Vətəni və şəhidləri qarşısında borcunu ləyaqətlə ödəyən Cəlal Qurbanov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Böyük düha Albert Eynşteyn deyir ki, ancaq başqaları üçün yaşanılan həyat, yaşamağa dəyər həyatdır.

“Vətəni sevmək insan daxilində kök salmış elə bir xüsusiyyətdir ki, insan orada rahatlıq tapır, uzaq olduğunda darıxır, düşmən soxulduqda müdafiəyə qalxır və qəzəb püskürür. Bu hiss – vətənpərvərlik hissi gözəl əməl, ülvi bir hissdir. İnsan vətənini tərk etməyə nə qədər məcbur olsa belə, yenə də vətən həsrəti, yurd sevgisilə yaşayır. Özünü ona borclu bilir və canından belə keçməyə hazır olur!
Heç bir qiymətli əsər təsadüfən meydana gəlmir. Hər bir dəyərli əsərin öz ərsəyə gəlmə, həyata vəsiqə qazanma tarixçəsi var. Eləcə də, Cəlal Qurbanovun “Qarabağın səsi” əsəri! Bu əsər mühüm hadisə və prosesləri, Qarabağ müharibəsinin dəhşətlərini öz gözləri ilə görmüş bir gəncin Vətən balladasıdır”.

Bu parça illər öncə dəyərli qardaşımız, tanınmış şair Cəlal Qurbanov barədə yazdığım yazıdandı. Onu ilk tanıdığımda gəncliyin əxlaq etalonunu görmüşdüm qarşımda. Böyük bir vətənpərvərlik məktəbinin yetirməsidi Cəlal Qurbanov.  Əxlaq nizamının ilahi mənşəli olmasıyla yanaşı, poetik ruhun duyğular kulminasiyasında idi yaşamı. Bu bakir duyğuların fonunda böyük əsərlər yaratmağa qabildi düşüncəsi, ürəyi. Yaradırdı da! Hələ lap gənc yaşından Qarabağ hadisələrinin şahidi kimi kiçik vücudunda gəzdirdiyi böyük ürəyində böyük də ağrıya dönmüşdü Qarabağ. Bu ağrının hayqırtısıyla böyüyən Cəlal bütün türk dünyasına şeirlə səslənirdi:

Ey Türk oğlu!
Orada səni səsləyən var,
gözləyən var,
sənə ümid bəsləyən var.
Qalx ayağa!
Birdəfəlik de sözünü,
darda qalan Qarabağın

qoyma yolda sən gözünü”.

Cəbhələrə yol açan qədəmlərini qətiyyətlə atdı. Bilirdi ki, bir gün mütləq o yurdları qarış-qarış gəzəcək. Gəzdi də… Amma tanıdığı, bildiyi dost-qardaşlarının, dəmir yumruqlu, şir biləkli oğulların şəhadətində azad oldu Qarabağ. Müharibənin hər anını böyük həyəcanla izləyən arxa cəbhə qəhrəmanı ön cəbhədən gələn hər sevincli xəbəri, yurdların işğaldan azad olunmasını hamı kimi coşğuyla qarşıladı. Səngərlərə qanadlandı. 44 günlük müharibənin Xarı bülbülünü  birlik rəmzi kimi əzizlədi, bağrına basdı. Şəhadətə yüksələnlərə, əzalarını Vətən yolunda qurban verənlərə onları heç zaman unutmayacağına söz verdi. Və bu sözünü tutmaq üçün daha böyük layihələrə, daha böyük işlərə imza atdı. “Fire Land Production”  yarandığı gündən Vətən səsi olmuşdu. Nəğmələrdə, şeirlərdə, görüşlərdə, hər şeydə..

Cəlal Qurbanov öz missiyasını yerinə yetirmək üçün yenidən böyük bir layihəyə start verdi. “Mənim atam qəhrəmandır!”, “Mənim oğlum qəhrəmandır!” layihəsi çərçivəsində bütün şəhid analarına, bütün şəhid övladlarına, qazi-veteranlara sevgisini əta etdi.

Cəlal Qurbanovun vətənpərvərliyi, yurd sevdası könüllərin fəthi oldu. Onu tanıyan hər kəsin sevimlisinə çevirdi onu. Bu gün də bu layihələr Müdafiə Nazirliyinin dəstəyi ilə davam etməkdədir. Bütün önəmli günlərdə, bayramlarda şəhid ailələrini, qaziləri bir ailə kimi bir yerə toplayan Cəlal Qurbanov hər tədbirində daha çox diqqətli olmağa çalışır, hər birinə qayğı ilə yanaşır.

Bu günlərdə yenə də möhtəşəm bir tədbirin həm iştirakçısı, həm şahidi oldum. Köksüm fərəhdən qabardı. Bu möhtəşəmliyi ancaq Cəlal kimi sayğıdəyər oğullar yarada bilir.

Müdafiə Nazirliyinin dəstəyi, “Fire Land Production” və Azman Holdinqin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi üçün nəzərdə tutulmuş “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” adlı silsilə layihələrin davamı kimi şəhid yaxınları, dövlət rəsmiləri, ictimai xadimlər və incəsənət nümayəndələrinin iştirak etdiyi Ramazan tədbiri keçirildi.

Bu tədbirin özəlliyi onda idi ki, burda şəhid anaları övladlarının ruhuna ehsan halvasını öz əlləri ilə hazırladılar. Həmişə olduğu kimi yenə də anaların başında şəhid general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin anaları idi.

Ölkənin taınmış simalarının, dəyərli ağsaqqallarının, ədiblərin, sənətkarların, mətbuat nümayəndələrinin toplaşdığı bu böyük mərasim unudulmaz anlarla yaddaşa yazıldı.

Çıxışlarında Şəhid və qazilərimizə öz məhəbbətlərini bildirənlər, Cəlal Qurbanova da minnətdarlıqlarını ifadə etdilər.

“Cənab Prezidentin, Ali Baş Komandanın əmri, siyasi iradəsi və dövlətçilik məqsədlərinin izi ilə bu yolu gedirik. Və əslində Vətən və onun şəhidləri qarşısında borcumuzu ödəyirik. Bizim borcumuz onları unutdurmamaqdır, gələcək nəslə örnək olaraq xatirələrini yaşatmaqdır. Şəhid yaxınlarına təsəlli olmaq, sonsuz minnətdarlıq hissimizi ifadə etməkdir. Bu Vətən üçün heç bir can boşa gedə bilməz və getmədi də… Onlar Vətəni öz ruhları ilə yoğurublar. Biz də ailələrimizlə bərabər onların yaxınlarını sevilən, firavan Vətəndə yaşatmaq üçün əlimizdən gələni edəcəyik, etməliyik… Şəhidlərimiz hər zaman yad ediləcək, şəhid doğmaları heç bir bayramda unudulmayacaqlar! İndiyə kimi “Mənim atam qəhrəmandır” və “ Mənim oğlum qəhrəmandır” layihələrinə dəstək verən Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir Həsənov və Daxili İşlər Naziri Vilayət Eyvazova dərin təşəkkürümü bildirirəm”-deyən layihə rəhbəri Cəlal Qurbanova sadəcə “Əhsən sənə, belə OĞUL! Ömrün gəncliyə örnəkdi!”- deyirəm!

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Sevgi və ehtiramla,

Şərafət Şəfa

 

 

 

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR