respublikasının Prezident İlham Əliyevlə birlikdə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannamə imzalanmışdır. Rəmzi “Şuşa Bəyannaməsi” kimi tarixə düşən bu sənəd Azərbaycan-Türkiyə dostluğunun yeni mərhələsini qoydu. Bölgə miqyasında böyük siyasi hadisəyə çevrilən Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya bəyan etdi. Bu sənədin Şuşa şəhərində imzalanması özlüyündə böyük siyasi və rəmzi məna daşıyır. Bəyannəmə eyni zamanda işğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqidi, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücayəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə-şanlı Zəfər Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Müharibənin ilk günlərindən Azərbaycana Türkiyə Respublikası tərəfindən göstərilən böyük dəstək müharibədən sonra da davam etdirilir. Məhz Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.
Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının ölkələrimizin birliyini nümayiş etdirdiyini diqqətə çatdırıb. Onun qənaətinə görə, Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Bu sənəd, həm də çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bəyannamə bölgədə inteqrasiya proseslərini də stimullaşdırır və əhatəli sülhə yol açır.
Bəyannamə Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaqdır.
Yəhya Ağayev
Nizami rayon Əmək, Müharibə və Silahlı qüvvələr veteranları birliyinin sədri