MEK-də “Bu dünyanın Həsənağası” adlı kitabın və eyniadlı sənədli filmin təqdimatı keçirilib – FOTOLAR
Martın 9-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş Həsənağa Şakir oğlu Abdullazadəyə həsr olunan “Bu dünyanın Həsənağası” kitabının və eyniadlı sənədli filmin təqdimatı keçirilib.
Öncə şəhidin ailə üzvləri, dostları, yaxınları, ictimaiyyət nümayəndələri, eləcə də MEK rəhbərliyi və əməkdaşları onun mövludu günündə dəfn olunduğu II Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
Daha sonra tədbir Mərkəzi Elmi Kitabxanada davam etdirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxışı zamanı torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin xatirəsinin, ölkənin hər yerində olduğu kimi, MEK-də də əziz tutulduğunu, adlarının əbədiləşdirilməsi üçün Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondunun fəaliyyət göstərdiyini nəzərə çatdırıb. “Cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu fondda I Qarabağ, Aprel və Tovuz döyüşləri, o cümlədən Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş igid oğullarımız haqqında yazılan monoqrafiyalar, kitablar, sənədlər sistemli şəkildə toplanaraq gələcək nəsillərə miras kimi ötürüləcək” – deyə baş direktor vurğulayıb.
Tədbirdə çıxış edən şəhid Həsənağa Abdullazadənin anası Səmilə Abdullayeva oğlunun doğulduğu gündən şəhidlik anına kimi, keçdiyi həyat yolunu, Vətənə bağlılığını, xidmət və döyüş yoldaşlarının fikirlərini, oğlunun nəşinin 112 gün erməni əsirliyində qaldığı zaman bir ananın keçirdiyi hissləri qələmə alaraq, kitab şəklində ərsəyə gətirib. Bu işdə əməyi olanlara təşəkkürünü ifadə edən Cəmilə xanım, oğlu ilə bağlı xatirələrini bölüşüb: “Məni həyata bağlayan onun adını yaşatmaq üçün yaşamaqdır. Mənim həyat meyarım da budur”.
Tədbirdə iştirak edən millət vəkilləri Vüqar İskəndərov, Razi Nurullayev çıxışları zamanı qeyd ediblər ki, Vətən müharibəsində şəhadətləri ilə ən ali mərtəbəyə ucalaraq qəhrəmanlıq simvoluna çevrilən və adları əbədi tarixə həkk olunan igid oğullardan biri də Həsənağadır. Millət vəkilləri şəhid valideynlərinə, qazilərə göstərilən dövlət dəstəyindən danışıb, onları tarixdə yaşatmağın hər bir vətəndaşımızın mənəvi borcu olduğunu xüsusi qeyd ediblər.
Tədbirdə şəhid anaları, Suraxanı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov və digər qonaqların çıxışları dinlənilib. Şəhidlər haqqında 11 kitabın müəllifi şairə Esmira Günəş şəhid Həsənağa Abdullazadəyə həsr etdiyi şeiri səsləndirib.
Sənədli filmin rejissoru, hərbi jurnalist Teymur Zahidoğlu şəhidlər ölmür prinsipi əsasında şəhidimizin müəllimləri, xidmət və döyüş yoldaşlarının fikirlərinin yer aldığı, əsas mövzusu vətənpərvərlik üzərində qurulan sənədli filmi ərsəyə gətirdiklərini qeyd edib: “Çəkiliş zamanı gənc oğlanın özü haqqında yüksək rəy formalaşdırmağı filmin yaradıcı kollektivini də məftun etmişdir”.
Sonra sənədli film nümayiş olunub, həmçinin şəhid Həsənağa Abdullazadənin şəkilləri, medal və ordenlərinin yer aldığı stendlərə baxış keçirilib.
Tədbir iştirakçıları, həmçinin MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olub, şəhidin ailə üzvləri “Bu dünyanın Həsənağası” adlı kitabı fonda hədiyyə ediblər.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi