“TARİYEL HƏKİM”-Müsahibə…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Tariyel həkim, yəni Tariyel İsgəndər oğlu Nəsibov əslən Qərbi Azərbaycanın Amasiya rayonunun Oxçoğlu kəndindəndir. Yaşı yetmişə doğru gedən bu tanınmış həkimin pərəstişkarları, ona rəğbəti olanlar nəinki Bakı şəhəri və şəhər ətrafinda, eləcə də Gəncədə, Göygöldə, daha nə bilim haralarda az deyil. Həmişə olmasa da mən də bu humanist şəxslə görüşəndə xoş təəssüratla qayıdıram, həkimin mehriban rəftarı, gülər üzü, mülayım xasiyyəti çox xoşuma gəlir. Bir dəfə belə görüşlərin birində dedim:

Həkim, yəqin uzun müddət bir yerdə işləmisən, buna görə adamlar səni hə­mişə axtarır, sənə mehribanlıq göstərirlər.

Həkim məndən bu sözləri eşidəndə gülümsündü:

– Müəllim, indiyə qədər çox yerdə işləmişəm. Amma bir iş var ki, heç vaxt kimdənsə təmənna güdməmişəm. Qaldı iş yerlərim… İki il qonşu kənddə, yəni Güllübulaqda işləmişəm. 1984-cü ildə köçüb Gürcüstana getmişəm. Orda da 1990-cı ilə qədər Algeti və Opteti kəndlərində ambulatoriya müdiri, həkim kimi çalışmı­şam. Bakıya köçəndən sonra səkkiz ay Hematologiya və Qanköçürmə İnstitutunda, 19 il 8 saylı poliklinikada, 6 il Xızı rayonunda, 2 il Ramanadakı 21 saylı xəstə­xa­nada işləmişəm.

Burada insult keçirmişəm. Müalicə olunandan sonra 2 il də Bakı Sağlamlıq Zonası poliklinikasında həkim olmuşam. Bura mənim sonuncu iş yerim olub. Hə, bu yaxınlarda Azərbaycan Səhiyyə Nazırliyi tərəfindən Səhiyyə veteranı fəxri adı­na la­yiq görülmüşəm.

Bəs, həkim, sən adamların bu isti münasibəti barədə nə deyə bilərsən?

Müsahibim yenə gülümsündü:

– Bunun kökü hər kəsin öz sənətinə olan məhəbbətindədir. Sənətini sevən adam can-başla onu davam etdirir. Mən də belə etmişəm. Həmişə Allahın verdiyi ruziyə, qismətə qane olmuşam. Heç vaxt dünya varına tamah etməmişəm. Villam, bahalı maşınlarım olmasa da xalqımı, vətənimi sevən ürəyim var.

Sirr deyilsə səndən bir şey də soruşmaq istəyirəm.

– Buyur, soruş.

Həkim, sənin həkim həmkarların arasında az-çox sənin təbiətində olanlar da varmı?

– Əlbəttə,var. Şahmar Məmmədov belələrindəndi. İndi də 8 saylı poliklini­ka­da işləyir. Bu həkim həm şeiri-sənəti sevən, həm də musiqiyə böyük önəm verən adamdı. İynəbatırma ilə müalicədə öz izi var, indiyə qədər bununla bağlı iki elmi kitabı işıq üzü görüb. Axtaranda Şahmarın məndən üstün bir cəhəti də var. O həm də şairdir, indiyə qədər mətbuatda xeyli şeirləri dərc olunub.

Mən həkimi bir də nəzərdən keçirəndə yenə o dilləndi:

– Müəllim, sözlü adama oxşayırsan, deyəcəyini de.

Həkim, yəqin hər kəs kimi sənin də arada bir xəstələnirsən, həkimə ehti­ya­cın olur.

– Bəli, düz deyirsən, mənim də həkimim var.

Necə, həkimin var?!

– Var. Bu elə həkimdir ki, onun üzünü görən kimi ağrım-acım yox olur, iynə-dərmana ehtiyac olmur.

– Maraqlıdır, həkim.

– Bilirsənmi, müəllim, sən də onu tanıyırsan. Bu, Kainatın oğludur – nəvəm Yafəsdi. Dədələrimiz boşuna deməyiblər ki: “Övladda nəvə, dövlətdə dəvə”. Bu uşağı görəndə həmişə əhvalım yaxşılaşır, ona görə ona zarafatla “mənim həkimim” deyirəm.

Həkim, sənin klassik poeziyaya, folklora, etnoqrafiyaya marağın çoxdu, ge­niş mütaliən var. Bu barədə nə deyə bilərsən?

– Bunun kənd həyatı ilə bağlı olduğunu deyə bilərəm. Hələ uşaq yaşlarımdan kəndimizin yaşlı adamlarının yanına gedib onların söhbətlərinə qulaq asmaqdan həzz alardım, toylarda oxunan nanaylar, Bəyzadə əmimin yallı oynaması mənə çox xoş gələrdi. Yaşlılar dərvişlər haqqında da maraqlı əhvalatlar danışırdılar:

– Dərvişlər müxtəlifdi. İlan oynadanlar var, pay yığanlar var, sufilər var, qəsi­də deyən dərvişlər var, qara nağıl danışan dərvişlər var, qələndərlər var… Hər bir dərvişin də öz qonaqçısı olub. Bizim kəndə dərvişlər Gümrüdən gələrdilər.

Qaldı bizim klassik poeziya… Kim Nəsimini, Füzulini bilmirsə cahil adamdı. Şeir bizim ruhumuzda, canımızdadır, ona laqeyd qalmaq mümkündürmü? Sənə bir əhvalatı xatırladım. Yaxşı yadımdadır, Ağca xalanın qardaşı Calal dayı Daşkəsən­də yaşayırdı, amma hərdən bir bizim kəndə də gəlirdi. Bu kişinin qəribə cəhəti o idi ki, baş verən bir hadisəyə bədahətən şeir deməyi idi. O vaxtlar cavan, təcrübəsiz olduğumdan bunları yazıya almaq mənim heç ağlıma gəlmirdi. Düzdür, indi onlar­dan bir neçəsi yadımda qalıb.

Beləcə, Tariyel həkimlə bağlı bu xoş duyğu və düşüncələr mənə bu yazını yaz­­dırdı.

 

Tacir SƏMİMİ

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR