“İlham Əliyevin Türk Dünyasının Ordeni ilə təltif olunması onun türk birliyinə verdiyi töhfələrin nəticəsidir” – Ramin Əhmədov
“İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısı öz işinə başlayıb. Türk Şurasının VIII Zirvə Görüşü siyasi və tarixi, həmçinin təşkilatın gələcəyi baxımdan çox mühüm əhəmiyyətə malikdir. Çünki toplantıda birliyin adı dəyişdirilərək Türk Dövləti Birliyi Təşkilatı adlandırıldı. Bunun özü olduqca ciddi hadisədir. Həmçinin Şuranın iclasında “Elektron dövrdə “Yaşıl texnologiyalar” və Ağıllı şəhərlər” mövzusunda müzakirələr aparıldıq. Ümumiyyətlə, bu Zirvə Toplantısı Türk Şurasının tərkibinin genişlənməsi və təşkilatın gələcək hədəfləri baxımından çox əhəmiyyətlidir”.
Agsaqqallar.com xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqallar Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən Zirvə Toplantısının əhəmiyyəti barədə danışarkən deyib.
Türk Şurasının inkişaf yolundan danışan Ramin Əhmədov bildirib ki, 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Naxçıvan sazişinin imzalanması və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatının yaradılması Təşkilatın gələcək tərəqqisinə böyük töhvə verib. Ramin Əhmədov bildirib ki, Türk dövlətləri arasında əlaqələr hər ötən il həm ikitərəfli, həm də Türk Şurası çərçivəsində genişlənir.
Türk Ağsaqqallar Birliyinin (TAİB) təsisçisi Türk Dövlətləri Təşkilatında Azərbaycanın yeri və rolu barədə də danışıb: “Azərbaycan Türkdilli dövlətlərlə əməkdaşlığa böyük önəm verir. Ölkəmiz Şuraya sədrlik etdiyi 2 il ərzində təşkilata üzv olan dövlətlərin bir-biri ilə sıx əlaqələr qurmasında mühüm rol oynayıb. Azərbaycanın səyləri nəticəsində təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri qurulub. Həmçinin Azərbaycan Türk Şurasına üzv olan dövlətlərin COVİD-19 pandemiyasına qarşı mübarizəsi, pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq, əməkdaşlıq mühitinin yaradılması, Şuranın dünyadakı nüfuzunun daha da artırılması istiqamətində səylər göstərib”.
Ramin Əhmədov təsisçisi olduğu Türk Ağsaqqallar Birliyinin (TAİB) türkdilli xalqlar arasında əlaqələrin genişləndirilməsinə töhfələr verə biləcəyini də deyib: “TAİB-in İdarə Heyətində Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərdən akademiklər, ziyalılar və siyasət adamları var. Hədəfimiz də Türk Dünyası ağsaqqalları, ziyalıları, dövlət xadimləri arasında əlaqələrin genişləndirilməsinə töhfə vermək, birliyimizi daha da möhkəmləndirməkdir. Dövlətimizin Türk Dünyasının birliyi və tarixi əlaqələrinin inkişafı yönündə atdığı bütün addımları dəstəkləyirik və bu istiqamətdə üzərimizəə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazırıq”.
R.Əhmədov Azərbaycan Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif olunmasını qürur hissi ilə qarşıladıqlarını da vurğulayıb.