Səbinə Xasayeva:”Bu qələbə türk dünyasının qələbəsidir!”
Ünsiyyət -münasibətdir, münasibət – yaşam fəlsəfəsinin bir tərkib hissəsi. Fərdlər üçün də belədir, xalqlar üçün də. Dostluq da belə yaşadılır, düşmənçilik də.
Tarixən xalqımızın milli-xəlqi xarakterində düşmənçiliyə meyil olmayıb. Ancaq dosta dost olmuşuq, düşmənə düşmən. Sərhədlərimizə təmiz ürəklə ayaq basanları duz-çörəklə, qəlbi paxırları sıyrılı qılıncla qarşılamışıq. Min illəri belə yaşamışıq, əbədiyyən də belə yaşayacağıq.
Türkdilli xalqların bir-birinə münasibəti, təbii ki, dostluq münasibəti olmalıydı, dostluq münasibətidi. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul ediləndə onu ilk tanıyanlar da türkdilli dövlətlər oldu – dostluğun, qardaşlığın təsdiqi kimi.
Ermənistan əvvəl Naxçıvanı, sonra Dağlıq Qarabağı Azərbaycandan qoparmaq, SSRİ hökumətinin qayğısıyla əvvəlki illərdə nail olduğu siyasi üsullarla torpaq əldə etmək istəyirdi. Bu istək ilk olaraq akademik Aqambekyanın “Humanite” qəzetinə müsahibəsində səslənsə də, Ermənistanda hazırlanmışdı, ictimailəşdirilməsə Moskvada xeyir-dua verilmişdi. Ermənistan Türkiyə amilinə, Kars müqaviləsinin xofuna görə Naxçıvan iddiasından Dağlıq Qarabağa keçid etdi. Sərhəd kəndlərimizə həmlələr, hücumlar edirdi, havadarlarının siyasi, mənəvi, hərbi dəstəyindən bəhrələnməklə Azərbaycana qarşı elan etmədən müharibə aparırdı. Ermənistan silahlı birləşmələrinin hərbi əməliyyatlarının qarşısını xalq, yerli müdafiə batalyonları alırdı; Ermənistanın bu istəyini düyünlənən yumruqlarıyla qarşılayan xalqımız müharibəyə kökləndi. Daha Ermənistanın Qazaxdan olduğu kimi ərazi mənimsəmə dövrü deyildi. Xalqın milli ruhu dünyanın gərdişiylə mübarizə aparmağa qadir idi. Xəlil Rza Ulutürk demişkən, xalqın milli ruhu əsgərləşmişdi.
Moskva əsassız iddialarına görə Ermənistanı suçlamayanda xalqımızın pərakəndə, emosional etirazları nizami mübarizə müstəvisində birləşdi. Təşkilatlanan bu mübarizə dünyanı heyrətləndirən milli-azadlıq hərəkatı oldu.
Xalqın tələbi nə idi? – Ermənistanın bu iddiasına son qoyulsun, yəni SSRİ hökuməti Ermənistanın niyyətinin yolverilməzliyini etiraf etsin, bu etirafdan sonra Ermənistan separatçılıqdan əl çəksin. Belə olmadı, Mərkəzdə erməniliyə qeyri-rəsmi dəstək verdi. Bu, xalqın etiraz dalğalarını müqayisəyəgəlməz dərəcədə kükrətdi. Hərəkat dövlət müstəqilliyinin bərpasına yönəldi. Həm də dönməzliklə.
O illərdə dünyanın neçə-neçə dövləti Azərbaycanın tarixi mübarizəsini milli-xəlqi ruhun mübarizəsi kimi dəyərləndirdi və səmimiyyətlə, sevgilərlə, ehtiramla dəstəklədi. Dünyanın müxtəlif dövlətlərində yaşayan alimlər, sənət adamları, yazıçılar, şairlər də həmçinin,tanınmış Qazax şairi və ictimai xadimi Oljas Süleymanov 20 yanvar faciəsini öz xalqının faciəsi bilmişdi, o ağır vaxtlarda mübarizlərin sırasında Azərbaycandaydı. Bu faciəyə görə Moskvanı suçlayanlardan, faciənin təşkilatçılarının cəzalandırılmasını tələb edənlərdən biri də ruhən azərbaycanlılarla həmişə bir yerdə olmuş Oljas Süleymanov idi. O vaxtlarda şair OlyasSüleymanov ictimai xadim kimi, bu mübarizənin mahiyyətini varlığıyla dərk edən ruh adamı kimi bildirmişdi ki, Azərbaycan xalqının milli-azadlıq mübarizəsi, bu dönməz hərəkat dövlət müstəqillyinin bərpası ilə nəticələnəcək. Bu inam sevgi kimi yaşanıldı. Oljas Süleymanovun timsalında qazax xalqının sevgisi kimi.
1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbulediləndə Oljas Süleymanovun qüruru da, sevinci də, sevgisi də bir boy dikəldi.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev görkəmli qazax şairi və ictimai xadimi Oljas Süleymanovu qəbul etdi. Görüşdə ölkə başçımız qonağın Azərbaycanın haqq işini həmişə dəstəklədiyini, onun Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Azərbaycanın “Şərəf” ordeni ilə təltif edildiyini bildirdi.
Bu təltif birliyin, qardaşlığın dövlət tərəfindən təsdiqi sənədidir, dövlətin ehtiramıdır, dövlət ehtiramına görə xalqın sevgisidir.
Şair, ictimai xadim Azərbaycanın Vətən Müharibəsində qazandığı Zəfəri türk dünyasının qələbəsi kimi dəyərləndirdi. Oljas Süleymanov kimi tanınmış şəxsiyyətlərin Vətən müharibəsini bu səviyyədə dəyərləndirməsi qazanılmış Zəfərin bəşəriliyinin qürurudur, bu qürur dünyəvi niyyətləri sabahlara aparan yolları nurlandırmağa qadirdir. Türk dünyasının qələbəsi kimi sevilən qələbəyə görə sevinən, qürurlanan Oljas Süleymanov bölünməz, bölünməyən, bölünməyəcək ruhun şairidir. “Az i ya” kitabı bizim də kitabəmizdır. “Az i ya” bölünməz, bölünməyən, bölünməyəcək ruhun bəşəriyyətin mənəviyyat ulduzu olduğunu bizə də öyrədib.
Səbinə Xasayeva,
Milli Məclisin deputatı