Türkiyə ilə İsrail arasında gərginlik aradan qalxır – Ərdoğan İsrail prezidentini təbrik etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İsaak Herzoq arasında telefon danışığı olub.

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, telefon danışığı zamanı Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan İsaak Herzoqu andiçmə mərasimi münasibətilə təbrik edib.

Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyət daşıdığını vurğulayan Ərdoğan, iki ölkə arasında enerji, turizm, texnologiya və digər sahələrdə əməkdaşlıq üçün yüksək potensialın mövcudluğunu bildirib.

Ərdoğan, Koronovirus pandemiyasına baxmayaraq ikitərəfli ticarət həcminin artdığını İsrail prezidentinin diqqətinə çatdırıb.

Fələstin-İsrail münaqişəsinə toxunan Ərdoğan, bu münaqişənin BMT qətnamələri çərçivəsində həllinə tərəfdar olduğunu və Fələstin-İsrail münaqişəsinin həllində atılacaq müsbət addımların, Türkiyə-İsrail münasibətlərinin müsbət gedişinə də töhfə verəcəyini bildirib.

Telefon danışığı zamanı İsrail prezidenti İsaak Herzoq, Türkiyə ilə İsrail arasındakı münasibətlərin yaxşılaşdırılması üçün dialoqun davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Ərdoğanla telefon danışığı ilə bağlı Twitter hesabında paylaşım edən İsrail prezidenti, Ərdoğanın onu İsrailin yeni prezidenti olması münasibətilə təbrik etdiyini söyləyib.

Eyni zamanda Herzog, “Ölkələrimiz arasındakı əlaqələrin inkişafı üçün danışıqların davam etdirilməsi barədə qərar qəbul etdik” – deyə bildirib.

Qeyd edək ki, İsrail-Türkiyə münasibətlərindəki gərginliyin aradan qalxması Azərbaycanın da maraqlarına cavab verir. Bu mövzu ilə bağlı xarici mətbuatda gedən yazılarda İsrail-Türkiyə münasibətlərindəki soyuqluğun aradan qaldırılması üçün Azərbaycan prezidenti İlham Əliyevin xüsusi səylər göstərdiyi  də vurğulanıb.

Xətai
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR