“Xalqımız 18 il əvvəl bugünkü qələbələrə və inkişafa səs verdi” – Ramin Əhmədov
“Bu gün Prezident İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 18 il ötür. Azərbaycan xalqı 18 il əvvəl bu gün öz uğurlu gələcəyinə, inkişafına və möhtəşəm qələbələrinə səs verdi. İlham Əliyevin Prezident seçilməsi ilə ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişafın və tərəqqinin yeni mərhələsi başladı. Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddət ərazində Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsinə çevrildi”.
Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov Prezident İlham Əliyevin ölkə başçısı seçilməsinin 18-ci ildönümü ilə bağlı danışarkən deyib.
Ramin Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən, ölkəmiz sürətlə inkişaf etdi, transmilli layihələrin əsas sərmayəçilərindən birinə çevrildi və güclü ordunun qurulması üçün genişmiqyaslı tədbirlərə start verildi: “Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın sürətli inkişafı təmin olunub, ölkəmizin beynəlxalq mövqeyi daha da güclənib. İlham Əliyevin həyata keçirdiyi uğurlu layihələr nəticəsində Azərbaycanın 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatları bu gün 50 milyard dollardan çoxdur. Müdrik qərarlar nəticəsində Azərbaycan ordusu daha da gücləninb, müasir silahlarla təchiz olunub. Hazırda Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Bundan başqa, həyata keçirilən sosial layihələr, bilavasitə vətəndaşın rifah halının yüksəldilməsinə xidmət edən proqramlar nəticəsində ölkə əhalisinin yaşayış səviyyəsi yüksəlib, işsizlik problemi əhəmiyyətli dərəcədə aradan qaldırılıb”.
Media Qrup rəhbəri İlham Əliyevin hakimiyyətinin bütün dövrlərində xalqa və dövlətçiliyə layiqli xidmət göstərdiyini, daim Azərbaycanın maraqlarından çıxış etdiyini, Qarabağın işğalı ilə heç vaxt barışmadığını da deyib: “Prezident İlham Əliyevi “yeni əsrin yeni lideri” adlandıra bilərik. Çünki Azərbaycan xalqı 21-ci əsrin əvvəllərində hakimiyyətə gələn İlham Əliyevin liderliyi ilə uğurlu gələcəyə böyük inamla və möhtəşəm qələbələrlə addımlayır. Ölkə başçısı Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Qarabağın azadlığı uğrunda böyük işlər gördü və qələbəyə daim inandı. Bu inam Azərbaycan xalqını Qarabağda qələbəyə apardı. İlham Əliyevin dəmir iradəsi və Ordumuzun qüdrəti sayəsində Qarabağ artıq azaddır. Vətən Müharibəsində qələbəmiz Cənubi Qafqazda yeni reallıqlar yaratdı. İlham Əliyevin apardığı məqsədyönlü siyasət və Vətən Müharibəsindəki qələbəmiz regional və qlobal gücləri Azərbaycanla hesablaşmağa məcbur edir. Əminliklə deyə bilərəm ki, xalqla dövlə başçısı arasındakı sarsılmaz birlik hələ Azərbaycanı çox qələbələrə aparacaq”.
Missiya.Az