Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 10-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə güllər qoyulub.
Sonra görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsinin önünə güllər düzüblər.