Azərbaycanda yenilənən enerji layihələri uğurla həyata keçirilir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bizim gündəlikdə duran növbəti planımız yenilənən enerjidir və artıq bu sahədə işlər görülür. Bu sahədə Azərbaycan çox gözəl nəticələr nümayiş etdirir”

İlham Əliyev

 

Xəzər regionunun enerji sektorunda ən böyük tədbirlərdən sayılan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 1 iyun tarixində keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etmiş, Azərbaycanın enerji siyasəti ilə bağlı görülmüş işləri və əsas hədəfləri açıqlamışdır. Bir sıra qlobal məsələlərə toxunan İlham Əliyev Azərbaycanın yeni hədəfləri içərisində yenilənən enerji layihələrini önə çəkmişdir.

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratmışdır.

Bu sahədə görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir.

Ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilmişdir. Son illərdə sahə üzrə görülən işlər davam etdirilmiş və bərpa olunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu təsdiq edilmişdir.

Gələcəyin enerji təminatında alternativ enerji mənbələrindən istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz külək və günəş enerjisinin istehsalı üçün geniş mənbələrə malikdir. Bu da alternativ enerjidən daha geniş istifadə etmək üçün böyük imkanlar yaradır.

27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin gündəliyində “Yaşıl gündəlik” təsdiq edilib və Azərbaycanın işğaldan azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan edilib.

Prezident İlham Əliyev Azərbaycanın dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlığ etdiklərini vurğulayıb. Hazırda biri günəş, digəri isə külək olmaqla iki elektrik stansiyası inşa olunur. Onların birgə istehsal gücü 470 meqavatdır. Hazırda yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar aparılır.

Həm Xəzər dənizinin nəhəng potensialı, həm də işğaldan azad olunmuş ərazilər, xüsusilə də Laçın və Kəlbəcər rayonlarının potensialları böyük investorların marağını cəlb etməkdədir. Hazırda bu məsələlər hökumət tərəfindən ciddi şəkildə nəzərdən keçirilir.

Bərpaolunan enerjiyə nə qədər çox sərmayə qoyularsa, bir o qədər də qaza qənaət ediləcək və bu da qaz ixracatının artırılmasına səbəb olacaqdır. Bu, dövlətin əsas hədəflərindən biridir.

Azərbaycanın yeni enerji siyasəti yenilənən enerji mənbələrindən daha səmərəli istifadə edilməsini və bununla bağlı yeni layıhələrin həyata keçirilməsini tələb edir.

Fidan Cəfərzadə,

  Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisi

 

 

 

 

 

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR