“Qarabağda aparılan sürətli yenidənqurma işləri Azərbaycanın dayanıqlı iqtisadi potensialını göstərir” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın növbəti dəfə Azərbaycanın işğaldan azad olunmuş Şuşa və Füzuli şəhərlərinə səfəri baş tutdu. Bu səfər də bir sıra açılış və təməlqoyma mərasimləri ilə yadda qaldı. Prezident səfər çərçivəsində Şuşada yeni yaşayış massivinin, konfrans mərkəzinin təməlini qoydu, Üzeyir Hacıbəylinin heykəlinin, Qarabağ otelinin, Vaqif məğbərəsi və muzeyinin, eləcə də şairin büstünün və Bülbülün ev muzeyinin açılışını etdiş. Bundan başqa, Füzuli şəhərində Hava Limanında, “Zəfər yolu”nda tamamlanma işləri ilə tanış oldu. Açılışı edilən layihələrin təməli cəmi bir neçə ay əvvəl qoyulmuşdu. Bu səfərin yaratdığı ümumi təsurat bizə deməyə əsas verir ki, işğaldan azad olunan ərazilərdə sürətli quruculuq işləri aparılır və Qarabağ qısa müddət ərzində yüksək inkişafa malik regiona çevriləcək”.

Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Prezidentin Şuşa və Füzuli şəhərlərinə səfəri barədə danışarkən deyib.

Şuşada yenidənqurma işlərinin şəhərin memarlıq üslubuna uyğun aparıldığını deyən Ramin Əhmədov bildirib ki, şəhərin tarixi-memarlıq ruhu özünə qayıdır: “30 ilə yaxın davam edən işğal dövründə ermənilər Qarabağda heç bir qurucuşuq işləri aparmayıblar. Əksinə qurulu şəhərlərimizi – Şuşanı, Ağdamı, Cəbrayılı, Füzulini, Qubadlını, Kəlbəcəri, Zəngilanı xarabalığa çeviriblər. Şəhərlərimizdəki bütün evləri, yaşamaq üçün yararlı olan infrastrukturu məqsədli şəkildə məhv ediblər. Şuşa şəhərində ölkəmizin incəsənət nümayəndələrinin, şairlərimizin ev muzeylərini,  məscidlərimizi viran qoyublar. Amma Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra orada sürətli quruculuq işləri aparmağa başladı. Xüsusilə Şuşa şəhərində ermənilərin dağıtdığı abidələr, ev muzeyləri, məscidlər sürətli şəkildə bərpa olunur. Sürətli yenidənqurma onun göstəricisidir ki, evin, torpağın sahibləri geri dönüb. Prezident İlham Əliyev azad olunan ərazilərdə həyata keçirdiyi quruculuq işləri ilə dünyaya mesaj verir ki, Qarabağ Azərbaycan torpağıdır və biz oranı cənnətə çevirəcəyik. İndi dünya görür ki, torpağın həqiqi sahibi kimlərdir”.

Ramin Əhmədov Qarabağın bərpası fonunda Azərbaycanın maliyyə imkanlarından və iqtisadi gücündən də danışıb. Onun sözlərinə görə, dünyanın ağır pandemiya ilə mübarizə apardığı bir dönəmdə Qarabağda aparılan sürətli yenidənqurma işləri eyni zamanda Azərbaycanın dayanıqlı iqtisadi potensialını göstərir: “Təbii ki, Qarabağın bərpası üçün güclü maliyyə mənbələri lazımdır. Çünki ermənilər işğal müddətində daşı daş üstə qoymayıblar. Onların dağıtdıqları şəhərləri torpağın həqiqi sahibləri qısa müddət ərzində bərpa edəcək. Yenidənqurma işləri fantastik sürətlə aparılır. Sürətli quruculuq işləri deməyə əsas verir ki, nəyinki Şuşa şəhəri, bütün Qarabağ qısa müddət ərzində dünyanın, təbii gözəlliyi ilə yanaşı, böyük turizm potensialına malik regionuna çevriləcək. Digər tərəfdən, Füzuli Hava Limanında işlərin sürətli aparılması göstərir ki, dövlətin Qarabağla bağlı böyük planları var. Çox yaxın müddətdə həmin regionda, xüsusilə Şuşada beynəlxalq konfransların, Sammitlərin, eyni zamanda böyük idman yarışlarının keçiriləcəyinə şahidlik edəcəyik. Ölkə başçısı Qarabağa “böyük qayıdışın” olacağını demişdi. Biz hazırda sürətli “böyük qayıdışa” şahidlik edirik. Prezident İlham Əliyev xalqa verdiyi bütün sözləri tutduğu kimi, Qarabağla bağlı verdiyi vədləri də yerinə yetirir”.

Elvin Məmmədov
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR