Milli qurtuluşdan başlanan yol

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcı sayılan Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinə başladığı 15 iyun tarixində müstəqil Azərbaycan dövlətinin və xalqının tarixində tamamilə yeni bir dövrə qədəm qoyuldu. Bu, müasir müstəqil milli dövlətin və dövlətçiliyin xilası və onun möhkəm əsaslarla qurulmasının başlanması dövrüdür. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışından sonra zəngin dövlətçilik təcrübəsinə və ümummilli maraqlara əsaslanaraq ölkəmizi siyasi böhrandan xilas etdi, müstəqilliyimizin məhv olmasının, ölkəmizin parçalanmasının,  daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısını böyük məharətlə aldı, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirdi. Həmin dövrdə həyata keçirilən sosial-iqtisadi və siyasi tədbirlər xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

Milli Qurtuluş Günündən başlayan böyük siyasi kurs Azərbaycan Prezidenti cənab  İlham Əliyev tərəfindən çox uğurla davam etdirildi, müasir, demokratik, müstəqil Azərbaycan quruldu.

Bu gün ölkəmiz özünün ən güclü və parlaq dövrünü yaşayır. Milli qurtuluş ideologiyasından qaynaqlanan böyük siyasi kurs müstəqil respublikamızın davamlı inkişafında özünü bütün sahələrdə büruzə verir. Cənab Prezidentimizin titanik fəaliyyəti və gələcəyə hesablanmış siyasəti nəticəsində  ölkəmiz Avroatlantik məkanda mühüm  strateji  mərkəzə, Cənubi Qafqaz regionunun  liderinə,  sürətlə  tərəqqi  edən, transmilli layihələri  reallaşdıran və mötəbər beynəlxalq tədbirlərə  ev sahibliyi edən qüdrətli dövlətə çevrilib.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti   və müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, şanlı Zəfərlə ölkəmiz öz gücünü və qüdrətini, dünyada artan nüfuzunu nümayiş etdirdi.

Bu gün işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq və yenidənqurma işləri aparılır, iri infrastruktur layihələrin icrası həyata keçirilir. Şanlı Zəfərin təntənəsinə – “Böyük qayıdış”a uğurla start verilib.

Ölkəmizdə aparılan böyük islahatların həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, təbliğində Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır və bu gün cənab Prezidentin ən yaxın silahdaşı kimi ölkəmizin birinci xanımı çoxşaxəli fəaliyyəti ilə xalqımızın xoşbəxt gələcəyi naminə misilsiz və tarixi işlərə imza atır.
Böyük Qurtuluşdan şanlı Zəfərə gedən yolda tarixi sınaqlardan öz milli qürurunu və möhtəşəmliyini qoruyaraq şərəflə çıxan Azərbaycan dünya siyasi arenasında daha böyük zirvələrə doğru mətin addımlarla irəliləyir.

Nurlan Hüseynov                  
Nizami rayon sakini, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR