Bütün ömrünü qürurla yaşayan insan-Rasim Ağayev

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir!

Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!

Heydər Əliyev

Ulu öndərimiz Heydər Əliyevin  bu sözləri hər gün axşam saat 21-oo-da “Xəzər” telekanalının proqramında Azərbaycan operalarının incisi olan “Koroğlu” üverturası ilə başlayır.  Bu müdrik kəlam yaşayıb-yaradan hər bir azərbaycanlının dilindən düşmür və biz bununla fəxr edirik.

El ağsaqqalımız Rasim Ağayev də bu qürurla yaşayanlardan biri idi.

Əslən Şamaxıdan olan Rasim Bəşir oğlu Ağayev 13 iyul 1939-cu ildə Bakı şəhərində anadan olmuşdu.  Onun şəcərəsinə nəzər salanda əsilli bir kökdən gəldiyini görərik. Belə ki, Rasim bəy XIX əsrdə yaşayıb-yaradan satirik şairimiz Seyid Əzim Şirvaninin nəticəsidir. O, şair olmasa da ürəyi duzlu-məzəli sözlə dolu olan bir şəxsiyyət idi. Ömrünü təbabətə bağlayan Rasim Ağayev mənalı bir ömür yaşayıb. Orta məktəbi 1956-cı ildə bitirən gənc Rasim əvvəlcə Bakı Neft Texnikumunu bitirib, müxtəlif sənaye müəssisələrində çilingər, usta, mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır.  1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirən Rasim Ağayev Yeyinti Sənayesi Nazirliyində baş mühəndis, sonralar isə Sumqayıt Qənnadı Fabrikində, Bakı Marqarin Zavodunda direktor vəzifəsində çalışır.

O, işlədiyi müddətdə həmişə qabaqcıl işçi kimi ön sıralarda yer almış, rəhbərlik etdiyi kollektivlər o dövrə xas olan “Keçici qırmızı bayraq”a layiq görülmüşdür. 1963-cü ildə ailə həyatı quran Rasim Ağayevin üç gül övladı dünyaya gəlir. İki qız, bir oğlan. Övladlarının təhsilinə böyük önəm verən Rasim Ağayev arzusuna qovuşur. Hər üç övladı ali məktəbi bitirib müxtəlif vəzifələrdə çalışmağa başlayırlar. Daim aktiv fəaliyyətdə olmağı sevən dəyərli el ağsaqqalı 2001-ci ildə təqaüdə çıxıb, əmək veteranı adı alsa da, fəaliyyətindən qalmır. Bütün ömrü boyu qaynar həyat sürən, daima kollektiv içində olan bu şəxs passiv həyatla barışa bilməzdi. O, bundan sonrakı həyatını xalq təbabətinin bir çox ənənəvi və qeyri-ənənəvi müalicə üsullarını dərindən öyrənməyə həsr edir.

Və onların vəhdəti əsasında müalicə üsullarının tətbiqinə üstünlük verir. Hamıya məlumdur ki, bu gün dünyada  bir çox xalq təbabəti ilə müalicə üsulları tətbiq edən şirkətlər fəaliyyət göstərir. Bu mövzu üzərində işləyən Rasim Ağayev elmi nəzəriyyəyə də diqqət göstərir. 2015-ci ildə özünün ciddi səyləri nəticəsində “Xalq təbabəti ilə sağlamlığa və uzunömürlülüyə” adlı kitabının çoxtirajla çapına nail olur.  Rasim Ağayev Beynəlxalq Holdinq Koorperasiyasının “TUENS” şirkətinin əməkdaşi idi. Çox əzmkarlıqla çalışaraq “TUBET” Xalq Təbabətinin müasirləşdirilmiş müalicə üsullarına tam yiyələnmişdi. Bu şirkətdə ciddi çalışmağı onu Ağsaqqallar Şurasının üzvülüyünə xeyli gecikdirmişdi.

O, 2019-cu ildə Nizami rayon Ağsaqqallar Şurasına üzv olur və elə ilk gündən şəxsi təşəbbüsü ilə bir neçə təklif irəli sürür. Rayon Ağsaqqallar Şurası bu təklifləri dəyərləndirərək tədbirlər planına salaraq həyata keçirmişdir. Rasim Ağayev gənclərin, yeniyetmələrin vətənə layiqli övlad olmaları üçün onların seçilən ağsaqqallar və nüfuzlu şəxslərlə görüşlərinin keçirilməsini vacib sayırdı. 23 iyun 2021-ci ildə Rasim Ağayev Ağsaqqallar Şurasının hesabat iclasında idarə heyətinə yekdilliklə üzv seçilir. Onun aktiv fəaliyyətinə görə şura sədrliyi tərəfindən 80 illik yubileyi təşkil olunur və bu tədbirdə fəxri diplom və mükafatla təltif olunur.

Rasim Ağayev sadə və səmimi insan idi. Bu xarakterinə görə də şura üzvlərinin dərin hörmət və etimadını qazanmışdı. Dəyərli bir insan barədə keçmiş zamanda danışmaq çox ağırdı. Bütün dünyanı çuğlayan pandemiya səbəbindən xeyli zaman bir-birimizdən aralı qalmalı olduq. Bizim kimi insanlara evdə qapanıb qalmaq çox ağır idi. Hər zaman aktiv fəaliyyətimizlə fərqlənməyə çalışan şuramızın işləri, tədbirləri yarımçıq qaldı. Bir neçə üzvümüzü virusdan itirdik. Evdə olmağıma baxmayaraq mən üzvlərlə tez-tez əlaqə saxlayırdım. Səhhətimdə yaranan problemlə bağlı bir müddət heç kimlə əlaqə saxlaya bilmədim. İşə çıxdığım zaman məyusedici xəbərlər ard-ardına gəldi. Şuramızın dəyərli ağsaqqallarından, bizim dostlarımızın çoxu dünyasını dəyişmişdilər. Bunların biri də sevimli dostumuz Rasim Ağayev idi. Bu xəbər hamımızı məyus etmişdi. Yasamal qəbristanlığında uyuyan dəyərli dostumuz  Rasim Ağayev şərəfli bir ömür yaşadı. Cəmiyyətə layiqli övladlar bəxş etdi.

Ağsaqqallar Şurasının bütün üzvləri mərhumun ailəsinə bir daha dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Ehtiramla..

Mayıl Əliyev,

Nizami rayon Ağsaqqallar Şurasının sədri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR