Sevgi və sayğı ünvanı – Mehriban Əliyeva bu xalq üçün hələ çox işlər görəcək”
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür. Mehriban xanım bütün karyerası boyu Azərbaycan xalqının xidmətində dayanıb, vətəndaşlarımızın sosial problemlərinin həlli istiqamətində böyük layihələr həyata keçirib, Heydər Əliyev Fondunun xətti ilə minlərlə ailəyə əl tutub. Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyeva bu illər ərzində həyata keçirdiyi layihələrlə xalqımızın ümid yerinə çevrilib, ölkə əhalisinin böyük hörmətini və sevgisini qazanıb.
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu dünyanın bir çox ölkələrində məktəblərin, dini abidələrin, məscidlərin, kurqanların, kilsələrin, sinaqoqların təmirində və yenidən inşasında yaxından iştirak edib. Mehriban xanım həmişə uşaqların təhsil almasına, bilik və bacarıqlara yiyələnməsinə xüsusi diqqət göstərib. Məsələn, Mehriban xanımın təşəbbüsü ilə qardaş ölkə Pakistanda qızlar üçün məktəb tikilib. Hazırda Heydər Əliyev Fondunun inşa etdiyi, bütün növ dərs vəsaitləri ilə təmin edilən məktəbdə yüzlərlə şagird təhsil alır. Birinci xanım təhsillə yanaşı, musiqi, rəssamlıq, tibb və digər sahələrin inkişaf etdirilməsi yönündə də genişmiqyaslı layihələr həyata keçirib.
Ümumiyyətlə, əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyeva həm Heydər Əliyev Fondunun rəhbəri, həm də Birinci vitse-prezident kimi vəzifəsinin öhtəsindən böyük məharətlə gəlir. Onun fəaliyyəti çoxşaxəlidir. Mehriban xanımın fəaliyyəti azərbaycanlılarla yanaşı, dünyanın bir çox xalqları tərəfindən də yüksək qiymətləndirilir. Çünki Mehriban xanım Rusiya, İtaliya, Pakistan, Vatikan, Gürcüstan və bir çox ölkələrdə həyata keçirdiyi humanitar aksiyalarla sayğı və ehtiram ünvanına çevrilib. Onun həyata keçirdiyi humanitar layihələr dünyada Azərbaycan xalqı barədə müsbət fikrin formalaşması ilə nəticələnir. Həmçinin dünya xalqları Mehriban Əliyevanı insanpərvər, sülhsevər və qayğıkeş şəxsiyyət kimi tanıyır.
Birinci xanım xalqımızın çətin və qürurlu anlarında həmişə vətəndaşlarla bir arada olub. Azərbaycanın koronavirusla mübarizəsinə Mehriban Əliyeva xüsusi töhfə verir. Məsələn, pandemiya dövründə Heydər Əliyev Fondu Mehriban Əliyevanın təşəbbüsü ilə yardım aksiyaları keçirib, yüzminlərlə ailəyə maddi dəstək göstərib. Mehriban xanımın bu kimi təşəbbüsləri siravi vətəndaşlar tərəfindən müsbət qarşılanır və onların dövlətə inamını daha da artırır. Birinci xanımın Vətən Müharibəsi dövründəki fəaliyyəti və müharibədən sonra qazilərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı xüsusi qeyd olunmalıdır. İkinci Qarabağ Müharibəsi zamanı xalqımız Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın ətrafında sıx birləşdi. Bu birliyin yaranmasında Mehriban xanımın xüsusi rolu var. Həmçinin Birinci xanım müharibədən sonra şəhid ailələrini və qazilərimizi diqqətdən kənarda qoymur. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun əməkdaşları vaxtaşırı olaraq qazilərimizə və şəhid ailələrinə baş çəkir, onları qayğılandıran problemlərin həlli üçün müvafiq addımlar atırlar.
Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Onlar Azərbaycan xalqına sədaqətin, birliyin nümunəsini təqdim edirlər. Azərbaycan xalqı Mehriban xanımın sosial təşəbbüsləri ilə yanaşı, siyasi faəliyyətini də yüksək qiymətləndirir. Bu illər ərzində Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Mehriban xanım Əliyevanın siyasi rolunu xüsusi qeyd etmək lazımdır. Şübhəsiz ki, Mehriban xanım Azərbaycan xalqı üçün hələ çox işlər görəcək. Möhtərəm Prezidentimiz İlham Əliyevlə birgə Azərbaycanı daha təminatlı gələcəyə aparacaqlar. Xalqımız onlara inanır.
Fürsətdən istifadə edərək hörmətli Mehriban xanımı doğum günü münasibəti ilə təbrik edir, ona həm siyasi, həm də humanitar fəaliyyətində uğurlar arzu edirəm.
Ümumxalq sevgisi ilə əhatə olunmaq böyük səadətdir. Səadətiniz əbədi olsun, əziz və dəyərli Mehriban xanım!
Ramin Əhmədov
“Missiya Media Group”-un rəhbəri