Ramin Əhmədov:”Türkiyə və Azərbaycan tarixən ən ağır sınaqlardan alnıaçıq çıxmağı bacarıb”
“Qardaş Türkiyədə meşə yanğınlarının baş verməsi və insan itkisinin olması bizi dərindən sarsıtdı. Artıq yanğınların qəsdən törədildiyi ilə bağlı məlumatlar var. Türkiyəyə uzanan qara əllər kəsilməlidir. Azərbaycan hər zaman olduğu kimi bu gün də Türkiyənin yanındadır, müvafiq dəstəyi göstərməyə hazırdır. Artıq Prezident İlham Əliyevin tapşığı ilə ən qısa zamanda Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar Türkiyəyə göndərilir”.
Bu sözləri Ağsaqqallar.com saytına açıqlamasında Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov deyib.
O, bildirib ki, Azərbaycan, Türkiyə ilə 2021-ci il iyunun 15-də Şuşada imzalanmış müttəfiqlik bəyannaməsindən irəli gələn bütün öhtəliklərini yerinə yetirməyə hazır olduğunu sözdə deyil, əməldə sübut edir.
“Vətən Müharibəsi Türkiyə-Azərbaycan qardaşlığını bir daha dünyaya sübut etdi. Azərbaycanla Türkiyə müharibədən sonra da dünyaya birlik mesajları verdi. Şuşa bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və birliyinin möhürü oldu. Bəyannamədə hər iki dövlətin bir-birinə qarşılıqlı hərbi və digər yardımları nəzərdə tutulub. Bu mühüm sənəd hər iki ölkənin üzərinə vacib öhtəliklər qoyur. Azərbaycan hökuməti, ayrı-ayrı qurumlar və cəmiyyətimiz Şuşa bəyannəməsindən irəli gələn bütün öhtəlikləri yerinə yetirməyə hazır olduğunu bəyan edir. Prezident İlham Əliyevin tapşırığı ilə FHN əməkdaşlarının Türkiyəyə göndərilməsi Şuşa bəyannaməsində nəzərdə tutulan öhtəliklərimizi yerinə yetirməyimiz baxımından mühüm addımdır.
Türkiyə və Azərbaycan tarixən ən ağır sınaqlardan alnıaçıq çıxmağı bacarıb. Əminik ki, qardaş ölkə bu sınaqdan da alnıaçıq çıxacaq. Türkiyəni zəiflətmək üçün çirkin planlar quranlar niyyətlərinə çata bilməyəcəklər. Azərbaycan bütün növ yardımları göstərməyə hazırdır. Türkiyəyə belə bir gündə dəstək göstərmək Azərbaycanın mənəvi borcudur. Qardaş ölkə də dar günümüzdə bizim yardımıza çatıb, lazım olan dəstəyi göstərib”-deyə R. Əhmədov vurğulayıb. .