Südeyif İmamverdiyev:“Türk Dövlətlərinin birliyi böyük bir coğrafiyada sabitliyin hökm sürməsinə xidmət edəcək”
“Biz ağsaqqallar bütün digər məsələlərdə olduğu kimi, Dövlətimizin Türk birliyi yönündəki siyasətinin də yanındayıq”
“Türk Dövlətləri Təşkilatının Türkiyənin İstanbul şəhərində keçirilən Vlll Zirvə Toplantısı türkdilli dövlətlər arasında əlaqələrinin möhkəmlənməsi, birliyin genişlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Toplantıda verilən qərarlar – Təşkilatın adının dəyişdirilməsi, həmçinin Türkmənistanın müşahidəçi kimi Birliyə daxil edilməsi türkdilli dövlətlərin gələcək hədəflərinə verilən töhfədir. Türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsi həm Cənubi Qafqazda, həm Kiçik Asiyada, həm də Orta Asiyada uzunmüddətli sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir. Tarixi kökləri bir olan, eyni mədəniyyəti, dini dəyərləri və milli kimliyi daşıyan xalqların birliyi dünyaya yalnız sülh, sabitlik və inkişaf gətirə bilər”.
Agsaqqallar.com xəbər verir ki, bu sözləri Türk Ağsaqqalları Birliyinin (TAİB) Təşkilat Komitəsinin sədri, tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev Türk Dövlətləri Təşkilatının İstanbulda keçirilən Zirvə Toplantısının tarixi əhəmiyyəti barədə danışarkən deyib.
TAİB sədri Türk Dövlətləri Təşkilatının tarixi toplantısında Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi barədə də danışıb.
Sudeyf İmamverdiyev bildirib ki, Prezident İlham Əliyev Türk Dünyasının birlik arzusunu reallığa çevirən liderdir: “Təbii ki, Türk Dünyasının birliyi uzun illərin arzusudur. Bir çox tarixi və geosiyasi proseslər türkdilli dövlətlərin bir-birindən uzaqlaşması ilə nəticələnmişdi. Əminliklə deyə bilərik ki, Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi, Türk Dünyasının birliyini daha da möhkəmləndirdi, türkdilli ölkələri yaxınlaşdırdı. Zirvə Toplantısında Birliyə üzv dövlətlər Prezident İlham Əliyevin Türk Dünyası qarşısında misilsiz xidmətlərini yüksək qiymətləndirdilər. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının tarixi şəxsiyyəti, uzaqgörən siyasətçisi, prinsipial lideridir. Prezident Ali Ordenə gərgin əməyi, prinsipiallığı, türk birliyinə verdiyi töhfələrə görə layiq görülüb”.
Sudeyf İmamverdiyev TK sədri olduğu Türk Ağsaqqalları Birliyinin türkdilli ölkələrin ziyalıları – elm və mədəniyyət adamları arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verə biləcəyini də deyib:
“Biz də öz növbəmizdə Azərbaycan Prezidentinin Türk Dünyasının birliyinə verdiyi töhfəyələri yüksək qiymətləndiririk. Dövlətimizin və Prezidentimizin bu yöndə fəaliyyəti biz ağsaqqalların ürəyincədir və təbii ki, sözügedən istiqamətdə biz də ictimai təşkilat olaraq fəaliyyət göstərməkdə maraqlıyıq. Türk Dünyasının tanınmış ziyalıları, siyasət adamları, eləcə də digər kateqoriyalardan olan nüfuzlu şəxsləri arasında əlaqələrin qurulmasına, inkişaf etdirilməsinə hazırıq. TAİB-in əsas hədəfi də Türk Dünyasının, türkdilli dövlətlərin birliyinin möhkəmlənməsinə töhfə vermək, dövlətimizin həyata keçirdiyi siyasətə dəstək olacaq layihələr gerçəkləşdirməkdir. Bütün digər məsələlərdə olduğu kimi, Türk Dünyasının birliyi yönündə Dövlətimizin həyata keçirdiyi siyasətin də yanındayıq. Bu siyasət TAİB-in fəaliyyət proqramının əsas qayəsini təşkil edəcək”.