Türk Ağsaqqalları Birliyinin sədri və təşkilat komitəsinin üzvləri Naxçıvan Dövlət Universitetində olublar.
Agsaqqallar.com xəbər verir ki, diplomatiya kabinəsində keçirilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev rəhbərlik etdiyi universitetin 55 illik tarixi inkişaf yolu, maddi-texniki bazası, müasir tədris üsulları haqqında danışıb.
Qeyd edilib ki, universitetdə 8000-dən artıq tələbənin təhsili ilə 1000-ə yaxın akademik heyət məşğul olur. Əcnəbi tələbələrin sayca üstünlüyü ilə ölkə universitetləri sırasında öncüllüyünü qoruyan ali təhsil ocağında 10 ölkədən 1500 tələbə təhsil alır.
Rektor universitetin beynəlxalq əlaqələri, xarici ölkə universitetləri ilə bağladığı müqavilələr, qardaş Türkiyə universitetləri ilə ikili diplom layihələrinin mövcudluğu haqqında ətraflı məlumat verib.
Ali təhsil ocağının qazandığı elmi nailiyyətləri diqqətə çatdıran Elbrus İsayev universitetdə ingilisdilli ixtisasların fəaliyyətindən söz açıb, elektron təhsil şəbəkəsini quran ilk universitet kimi ali təhsil ocağında hibrid təhsil metodunun uğurla tətbiq edildiyini bildirib. Diqqətə çatdırıb ki, Britaniya Şurasının universitetdə açdığı İELTS qeydiyyat və imtahan mərkəzinin fəaliyyətə başlaması ali təhsil ocağının qazandığı nailiyyətlərdəndir. Mərkəzin ilk imtahanı bu ilin iyun ayında keçiriləcək.
Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev təhsilin və tədrisin yüksək səviyyədə təşkilindən, mövcud kadr potensialından razılığını ifadə edib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu universitetin 55 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, ali təhsil ocağının inkişaf perspektivləri ilə bağlı müəyyən məqamlara toxunub, təklif və tövsiyələrini bildirib.
Türk Ağsaqqalları Birliyinin təşkilat komitəsinin üzvü Eyvaz Hümbətov, Jurnalist Eksperr Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu, TAİB-in aparat rəhbəri, “Missiya Media Qrupu”nun baş redaktoru Nicat Dağlar universitet haqqında xoş təəssüratlarını bölüşüb, görülən işlərin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, ali təhsil ocağında mövcud hərtərəfli şərait tələbələrə yüksək təhsil almaq imkanı yaradır.
Sonda Sudeif İmamverdiyev universitetin xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, Türk Ağsaqqallar Birliyinin sədri Sudeyif İmamverdiyevin, millət vəkili Hikmət Babaoğlunun, Missiya Media Qrupunun baş redaktoru Nicat Dağların, AzTV–nin sabiü əməkdaş, tanınmış jurnalist Akif Cabbarovun və Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlunun iştirakı ilə universitetin müvafiq fakultələrində ustad dərsləri də təşkil edilib.