Tacir Səmimi:”BU HƏYAT BELƏCƏ NAĞILDI, NAĞIL…”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Aramızda cəmi iki yaş fərqi vardı, yəni mən səndən iki yaş böyükdüm. Sən Ağbaba-Şörəyelin Oxçoğlu kəndində bir yaz günündə doğulmuşdun. Evin böyük oğlu olduğundan səni çox istəyənlər az deyildi. Bəlkə də yazda dünyaya gəldi­yin­dən belə sevimli idin, hamının rəğbətini qazanmışdın?! Bilmirəm, bircə onu bili­rəm ki, mülayım xasiyyətin, boy-buxunun, gülər üzün hər kəsdə xoş təəssürat yara­dırdı. Təkcə bunlardımı səni insanlara sevdirən?! Xeyr, xeyirxahlığın, kim olur-ol­sun adamlara qarşı laqeyd olmamağın, hallallığa, həqiqətə tapınmağın səni el-obada da, adamlar arasında da hörmət-izzət sahibi etmişdi. Adətən, mən Oxçoğ­lu­ya tez-tez gəlib-gedərdim. Odur ki, səninlə də, qardaşın Camaləddinlə də görüşər, Ağca xalamın, İbarhim dayımın, Əziz dayımın yanına gedər, onların dizinin dibini kəsdirərdim. Sən də yanımda oturub onların şirin söhbətinə həvəslə qulaq asardın. Arada bir zarafatla Ağca xalama deyərdin:

– Ay ana, bu necə işdir, həmişə Tacir gələndə bayatı deyirsən, amma özgə vaxt bundan heç söz salmırsan?

Ağca xalam da zarafata zarafatla cavab verərdi:

– Ay oğul, qadan alım, sözdü deyirəm da. Ha indi deyim, ha bundan sonra… İkinizin yanında deyəndə xoşuma gəlir.

Sonra nə düşünürdüsə bayatını bayatıya calayardı:

 

Dərədə mal mələdi,

Dili yox, lal mələdi.

İtirmişəm yolumu,

Mənə bir yol bələdi.

 

Dağda boran oldumu?

Əsdi boran oldumu.

İtirmişəm yarımı,

Onu görən oldumu?

 

Ürəyimdə yara var,

Bənək-bənək yara var.

Aç ürəyimin başını,

Gör yanmamış hara var.

 

İbrahim dayım Qumru xanımdan, Qumru qalasından, Oxçuoğlu əfsanəsindən danışıb deyərdi:

– Ay bala, sən get bunları Əziz dayından xəbər al, İbrahim dayının bildiyi elə bu qədərdi.

Adət etmişdik, Oxçoğluda bərabər gəzib dolaşardıq. Deyərdim:

– Ay Nurəddin, görəsən Cəbrayıl dayı kənddədirmi?

– Kənddədir.

– İşim var, deyirəm bəlkə Əzizə xanım gəlib?

– Düz deyirsən Əzizə xanım həmişə onların evinə gəlir.

– Əzizə xanımın qardaşı Əhməd əmi vaxtilə Cəbrayıl dayının atası ilə bərabər sürgündə olublar. Orda dostlaşıblar, bir-birini yaxşı tanıyıblar, bu dostluq indi də davam edir.

– Belə de.

Sən də bizim kəndə – Təzə İbişə gələr, gələn kimi dayımın damına (dayım ema­latxanasına dam deyərdi) keçər, onunla görüşərdin:

– Aqa, səni xoş gördük.

Qucaqlaşardınız. Bəli, dayım da, yəni Usta Məcid də səni çox istəyərdi.

…Sonralar çox şey dəyişdi, didərginlik, yurd itkisi hərəni bir tərəfə atdı, sə­nin­lə görüşlərimiz azaldı, Nurəddin. Amma nə üzünün nuru, nə qəlbindəki səmimiy­yət, nə könlündəki zənginlik dəyişmədi – elə Nurəddin Oxçoğlu kimi qaldı.

…Yaşımız keçdi, neçə aylar, illər ötdü, saç ağardı, üz qırışdı-bu yaşlılıqdı de­dik, arada bir könlün istəyəni, yəni Oxçoğlunu da dilə gətirdin:

 

Çeşmələrin dürr tökülən gözündən,

Əfsanəvi gözəllərin sözündən,

Yazmaq üçün Oxçoğlunun özündən,

Gəzməkçün düzündə zamanım olsun.

 

Bu pandemiya da əlaqələrimizin zəifləməsinə təsir etdi. Görüşlərimiz seyrəl­di, əlaqələrimiz zəiflədi.

…Bir gün bir qara xəbər mənim içimi titrətdi. Dedilər Nurəddin Oxçoğlu haqq dünyasına qovuşub. Qəhərləndim də, gözlərimdən yaş ələndi də. Yadıma həyat haq­qında dediyin sözlər düşdü:

 

Düz sözün ləzzəti damaqda qalar,

Yalan söz qızarmış yanaqda qalar.

Pis günlər sökülmüş yamaqda qalar,

Bu həyat beləcə nağıldı, nağıl.

 

Qocalıq evinin zəngini basdım,

Ürəyin nə dedi, mən qulaq asdım.

Doğrunu vəsf etdim, düzünü yazdım,

Bu həyat beləcə nağıldı, nağıl.

 

Ömür bala-bala xərclənib gedir,

Gizli göz yaşlarım qəlbimi didir.

Fəsillər dəyişir, dərd qübar edir,

Bu həyat beləcə nağıldı, nağıl.

 

Qardaş, doğrudan da, sən nağıllı bir həyat yaşadın, dediyim kimi, bu həyat be­ləcə nağıldı, nağıl. Torpağın yumşaq olsun, qəbrin nurla dolsun, Nurəddin Ox­çoğ­lu.

 

Tacir SƏMİMİ

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR