Güllü Yoloğlu: TAİB-in fəaliyyəti daha da genişlənməlidir”
Türk Ağsaqqalları Birliyinin KİV və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şərafət Şəfa bu gün TAİB-in üzvü Dünya Türkologiya Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi və televiziya aparıcısı Güllü xanım Yoloğlunun qonağı olub.
Güllü Yoloğlu və Şərafət Şəfa TAİB-in gördüyü işlər, gələcək planlar və fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Güllü Yoloğlu bildirib ki, TAİB yarandığı az vaxtda böyük işlər görüb. Bundan sonrakı fəaliyyətində biz də fəal iştirakçı olaraq gücümüzü ortaya qoyacağıq.
Güllü Yoloğlu dünya türkləri, onların folkloru və etnoqrafik materialları, dinləri ilə bağlı Türk Dünyasının müxtəlif yerlərindəki universitetlərdə konfranslar təşkil etmişdir. Xakasiya, Tıva, Altay,Qarakalpakstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran, İraq, Makedoniya, Türkiyə, KKTC, Rumıniya, Moldova və digər ölkələrdə 50-dən çox elmi simpoziumlarda, qurultay və konfranslarda iştirak etmişdir. Mərkəzi Ankarada yerləşən Türk Dünyası Qadınlar Birliyinin keçirdiyi qurultayların nümayəndəsi, İraqın Erbil şəhərində keçirilən II Türkman Qurultayının iştirakçısı olmuşdur.
O, Ankarada çıxan “Türk Dünyası Ədəbiyyatı” 30 cildliyində Sibir türkləri ilə bağlı materialları ilə müəlliflər sırasında yer alır. Güllü Yoloğlu həm də “Kitab-i Dədə Qorqud” ensiklopediyası ikicildliyinin müəlliflərindən biridir.
Qaqauz türkləri barədə araşdırma aparan Azərbaycan alimlərindən biridir, onun bu istiqamətdə elmi fəaliyyətinin əsas dövrü Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf edir .
2012-ci ildə yaradılan “Heydər Əliyev və Kitabi-Dədə Qorqud” filminin ssenari müəllifidir.
Qeyd edək ki, Güllü Yoloğlu yarandığı gündən TAİB-in üzvləri sırasındadır.