Ramin Əhmədov: “ABŞ səfirinin sərsəm açıqlamaları İlham Əliyevin yaratdığı reallıqları dəyişmir”
“Azərbaycan rəhbərliyi dəfələrlə Qarabağ münaqişəsinin başa çatdığını, 44 günlük müharibə nəticəsində Ermənistanın ağır məğlubiyyətə uğradığını bəyan etsə də, Cənubi Qafqaz regionuna nüfuz etmək istəyən qüvvələr həll olunmuş problemi süni şəkildə gündəmdə saxlamağa çalışırlar. Məsələn, bir neçə gün əvvəl ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi münaqişənin həll olunmadığını və bu istiqamətdə səylər göstərilməsinin zəruriliyindən danışıb. Linn Treysi ilk dəfə deyil ki, Qarabağla bağlı belə əsassız açıqlama verir. ABŞ səfiri bundan əvvəl də Qarabağın “statusu” barədə sərsəm fikirlər səsləndirmişdi. Ümumiyyətlə, ABŞ başda olmaqla, Cənubi Qafqaz regionuna Qarabağ münaqişəsinin “həll olunmadığını” deyən və bununla regiona nüfuz etmək istəyən qüvvələr birdəfəlik anlamalıdır ki, Azərbaycan ordusu 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistanın işğal etdiyi əraziləri azad edib və bu münaqişəyə son qoyub. Artıq nə Azərbaycan üçün “Dağlıq Qarabağ” adlı ərazi vahidi mövcuddur, nə də münaqişə. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunub. Dağlıq Qarabağ iqtisadi rayonu isə Prezident İlham Əliyevin 7 iyulda imzaladığı fərmanla ləğv edilib, əvəzində Qarabağ iqtisadi rayonu yaradılıb”.
Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov bəzi xarici qüvvələrin Qarabağ münaqişəsinin guya həll olunmadığına dair səsləndirdiyi əsassız fikirlərə münasibət bildirərkən deyib.
Ramin Əhmədovun fikrincə ABŞ-ın Ermənistandakı səfirinin açıqlaması Vaşinqtonun Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olmadığını deməyə əsasə verir:
“ABŞ öz maraqları üçün münaqişənin həll olunmaması barədə süni rəy yaratmağa çalışır. Azərbaycanın isə gündəmində kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası və delimitasiyası, sülh müqaviləsinin imzalanması və regionda əməkdaşlıq mühitini formalaşdırmaq kimi məsələlər dayanır. Cənubi Qafqazda maraqları olan dövlətlər, regiona həll olunmuş münaqişəni yenidən alovlandırmaq konteksində deyil, bölgə ölkələri ilə əməkdaşlıq mühitinin necə yaradılması konteksində baxmalıdırlar. Əgər ABŞ münaqişənin həllinə töhfə vermək istəyirdisə, 30 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədri kimi verərdi. Amma biz ötən illər ərzində ABŞ-dan Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe görmədik. ABŞ zaman-zaman hətta işğalçıların tərəfini tutacaq addımlara imza atıb. Vaşinqton heç vaxt Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi talançılıq siyasətinə, törədiyi vəhşiliklərə münasibət bildirməyib, işğalçıların vəhşiliklərini görməzdən gəlib. Hesab edirəm ki, ABŞ-ın münaqişə həll olunduqdan sonra fəallaşması uğursuz siyasi gedişdir”.
ABŞ-ın Ermənistandakı səfirliyinin Qarabağın “statusu” ilə bağlı səsləndirdiyi sərsəm fikirlərdə erməni lobbisinin maraqlarının gizlədiyini deyən Ramin Əhmədov bildirib ki, Vaşinqton erməni lobbisinin revanşist maraqlarını Cənubi Qafqaza daşımağa cəhd edir:
“Ordumuz Ermənistan cəmiyyətinə söylənilən bütün yalanları 44 gün ərzində ifşa etdi. Azərbaycan həm erməni cəmiyyətinə, həm onları uzun illər əsir saxlayan erməni lobbisinə, həm də ermənilərin xarici havadarlarına göstərdi ki, xalqa aşıladıqları “biz məğlubedilməzik” ideologiyası yalandır, sadəcə heç vaxt reallaşmayacaq ərazi iddialarından və əsassız fikirlərdən ibarətdir. Artıq erməni cəmiyyəti Qarabağ müşaqişəsinin uzanmasını istəmir. Çünki bu onların blokadada qalma müddətini daha da uzadacaq. ABŞ da Azərbaycanın regionda yaratdığı yeni reallıqlarla barışmalı, əsassız və sərsəm fikirlərdən çəkinməlidir. Çünki 30 illik passiv müşahidəçi olan ABŞ-ın münaqişə həll olunduqdan sonra mövqe nümayiş etdirməyə mənəvi haqqı yoxdur”.
Missiya.Az