“Azərbaycan gəncliyi heç vaxt xarici qüvvələrin təsiri altına düşməyəcək” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Prezident İlham Əliyevin gənclərlə görüşünü böyük qürur hissi ilə izlədim. Həqiqətən də Prezidentin gənclərlə görüş keçirməsi, onların suallarını səbrlə dinləməsi və cavablandırması qeyd edilən kateqoriyadan olan şəxslərə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir. Ölkə başçısı gənclərlə görüş zamanı milli-mənəvi dəyərlərimiz, Qarabağın azad olunmasında gənclərin rolu, Azərbaycan gənclərinə kənar təsirlərin neytrallaşdırılması, müxtəlif ölkələrdə qanlı inqilabların həyata keçirilməsi və bəzi təşkilatların ölkəmizə qarşı nümayiş etdirdiyi qərəzli münasibətlə bağlı fikir mübadiləsi apardı. Prezidentin toxunduğu bütün məsələlərin təməlini azərbaycançılıq ideologiyası, vətənə və dövlətə sədaqət təşkil edir. Məsələn, milli-mənəvi dəyərlərimizdən danışan Prezident bildirdi ki, müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Həqiqətən də Prezident İlham Əliyevin təşəbbüsü ilə gənclərin milli ruhda yetişdirilməsi, onlara vətənpərvərlik ruhunun aşılanması istiqamətində müvafiq dövlət proqramları həyata keçirilib. Təbii ki, müstəqilliyimizin möhkəmlənməsində, kənar təsirlərin neyrallaşdırılmasında milli-mənəvi dəyərlərimizin təbliği, milli birliyimiz mühüm rol oynayıb və bundan sonra da oynayacaq”.

Missiya.Az xəbər verir ki, bu sözləri Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Prezident İlham Əliyevin ötən gün gənclərlə görüşündə səsləndirdiyi fikirlər barədə danışarkən deyib.

Prezidentin postsovet məkanında və Yaxın Şərqdə qlobalistlər tərəfindən təşkil olunmuş qanlı inqilablardan danışmasına diqqət çəkən R.Əhmədov bildirib ki, gənclərin əli ilə gərginlik yaradılan həmin ölkələrdə vəziyyət acınacaqlıdır, iqtisadiyyatları çöküb, siyasi sistem idarəolunmaz haldadır: “Hər birimiz Yaxın Şərqdə və bəzi postsovet ölkələrində baş vermiş inqilabların ağır nəticələrinə şahidlik etmişik. 2000-ci illlərin əvvəllərində – Gürcüstanda, Ukraynada, Qırğızıstanda, əsrin ikinci onilliyində isə Yaxın Şərqdə həyata keçirilən qanlı inqilablar nəticəsində ölkələrin iqtisadiyyatları məhv edildi, yüzminlərlə insan qaçqın düşdü, dövlətlərin sərhədləri güc yolu ilə dəyişdirildi. İnqilabların katalizatoru rolunda isə gənc nəsil çıxış edirdi. Tərxibatçı fondlar və QHT-lər əvvəlcə hədəfə aldıqları dövlətin idarəçiliyinə nüfuz edirlər və müxtəlif yollarla xüsusilə gənclər arasında hakimiyyətlərə qarşı kin və nifrət aşılamaqla məşğul olurlar. Daha sonra beyinləri öz dövlətlərinə qarşı kin və nifrətlə doldurulan gənclər ayağa qaldırılır, ölkə qarışdırılır. Bir müddət keçdikdən sonra xarici güclərin tapşırığı ilə ayağa qalxan gənclərin özləri qurbana çevrilir, hansısa meşəlikdən cəsədləri tapılır. Ölkəni xaos bürüdükdən sonra ortada nə müxalifətçilər görünür, nə də xarici qrupların əlaltıları… Ona görə də cənab Prezidentin də dediyi kimi, Azərbaycan gəncliyi milli ruhda böyüməlidir ki, kənar qüvvələrin, təxribatçı fondların təsiri altına düşməsin. Ümumiyyətlə, hesab edirəm ki, Cənab Prezident öz fundamental çıxışı ilə Azərbaycan gəncliyi üçün üçün yol xəritəsi müəyyənləşdirdi”.

Ramin Əhmədov Prezident İlham Əliyevin hakimiyyəti dövründə gənc nəslin vətənpərvər ruhda yetişməsindən danışıb və bildirib ki, Vətən Müharibəsi zamanı gənclərin milli dəyərlərimizə sadiqliyi, torpağa bağlılığı bir daha sübut olunub: “Azərbaycan xalqı milli dəyərlərimizin qorunması, müstəqilliyimizin möhkəmlənməsi üçün həyata keçirilən sistemli təbliğatın bəhrəsini Vətən Müharibəsi zamanı gördü. Bütün dünya şahid oldu ki, ölkəmizdə yaşayan müxtəlif xalqlar bir anın içində Qarabağ uğrunda vahid mövqe nümayiş etdirdi və Azərbaycan gəncliyi Prezident İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində 30 illik işğala son qoydu. Təbii ki, milli birliyimizin, gənc nəslin vətənpərvər ruhda böyüməsinin kökündə Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, gənclərin milli ruhda böyüməsi üçün həyata keçirilən sistemli iş və xalqımızın öz tarixi köklərinə bağlılığı dayanır. Azərbaycan xalqı şanslı xalqdır ki, onun milli dəyərlərə sadiq və vətənpərvər lideri var. Prezident İlham Əliyev heç vaxt ölkəmizə hər hansı xarici qüvvəni siyasi, iqtisadi və mədəni təsirinə imkan verməyib və bundan sonra da verməyəcək”.

R.Əhmədov bildirib ki, Azərbaycan xalqı heç vaxt ölkəmizin xarici güclərin döyüş meydanına, təxribatçı fondların və QHT-lərin inqilab ssenariləri qurduğu poliqona çevrilməsinə imkan verməz: “Cənab Prezidentin də söylədiyi kimi, qlobalistlər müxtəlif ölkələrdə inqilablar həyata keçirib, dövlətlərin təməl dayaqlarını sarsıdıb və ölkələri viran qoyublar. Azərbaycan xalqı Suriya, İraq, Ukrayna, Liviya və digər bu kimi ölkələrdə təşkil edilən qanlı inqilabların nəticələrinə əyani şahidlik edib. Sorosa bağlı qruplar müxtəlif vaxtlarda eyni ssenariləri Azərbaycanda da həyata keçirməyə çalışıblar. Amma Azərbaycan xalqı sayıqlıq nümayiş etdirib və xarici güclərin oyununa alət olmayıb. Əminliklə deyə bilərik ki, bundan sonra da Azərbaycan xalqı, xüsusilə gənclərimiz xarici qrupların siyasi alətinə çevrilməyəcək və heç bir təxribatçı siyasi təşkilatın ölkəmizdə sabitliyi pozmasına imkan verməyəcək, heç vaxt fitnələrə uymayacaq. “Freedom House”, “Sərhədsiz Reportyorlar”, “Amnesty İnternational”, “Human Rights Watch” kimi təşkilatlar, Soros və onun nəzarəti altında olan qurumlar, böyük dövlətlərin büdcələrindən maliyyələşən müxtəlif qruplar Azərbaycan xalqının birliyinə xələl gətirə bilməyəcəklər. Çünki Azərbaycanda xalq-iqtidar birliyi var. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib və bu birliyi heç bir xarici qüvvə poza bilməz”.

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR