Tacir Səmimi:”BAĞBAN RAHİM”-Müsahibə…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dostlarla görüşmək, hal-əhval tutmaq adama xoş təsir bağışlayır, ovqa­tını, əhvalını düzəldir, qəlbini sevinclə doldurur. Bu səmimiyyət hər kəsin könlünü qanadlandırır, ürəyindəki sarı simi dilləndirir. Mən də dostlarla görüşəndə səmimi hissləri keçirir, dərddən-qəmdən silkinirəm, əhvalım yaxşı olur. Sözüm onda yox, bu yaxın günlərdə dostum Raminlə görüşdüm, xeyli vaxt olardı ki, görüşə bilmir, arada bir telefonla “salam, sağ ol” eləyirdik. Hə, dostumun gəlişi məni sevindirdi. Baxdım yanında gülər üzlü, xoş ovqatlı bir nəfər də var. Dostum onu mənə təqdim etdi:

– Tanış ol, müəllim, bu, Bağban Rahimdi. Öz işinin ustası, sənəti ilə şöhrət ta­pan bağbanlardandı. Əslən Ordubaddandı.

– Çox şad oldum.

Bu tanışlıq yadıma ötənləri-keçənləri saldı, tələbəlik illərində Ordubada getdi­yi­­mi, o unudulmaz günləri xatırladım. Ordakı adamların qonaqpərvərliyi, tarixi bi­na­­lar, kəhrizlər, Ordubad xörəkləri, adət-ənənələr, yaddaşımda iz salan xatiratlar da­­ma­ğıma dad verdi. Rəhmətlik iş yoldaşım şair-alim Nizami Muradoğlunu da xatır­la­dım. Rahim bəy də onu anıb qəni-qəni rəhmət dilədi. Mənim sual dolu ba­xışlarım Rahim bəyə yönəldiyindən o, mənə baxıb dedi:

– Müəllim, sözlü adama oxşayırsan. Nə deyəcəksən de.

– Məni Ordubad torpağı maraqlandırır. Elə bu yer, bu yerin meyvələri haqqın­da, özün barədə danışsan çox razı qalaram.

Müsahibim nə düşündüsə bir mənə, bir də qarşısında oturan Raminə baxıb gü­lümsündü:

– Ordubad meyvələri bütün dünyada dadı, tamı ilə şöhrət tapıb, Şərqin qədim­lərdən meyvəçilik inkişaf edən bölgələrindəndir. Ordubadın meyvələrinin dadı, qeyri-adiliyi onun münbit torpağı ilə sıx bağlıdır. Çünki bu torpaq bütün kimyəvi elementlərlə zəngindir. Eyni zamanda Ordubadın suyu da kifayət qədər boldur. Bitkilər, meyvələr üçün su da böyük əhəmiyyətə malikdir. Ordubadın suyu Züvar arxı deyilən arxla bağlıdır, bu çayın bir hissəsi Ermənistana – bizim dağların o biri tərəfinə qədər uzanır. Səhv etmirəmsə, orda Buxçar deyilən bir pir də var. Deyi­lənə görə orada İmam Museyi-Kazımın qardaşının qəbri var.

Ordubadın özündə də 50-60 kəhriz var. Bu yerin havası da gözəldir. Deyi­lən­lərə görə, canlılar, insanlar əsasən dörd ünsürdən (torpaq, su, hava, od) yaranmış­dır. Torpaq işarətli olanlar torpağa bağlı olurlar.

Atamın da bağ-bağata marağı olub, o, rəssam olub. Atam Mehdi Hüseynzadə ilə bir yerdə oxuyub, onun maraqlı şəkilləri var. Çox cavan yaşlarında –1976-ci il­də vəfat edib.

Məndə bağbanlığa həvəs hələ lap uşaq yaşlarımdan olub. Elə bu məqsədlə də Bakı Plan-uçot texnikumunun kənd təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirmişəm. Özümün də bağı var, burada müxtəlif meyvə ağacları salmı­şam. Onu da deyim ki, Ordubadda əvvəllər də müxtəlif meyvə bağları olub. Məsə­lən, Ərbab adlı bir varlı kişinin bağları varmış. Deyilənə görə, bu kişi ipək fabriki­nin müdiri işləyib.

Ordubadın ərik, şaftalı, heyva bağları xüsusilə şöhrət tapmışdır. Ordubadın əriyi, şaftalısı, heyvası və limonu hər yanda yüksək qiymətləndirilir. Buranın iqlimi sərtdir, buna baxmayaraq, nar, əncir, xurma və digər meyvələr də yetişdirmək olur, sadəcə, onların bu iqlimə uyğun növləri faydalıdır.

Mən öz peşəmi çox sevirəm. Sənətə, peşəyə sevgi və həvəs olmasa onun us­tası olmaq, onu davam etdirmək olmaz. Torpağın, bitkilərin sirlərini bil­mək, onlara qulluq etmək, lazım olan işləri vaxtında görmək həmişə adama fayda verir. Gördü­yün işdən zövq almadınsa o iş xeyir verməz. Dədə-babalarımız boşuna de­mə­yiblər: “Torpaq deyər, öldür məni, dirildim səni”.

Mən də işimi zövqlə görürəm, uzun illərdir bağbanlıqla məşğulam, bu sevgi mənə “Qədim Ordubadın nadir meyvələri”ni yazdırıb, bu kitabı çap etdirməkdə məq­sədim Ordubadın meyvələri haqqında ətraflı məlumat və bilgi verməkdir.

Mən öküz ilində anadan olmuşam, bürcüm buğa bürcüdür. Öküz ili özündə üç cəhəti birləşdirir: ailə, iş, vətən. Bunun üçü də məndə qüvvətlidir. Öküz ili də, buğa bürcü də torpaq işarəsi altındadır.

Lap qədimlərdən Ordubadın əriyi, şaftalısı, heyvası hər tərəfdə yüksək qiy­mət­­lən­diri­lib. İndi də Ordubadda ərik, alma, şaftalı, cəviz, heyva bağları vardır.  Bu­­rada şaxta olduğuna görə limon evlərdə, ya da örtülü şitilliklərdə becərilir. Or­dubadın əriyi, cəvizi, şaftalısı, limonu dadına, ətrinə, tamına görə hər yanda qiy­mət­ləndirilən nadir meyvələrdir. Bagbanlıq sənəti sirli-sehirlidir, bunu bir-iki söh­bətdə danışmaq çətindir, mən sadəcə ümümi şəkildə danışdım. Bilirsənmi, müəl­lim, belə bir bayatı var:

Su gəlir lilləndirir,

Bağçanı gülləndirir.

Dərdliyə söz deməyin,

Dərd özü dilləndirir.

 

Bağ zəhmət və qayğı tələb etsə də həmişə gözəldir. Yazda ağaclar çiçək açan­da da, yayda meyvə gətirəndə də. Barıynan, bəhəriynən həmişə əlimizdən tutub, ne­mətlərini bizdən əsirgəməyib. Biz də qayğımızı, diqqətimizi torpaqdan, canlılar­dan, ağaclardan əsirgəməyək.

Tacir SƏMİMİ

filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR