" />

Bütün ölümlər tez gəlir… – Xatirə yazı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

——————————————————-

Mirzə Babayevin ifasında dinlədiyim “Kimlər gəldi, kimlər getdi” mahnısına yaşamaq haqqında düşüncələrin epiqrafı deyərdim…

Gözümü açandan evimizdə də, qonum-qonşuda da ağsaqqala hörmət, ehtiram görmüşəm. Bu, bizdən böyüklərə də, mənə də, həmyaşıdlarımıza da həyat dərsi olub. Ağsaqqalların buyğuruna bax-mağı, yerə düşən əsasını qaldırmağı, qolundan tutub qoşa yeriməyi qürur, fəxr bilirdik. Bəzən soruşardılar ki, kimin oğlusan? Onda ağsaqqalın nurlu çöhrəsini incə bir təbəssüm bürüyərdi, “Əslə-hu” deyərdi. Bu sözlərin mənasını bilməsək də, sevinərdik, bilərdik ki, yaxşı sözlərdi, eşidilməsi gərəkli sözlərdi. İllər beləcə ötüşürdü. Orta yaşlıların saçlarına dən düşürdü, ağsaqqallar ahıllaşırdı, uşaqlar yeniyetmələşirdi…

Yeniyetməliyimdən Məmmədalı dayını belə ehtiramlarla əhatələnən görmüşəm. El ağsaqqalı idi, elin ağsaqqalı idi, sözü tutulardı, təklifi bəyənilərdi. İnsanlıq cəfakeşiydi Məmmədalı dayı. Həm də könül adamıydı. Dil küsülülüyünü də, könül küsülülüyünü də qətiyyən bəyənməzdi. Əzizlərinə də, xətrini əzizlədiklərinə də “Allah verən ömürü Allahın bəyəndiyi kimi yaşayın”, – deyərdi. Anlamı beləydi: Özünə məxsus olan ömürü el-oba üçün yaşayanlar Allaha bir köynək yaxın adamlardı…

Məmmədalı dayı mədəni, dərin düşüncəli insan idi. İnsanları yaxşı tanıyırdı. “Zənnim məni heç zaman aldatmaz, ay oğul”, – deyərdi. Tanıdığı, xətrini əzizlədiyi adamları özünə könül həm-dəmi bilərdi. Yəni onun üçün insanlıq meyarları vardı və bu meyarları həm yüksək dəyərləndirərdi, o meyarlara özü də tam ciddiliyiylə əməl edərdi, həm də bunu xətrini əzizlədiklərinə də tövsiyə edərdi. Bu xasiyyətini xeyirxahlığı, qohumcanlığı tamamlayırdı.

Mənə xüsusi diqqəti olduğunu uşaq yaşlarımdan hiss edirdim. Tez-tez məni evlərinə çağırtdırar, dərslərimlə ma-raqlanardı. Sonralar dərk etdim ki, Məmmədalı dayının söhbətləri ayrıca bir fənn imiş – həyat fənni. Mən bu fənni də böyük sədaqətlə mənimsədim.

Mənə mütaliəni o sevdirdi. “Hər kitab sənə fəzilətlər öyrədəcək. Sən dünyanı bu fəzilətlərlə daha əhatəli dərk edəcəksən. Onda çəkdiyin əziyyətlərə, sərf etdiyin vaxta heyifsilənməyəcəksən…”, – deyirdi…

Mən instituta daxil olanda o qədər ürəkdən sevinmişdi ki! Tələbə olaraq mənə ilk hədiyyəni də Məmmədalı dayı verdi…

Məmmədalı dayı həm səxavətli kişi idi, həm də “sağ əlin verdiyini sol əl bilməməlidi” fəlsəfəsiylə yaşayan kişi idi.

Onun söhbətlərini doyunca dinləmək üçün evdən göndərməsələr də, hərdən səbəbsiz-filansız özüm də onlara gedirdim. Söhbətlərini maraqla dinlədiyimdən mənimlə söhbət etməkdən bezib-usanmazdı.

Qonşulardan biri çəkinə-çəkinə ondan borc pul istədi. “Gəl otur, nəfəsini dər, təmənnan düzələr…”, – dedi; qapısından içəri girənləri çörəyini kəsməmiş, suyunu içməmiş qətiyyən buraxmazdı.

Qonşusunun ehtiyacı olduğu məbləği verdi. Əlini çiyninə qoydu, “Bunu borc vermirəm, eloğlu kimi ehtiyacına kömək edirəm. Kimsəyə də demə. Bir sən bil, bir mən bilirəm, bir də Allah…”, – kəlmələrini eşitdim. Məmmədalı dayının dediyi bir kəlamı xatırladım onda: “Kişi ağzıbütöv olmalıdı. Hər gördüyünü, hər eşitdiyini orda-burda danışmaz”. Onu da dedi ki, kö-məyə ehtiyacı olana kömək eləmək imandandır. Həmin gündən 50 ildən çox keçib. O gün gördüklərimi, eşitdik-lərimi ilk dəfə indi deyirəm…

Hərdən onlara gedəndə bir qədər nəfəs dərəndən sonra həyətə gedərdik. Özü bir işlə məşğul olardı, mən də onun dediyi işin “qulpundan yapışardım”. Sonralar gördüyüm işləri xatırlayanda əmin oldum ki, bu işlər görülməsi vacib olan işlər deyildi. Məmmədalı dayı məni işə, əməyə alışdırdırmış. Bu gün hərdən həyət-bacada “qurdalananda” böyük sevgiylə, ehtiramla Məmmədalı dayını xatırlayıram. Mənə az işləməyi tövsiyə edənlərə deyirəm ki, “Məmmədalı dayı “İş insanın cövhəridi” deyərdi. Son nəfəsiməcən gözlərim kitabdan, əlim qələmdən və işdən soyumayacaq…” deyirəm…

Məmmədalı İsmayıl oğlu kim idi? – Böyük vətəndaş, el qədri bilən el ağsaqqal, insanları, insanlığı sevən insan, həm də yaxşı mütəxəssis idi.
1914-cü ildə Zəngilan rayonunun Tatar kəndində yoxsul kəndli ailəsində anadan olmuşdu. Ailənin ilki idi. Anası Mələk xanım onu kiçik yaşlarından əməyə, zəhmətə alışdırıbmış. Məmmədalı uşaqlığından anasının buyruğuna baxarmış, qardaşları Əhmədə, Mahmuda dayaq olarmış. Həm də yaxşı oxuyarmış. Orta məktəbi 1932-ci ildə bitirib. Təhsilini davam etdirmək istəməyib. Rayon torpaq şöbəsində statistik kimi əmək fəaliyyətinə başlayıb. Az sonra təhsilin gərəkliyini hiss edib, mühasibat-uçot üzrə təhsil alıb. Rayon torpaq şöbəsində baş mühasib köməkçisi işləyib, rayonun kolxozlarında uçot-hesabat işlərinin təşkilinə böyük kömək göstərib.

1938-1946-cı illərdə “Kommuna” kolxozunda, rayon rabitə qovşağında, kənd kooperativlər ittifaqında baş mühasib, “Azərittifaq”da baş təftişçi vəzifəsində çalışıb. 1946-1948-ci illərdə yenidən Zəngilan və Füzuli rayon istehlak cəmiyyətində, 1949-1950-ci illərdə rayon kənd təsərrüfatı idarəsində baş mühasib işləyib.

Onu 1950-ci ildə Zəngilan rayon icraiyyə komitəsində plan şöbəsinin müdiri vəzifəsinə dəvət ediblər. 1954-cü ilə kimi həmin vəzifədə işləyib. Sonra rayon icraiyyə komitəsində təftiş şöbə müdiri, rayon yağ-pendir zavodunda direktor, Mincivan pambıq məntəqəsində müdir vəzifəsində çalışıb. 1977-ci ildən Azərbaycan Baş Meliorasiya Su Qurğuları Tikintisi Zəngilan 33 nömrəli səyyar mexanikləşdirilmiş dəstədə baş mühasib işləyib.
Zəngin tərcümeyi-haldır. Bütün vəzifələrdə də qüsursuz işləmək hər vətəndaşa nəsib olmur.

Həmsöhbətinə gərəkli məsləhətlər verərdi. Onun dediklərini kitablara düşməyən kəlamlar bilirəm və bu bilgimdə israrlıyam.

Məmmədalı İsmayıl oğlu deyərdi ki, istər kişi olsun, istər qadın, nəfsinə sahib olmalıdır. Nəfsinə yiyə dura bilməyənlər tez bir zamanda hörmətini itirir. İnsan dünyadan iki şey aparır: ya rəhmət, ya lənət. Nəfsinə sahib dura bilməyənlər dünyadan ancaq lənət aparır. Onu da deyərdi ki, səbr, təmkin insanı qarşı gələn qada-bəlalardan qoruyur. Yəni səbr, təmkin insanın xarakterini gözəlləşdirir. Gözəl xasiyyət, gözəl əxlaq insanı ucalıq məqamlarına aparır. Ucalığa meyilli olmayanlar üçün ömür gözəlliyi də yoxdu. Bu gözəlliyi böyüklərə ehtiram tamamlayır. Böyüklərə ehtiram göstərməyənlər bəndə yanında da, Tanrı yanında da urvatını itirir. Onu da deyirdi ki, dürüst ömür, dürüst düşüncə, dürüst kəlmə kamilliyə aparan yolun başlanğıcıdı…

Sevdiyi, məqamında dediyi bir deyimi də vardı Məmmədalı dayının: “Boğaz boydan aşağıdı”. Yəni nəfsinin qulu olma, nəfsini qulun elə. Təhsilin, qabiliyyətin varsa, gec, ya tez, səni də vəzifəyə təyin edəcəklər. Onda vəzifənin işığı gözlərini qamaşdırdısa, batdın. Unutma ki, dünyanın nərdivanı var. Qalxan sevinir, enən qəhərlənir. Qalxan ucalır, enən çökür. Ucalan xətir-hörmət yiyəsi olur, enən xətir-hörmətini itirir. Ona görə vəzifəyə təyin ediləndə kabinetinin qapısını səmimiyyətlə aç. Belə etsən, yanına gələnlər də, köməyə möhtaclar da, işçilərin də bu qapını belə açacaqlar. Onda deyəcəklərin də səmimi olacaq, eşidəcəklərin də. Onu da deyərdi ki, cavanlara xüsusi qayğı göstərin. Özün cavan olanda sənə qayğı göstərildiyini qətiyyən unutma. Unutma ki, bu qayğı sabahlara qayğıdı, yəni gənclərin timsalında cəmiyyətə qayğıdı. Onu da unutma ki, sənin belə xarakterin cəmiyyətə lazımdır. Dama-dama göl olduğunu sən də bilirsən.

Bu deyilənlər əxlaq kodeksinə düşməyən fikirlərdir, tezislərdir. Həm də el düşüncəsindən süzülüb gələn düşüncələrdir. Məmmədalı dayı kimi el ağsaqqalları hər kəlamında eldə-obada ağsaqqalardan eşitdiklərini yaşadır, yaşada-yaşada yaşamağı ən gözəl yaşantı bilirdi.

Nə vaxtsa eşitdiyim bir məsəl düşür yadıma:

Şah əmr edir ki, hər kəndin ən varlı adamını saraya gətirin. Əyan-əşrəf kəndlərə yol alır. Tezliklə əmr yerinə yetirilir. Şah gələnlərə göz yetirəndə heyrətdən “gözləri kəlləsinə çıxır”:

– O yamaqlı əbalıdımı kəndin ən varlısı?, – qeyzlə soruşur.

Onu gətirən bəyzadə irəli çıxır:

– Şah sağ olsun, – deyir. – Kənddə mən də buna heyrətlənmişdim. Mənə dedilər ki, kəndimizin ən varlısı bu kişidi. Çünki hamıdan ağıllıdı, hamının məsləhət verənidi, qazananlar da onun məsləhətiyə qazanıb, varlılar da onun məsləhətinə qulaq asıb deyə varlanıb. Şahım, məsləhət sənindi…
Şah alnını ovuşdurub…

Məmurlarına ciddi tapşırır ki, ağsaqqal kimi tanınanların, sevilənlərin həyat təcrübəsini, düşüncələrini öyrənsinlər, onların məsləhətlərini dinləsinlər, dediklərinə əməl etsinlər. Deyilənə görə, bu məmləkətdə güzəran gündən-günə gözəlləşib. Yəni ağsaqqala ehtiram el-obanın bərəkət təknəsidi…

Məmmədalı İsmayıl oğlu belə ömür yaşadı. Belə tanındı, belə sevildi…

İki oğlu, iki qızı vardı Məmmədalı İsmayıl oğlunun. Dörd övladı bu öyüd-nəsihətlərlə böyüdü, təhsil aldı, işləməyə başladı; təhsilə böyük sevgisi vardı Məmmədalı İsmayıl oğlunun.

Özü də dostluğa sədaqətli olub, öğullarını da belə böyüdüb. Dostluq duyğularını halallığın başlanğıcı bilirdi Məmmədalı İsmayıl oğlu.

Dədə Qorqud deyirdi: “…Əcəl gəldi, yer gizlədi, fani dünya kimə qaldı…” Min illərdi ömürlər bu deyimdən süzülür…

Keçdiyi şərəfli həyat yolu kamillik və əsl vətəndaşlıq yolu olan Məmmədalı İsmayıl oğlunun 1978-ci ildə dünyaya son baxışı oldu…

…Yadıma Məmməd Rahimin misraları düşür:

Yarat, sən köçəndə ellər söyləsin:
Dünyadan nə gözəl bir insan gedir.

Yaratmaq ifadəsi mahiyyəti baxımından həm də “elə yaşa ki” söz tərkibləri ilə ifadə edilə bilər. Yəni elə yaşa ki, son nəfəsindən sonra həmişə xoş xatirələrlə anılasan. Zəngilanlı Məmmədalı İsmayıl oğlu belə ömür yaşadı. Zəngilanın işğalını görsəydi, bu ölüm on üç il tez gələrdi…

Bütün ölümlər tez gəlir. Zaman-zaman Vətən üçün, xalq üçün yaşayanların ölümünə bu kəlmələrlə təəssüflənilib. Məmmədalı İsmayıl oğlunun ölümünə də beləcə təəssüflənilir…

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR