“Zamanın axarında”n baxanda dünya aydın görünür…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Kitab təkcə bilik mənbəyi deyil. Kitab həm də zamanın müəyyən dünəninin tarixi (ədəbi) güzgüsüdü; olmuşlar da görünür, görünənlər arasında bağlılıq da. Belə kitablara dəyərli kitab deyirik. Belə kitablar düşüncələrimizin ömürdaşı da olur…

Kitabları hadisələrin, faktların tarixi kimi oxuyuruq. Bu hadisələrin, faktların özü də, mahiyyəti də düşüncələrimizə hopur. Oxuduqlarımızı gördüklərimizin, duyduqalrımızın davamı, bəzən də əvvəli bilirik. Bunun fəlsəfəsinin yaşam fəlsəfəsinin zərrəsi olduğunu da duyuruq. Onda “Kitab həyatın inikasıdır” deyənlər çox olur. Onların haqlı düşüncəsini düşüncəsi bilənlərdənəm…

Xatirələr kitabı düşüncələrə daha həssaslıqla hopur. Kitabla kitabın müəllifini tanıyan oxucu arasında söz vasitəsilə duyğusal bir ruhi münasibət yaranır. Müəllifinə rəğbətin olduğuna görə. Müəllifin sənin ömründə də olduğuna görə. Həyat həm də buna görə gözəldi…

“Zamanın axarında”(Zəngəzursuz illərim) kitabının avtobioqrafik mahiyyəti ictimai mahiyyətli olduğu üçün cəmiyyətin müəyyən bir dövrü haqqında xronika kimi də oxunur…

Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, XI, XII çağırış Respublika Ali Sovetinin deputatı seçilmiş, böyük ziyalı, dəyərli vətəndaş, milli-xəlqi dəyərləri fenomenal incəliklə yaşadan Tofiq Mehdiyevi zamanında mən də tanımışam, bu tanımanı tale qazancı bilmişəm – mən də söhbətlərində aqil kəlamlarının işığını, hər məsləhətində Dədə Qorqud hikmətini görmüşəm. “Ürəyinin hökmü sənin ilkin istinadgahın olmalıdı. Yoxsa getdiyin, gedəcəyin yollar ayağın altından sürüşər…” – kəlamları eşidənin ürəyinin təpərinə, dizinin taqətinə dönərdi, düşüncələrini durulaşdırardı. İllər sonra “Zamanın axarında” kitabında Zərdüşt peyğəmbərin bir deyimini oxuyanda da bu duyğuları yenidən yaşadım: “Dünya yeni hay-küylər icad edənlərin deyil, yeni dəyərlər yaradanların başına fırlanır. Özü də səssiz-səmirsiz” (yeri gəlmişkən, kitabda bölmələrə epiqraf kimi Zərdüşt peyğəmbərin kəlamlarının seçilməsi ruhun da, düşüncələrin də müqəddəslikdən barındığının ifadəsidir…). Tofiq müəllim həmişə xalq üçün, dövlət üçün, dövlətçilik üçün yeni dəyərlər yaradanların sırasında olub. Bu dəyərlərin ən gözəli, ən gərəklisi insanlara sevgi olub, tarixə sədaqət. Belə bir tarixi şəxsiyyətin yazdığı “Zamanın axarında” kitabını da belə dəyələrdən biri bilirəm…

“Zamanın axarında” kitabı mahiyyətinə görə bir ömrün salnaməsidir. Həm də bütün çalarları ilə – Vətənə, torpağa, dövlətə. dövlətçiliyə sevgi kimi, yaşanıldığı anlardan sabahların düşüncələrinə. sabahların duruluğuna vətəndaş heysiyyəti kimi, bəşəri amallara xidmət kimi.

“Zamanın axarında” kitabı həm də tarix haqqında kitabdır, əslində, tarixin kitabıdır; illərin o üzündə qalmış hadisələr haqqında kitabdır.

Müəyyən mənada avtobioqarfik kitab kimi yazılsa da daha məzmunludur. Yəni hadisələr daha geniş miqyaslıdır. 6 hissəli kitabın ilk 3 hissəsində bioqrafik yönüm çox olsa da digər hissələr bilavasitə xalqın, dövlətin, dövlətçiliyin heysiyyətinin mühafizəkarı olan bir insanın dünyagörüşünün ədəbi-bədii ifadəsidir.

Tofiq müəllim heç zaman “mənə nə” fəlsəfəsiylə yaşamayıb, işləməyib. Həm də zamanın axarını xalqımıızın xeyrinə dəyişməyə də ciddi cəhdlər göstərib. Bəzən istər siyasi baxımdan, istərsə də həyat baxımından təhlükəli olsa da…

Ermənistan Azərbaycanın torpaqalarının 20 faizini işğal etmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə başlayan Vətən müharibəsi Zəfərlə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Məğlub Ermənistan Zəfərdən sonra da erməni xislətindən əl çəkmir. Oxçu çayı vasitəsilə Araz çayını çirkləndirməkdə davam edir. Bir neçə il əvvəl Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq parlamentlərarası İttifaqın 140-cı sessiyasında İran İslam Respublikası parlamentinin sədri Ermənistan parlamentinin sədrinə Araz çayını çirkləndirdiyinə görə Ermənistana ciddi iradını bildirmişdi. Mis və qızıl zavodlarından Araz çayına müxtəlif  tullantılar axıdılırdı. Bu məqsədlə ermənilər Oxçu çayından da istifadə edirdi. Bu etiraz iki il əvvəl olmuşdu. Bu səviyyəli etiraz indi də var. Ermənilik indi də ekoloji cinayət törətməkdədir. Bu istiqamətdə Ermənistana ciddi etirazın tarixi neçə on illərin əvvəli ilə səsləşir. Tofiq Mehdiyev Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi olanda. Bu fakt “Zamanın axarında”  kitabında da öz tarixi əksini tapıb. “Oxçu çayının fəryadı” məqaləsində. “…SSRİ Əlvan Metallurgiya Sənayesi Nazirliyinin nümayəndələri və Azərbaycan Təbiəti Mühafizə Komitəsinin sədri Bəybala Adıgözəlovla birlikdə Qafan Kacaran mədənlərinə getməli olduq. Mockvadan gələnləri eşidən müəssisə rəhbərləri tez qəsdən dayandırdıqları təmizləyici qurğuları işə salıb, hətta sonuncu dəryaçada balıq, qurbağa və digər canlıların olduğunu da sübut kimi göstərirdilər. Qafan şəhərini də məişət tullantılarından təmizləyən qurğular da işə salınmışdı. Beləliklə, komissiya gələndə təmizləyici qurğular işə salınır, getdikdən sonra qurğular dayandırılır və tullantılar təmizlənmədən yan kəmər vasitəsilə Oxçu çayına axıdılırdı. Nəhayət etibarilə Təbiəti Mühafizə Komitəsinin sədri Bəybala Adıgözəlov Zəngilan rayonu ərazisində Oxçu çayının təmizlik dərəcəsini müəyyənləşdirən laboratoriyanın açılmasını təmin etdi və orada işləmək üçün Məhəbbət Qurbanov adlı gənc mütəxəssis təyin edildi. Oxçu çayının təmizliyinə gündəlik nəzarət rəsmi qaydada təmin edildi…”…

Bu faktaları oxuyanda erməniliyin Sovetlər dönəmində də dünyəvi cinayətlər törətdiyinə əmin olursan, ona da əmin olursan ki, Mərkəz bu cinayətlərin aradan qaldırılmasına o qədər də maraqlı olmayıb (“dovşanı araba ilə tutan” Sovet hökuməti ermənilərin bu işləyini müəyyən edə bilməzdimi?..”). Ona da əmin olursan ki, təkcə vəzifə borcu kimi deyil, vətəndaşlıq borcu kimi, xalqın oğulu kimi, xalqının sabahlarını düşünən səlahiyyət sahibi kimi yaşayanlarımız da olub. Tofiq Mehdiyev belə vətəndaş idi, belə katib idi…

Bu kimi faktların kitabı, əlbəttə ki, dəyərli kitabdır!..

“Nüvədi epopeyası” məqaləsi də düşüncələri tarıma çəkir. “Niyə”lər oxuyanın yaxasından “dördəlli” yapışır. Tarix var məqalədə. Nüvədinin tarixində Azərbaycanın tarixinin bir parçasını görürsən. Tofiq müəllim tarixdən çoxumuza bəlli olan faktları xatırlatmaqla çoxumuza məlum olmayan bir məqama aydınlıq gətirib. Bu da tarixdi: Niyə ermənilər azərbaycanlıları Qafan, Gorus, Sisyan rayonlarından çıxatrdıqdan sonra Meqriyə qarşı nisbətən mülayim davranış göstərdilər? Tofiq müəllimin fakt səviyyəsində şərhində bir təəssüf də var, siyasi “qalaqurmaya” qarşı vaxtında görülməyən tədbirlərə görə təəssüf: “… Azərbaycanlıların Ermənistandan deportasiya, genosid siyasətini həyata keçirən rəsmilər və terror qrupları maraqlı taktikaya əl atdılar. Belə ki, Qafan,  Gorus, Sisyan rayonları tam türksüzləşdirildikdən sonra Meqri rayonunun Azərbaycan kəndlərinin enerjisi, rabitəsi kəsilsə də, əhaliyə toxunmayaraq, zor işlədilmədi. Bu da o məqsədlə edildi ki, deportasiya Qafandan sonra Meqridə baş versə, qarışıqlıq nəticəsində qatarların hərəkəti Yerevan-Bakı xəttinin 49 km-lik Meqri rayonu hissəsində dayana bilər və köçürmə prosesi uzanardı…”; Tofiq müəlimin bəyənilən şərhi təsdiqləyir ki, Meqriyə qarşı bu mülayim münasibət də, əslində,  erməniliyə xidmət edirmiş…

Bu kimi faktların kitabı, əlbəttə ki, dəyərli kitabdır!..

“O adamları sevirəm ki, canına cəfa verir, özündən sonra bir iz qoymaq istəyir” epiqrafı ilə yazılmış “Rus sərhədçi dəstələrinin ov və istirahət zonası. Məhəmməd Əsədov” məqaləsi bir neçə baxımdan diqqəti çəkir. General-mayor Məhəmməd Əsədov kimi qətiyyətli, xalqını, dövlətini, dövlətçiliyini varlığıyla sevən bir şəxsiyyətin  ömründən düşən izlərə sayğı olduğuna görə, rus sərhədçilərinə Azərbaycanda yaradılan şəraitin necəliyinə, “niyə”sinə marağa görə.

Oxuyursan, müəllifin (Tofiq Mehdiyevin) timsalında “Mən Azərbaycanlıyam!” deyənlərin hiddətini görürsən. Görəsən, Mərkəz belə bir şərhə görə nə qərar qəbul edərdi? – Tofiq müəllim kimi böyük milli-xəlqi mentalitet cəfakeşləri bu haqda zərrəcə düşünməzdilər (“Xalqın adı olan yerdə fərdin adı olmur!” – Tofiq müəllimin yaşam fəlsəfəsinin bir zərrəsi də belədi”…): “…Sərhəd çəpəri ilə Araz çayı arasında qalan bərəkətli, suvarılan məhsuldar torpaq əraziləri yerli əhalinin istifadəsindən kənar, rus-sovet əsgərlərinin ixtiyarında qaldı. Bu işin heç bir hüquqi əsası da yox idi…”…

Tofiq Mehdiyev Zərdüşt peyğəmbərin bir deyimini deyəcəyi fikrə “ön söz” bilərək “Tarixi xətalar düzəldilməlidir” məqaləsində tarixi bir məsələ haqqında tarixi bir məqamı xatırladır. Bu xatırlatma toponimikamızla bağlı imperiyanın xətalarıına vətəndaş etirazıdı, imperiyanın siyasi xofunu milli ruhunun ayaqaları altında çığnayan səlahiyyətli partiya işçisinin etirazıdı, milli ruhun etirazıdı. Bu etiraz sonralar gerçəkləşdi və bu gerçəkləşmənin başlanğıcının Ali Sovetin sessiyasında Tofiq Mehdiyevin ciddi təklifiylə bağlı olduğunu çoxumuz bilmirdik:

 “Sessiyanın gedişində əl qaldırıb mənə söz verilməsini istədim. İclasın sədri çıxış üçün söz verdi və mən tribunaya qalxdım. Zaldakılara müraciətlə dedim:

–Hörmətli deputatlar və sessiya iştirakçıları!

Dünya dəyişir. Hər bir xalq öz keçmişinə qayıdır. Tarixinə hörmət edir. Ölkədə gedən yenidənqurma prosesi bizə imkan verir ki, bir çox məsələlərə yeni prizmadan yanaşaq. Nə zamana qədər dahi şeyx Nizaminin yurdunun adı Kirovabad, erməni və yad mənşəli adları da şəhər və rayonlarımız daşıycaqdır? Təklif edirəm Kirovabada öz əvvəlki Gəncə, Qutqaşenə – Qəbələ, Vartaşenə – Oğuz adları verilsin!”..

Toponimlərimizin bu səviyyədə dəyişdirilməsi, tarixdən zorən qoparılması, unudulmağa məhkum edilməsi onun qürurunu silkələyirdi. Füzuli demişkən, o illərdə də “Dust bipərva, fələk birəhm, dövran bisükun, Dərd çox, həmdərd yox, düşmən qəvi, tale’ zəbun” idi. Həm də rus imperiyasının siyasi işləkləri görünməmiş qəddarlığa söykənirdi. Belə bir vaxtda, imperiya hələ birdəfəlik süqut etmədiyi illərdə belə bir milli-xəlqi düşüncə böyük cəsarət tələb edirdi. Tofiq müəllimin təklifi bir neçə ildən sonra yerinə yetirildi…

O illərdə Mərkəzi Komitənin İnzibati orqanlar şöbəsinin  müdirindən Zəngilnda sərhədçilərin istifadəsində olan torpaqların rayona verlməsi və əkin dövriyyəsinə daxil olunmasını xahiş etmək də eyni səviyyəli cəsarət idi və Tofiq müəllim belə cəsarətə malik olan rəhbər idi, həm də xalqını düşünən cəsarətli rəhbəri idi.

Məqalənin (deməli, kitabın!) tarixi (və xəlqi-milli!) dəyəri həm də iki tarixi şəxsiyyətin (Tofiq Mehdiyev, Məhəmməd Əsədov) xalq üçün, millət üçün, dövlət, dövlətçilik üçün gördüyü mühüm bir işə şükranlıqdı (“…Zaqafqaziya hərbi dairəsindən sərhəd qoşunlarına məsul general Lilin özü Zəngilana gələrək sərhəd zolağındakı istifadəsiz qalan torpaq sahələrini rayonun əkin dövriyyəsinə daxil edib, istifadəsi üçün müvafiq əmri gətirdi. Əlavə sərhəd keçid məntəqələrinin açılmasına sərəncm da verdi…”)…

Vicdanın səsi ifadəsini çox yerdə, çox məqamda eşitmişəm. Ancaq heç birində “Zamanın axarında” oxuduğum həddə duyğulanmamışam. Tofiq müəllim “Zəngəzur dağlarının efesi” adlandırdığı Xanəli Şirinov haqqında yazdığı “Vicdanın səsi ilə” məqaləsində yazır:

“…SSRİ Daxili İşlər Nazirliyinin tapşırığı ilə Bakıdan gələn orqan işçiləri inspeksiya qaydasında əhalidən ov tüfənglərini müsadirə etdiyi üçün meşəçi Xanəli kişinin də silahı əlindən alınmışdı. Xanəli kişinin uzun müddət küsülü qaldığı, soyadını unutduğum qonşusuna məxsus silahı xahiş edib aldıqdan sonra heç bir kəsə demədən Seyidlər kəndinə getmişdi.

Hörmətli oxucum sual edib soruşa bilər ki, evində nəvələrilə gün keçirməli olan ağsaqqal, yaşlı bir insanın gecə yarı terrorçuların üzərinə getməsinə səbəb nə idi?! Cavabını bir sual, bir nida ilə verirəm:

–Vətən, torpaq, millət sevgisindən başqa daha nə ola bilərdi? Vicdanın Səsi!”…

Bu sətirlər təkcə vətənsevərliyi istər o illərdə yaşayanlara, istərsə də ondan sonra (elə indi də) görk olan bir Kişi haqqında əsl kişi sözüdü, həm də müharibənin tarixidi. Kitablara düşməyən, çoxlarının xəbəri olmayan tarixi. Bu tarix 2020-ci ilin sentyabrına qədər də düşüncələri silkələməli idi, Zəfərdən sonra da ehtiramla xatırlanmalıdı. Tofiq müəllimin “Zamanın axarında” kitabı həm də müharibə tarixi haqqında dəyərli bədii-tarixi kitabdır. Belə kitablar tarixi kitablar seriyasından oxunmasa da dəyəri tarixi kitabların dəyəriylə müqayisə edilməlidir; az adamların bildiyini bu səviyyədə ictimailəşdirmək də müharibə tarixinə (xalqın tarixinə!) sevginin təzahürüdür. Bu sevgi qüdrətə sevgidi. Həmin silahın sonralar bir erməni qruplaşmasını zərərsizləşdirən qüdrətə sevgidi:

“…Gecədən xeyli keçmiş, səhərə yaxın Hamlet Köçəryanın özü və terror dəstəsi “Qaz-21” markalı nömrəsiz “Volqa” avtomobilində Qafandan Seyidlərə gəlib kəndin mərkəzində dayandı. Maşından enib ora-buranı seyr edən Köçəryanın dəstəsinə Xanəli kişinin qəflətən açdığı atəş dığaları pərən-pərən saldı. Maşın dolu qumbaradan, avtomat silahdan və tapançadan istifadə edə bilməyən nəşəli, kefli dəstə üzvlərinin hamısı Xanəli kişinin başçılığı, postda olan polis nəfərlərinin və kənd əhalisinin köməkliyi ilə həbs edildi…”…

Qürrə var sətirlərdə. Xatirə biçimində təqdim edilən bu qürrə zamanında rayona rəhbərlik edən, xalqını, dövlətini, dövlətçiliyini sevən, illərini bu sevgi ilə yaşayan bir azərbaycanlı kişisinin qürurudu, gözəl duyuma, gözəl bədii təfəkkürə, tarixi faktları gözəl ədəbi materiala çevirməyi bacaran bir söz adamının qürurudu. Bu qürur 2020-ci ilin 20 oktyabrında da, 8 noyabrında da kükrədi. Bu kükrəyiş şükranlıq kükrəyişiydi. Bu məqamda Tofiq müəllimin “Vətən gözləyir” məqaləsinə epiqraf gətirdiyi bir kəlamı xatırlayıram: “Mərd adamları sevirəm, çünki gözü ilə od götürə-götrə dünyanın qəm yükünü çiynində daşımağa tək onların hünəri çatar”. Bu sitat Tofiq müəllimin zəngilanlılara sevgisini ümumiləşdirir. Bir zəngilanlı kimi mən də bu fikri Tofiq müəllimin özünə şamil edirəm: zəngilanlılar mərd kişi kimi tanıdıqları, sevdikləri Tofiq Mehdiyevi həmişə ehtiramla xatırlayır. Bu xatırlama mənəvi borc xatırlamasıdır. “Zamanın axarında” kitabının zəmanəti ilə…

1990-cı ilin əvəllərində Zəngilnda da siyasi vəziyyət xeyli gərginləşmişdi. Separatçılıq, millətçilik Zəngilanda həyat tərzinin üstündə qara buludlar dolaşdırırdı. Bunu duyanlar duyurdu, buna qarşı müəyyən tədbirlər də görülürdü. Ancaq Ermənistanda fəaliyyət göstərən separatçılıq şəbəkəsi Mərkəzdən himayə edildiyundən ermənilər belə tədbirlərə məhəl qoymurdu. O illərdə azərbaycanda xalqın qətiyyəti təhlükələrin aradan qaldırılacağına ən böyük zəmanət idi.

1990-cı ilin mart ayında ermənilər bir qədər də fəallaşmışdı. Bu fəallıq özünü kəskin separatçılıq müstəvisində büruzə verirdi.

Rayonda becərmə işlərinin qızğın çağı idi. Dizində taqət, ürəyində təpər olanların hamısı əkin-səpinlə, becərmə ilə məşğul idi. Necə deyərlər, bol məhsul üçün əsl təsərrüfatçılıq zəmini yaradılırdı. Belə bir vaxtda ermənilər Həzi Aslanov adına sovxozun ərazisində bizə məxsus olan BTR-in müşayiəti ilə Seyidlər kəndindən üzüm sahələrinə gedənləri əsir götürmüşdü. Bu, açıq qarşıdurma kimi gələcəkdə ehtimal edilən çox təhlükələrin başlanğıcı idi. Tofiq Mehdiyev “Zamanın axarında” kitabında bu hadisəni də xatırlayır. Əslində, müharibə ərəfəsinin tarixi ermənilərin niyə və necə fəallaşdığını sənədləşdirən belə faktlardır. Tofiq müəllim həmin hadisəni xatirə kimi xatırlatmır. Tarix kimi yada salır, unudulmaması üçün kitabına ədəbi material bilir.

“…Ertəsi gün Yerevan-Qafan qatarından 50 nəfər əsir götürüldü. Xəbər ildırım sürətilə hər yana yayıldı. Bakıdan, Xankəndindən, Moskvadan edilən zənglərin ardı-arası kəsilmirdi. Əsirlər – dinc mülki sakinlər erməni, rus, belorus millətindən olmaqla hamısını evlərdə, etibarlı yerlərdə yerləşdirib çay-çörəklərini əsl azərbaycanlı-türk insanpərvərliyi ilə təmin etdik. Biz əsirlərimizin geri qaytarılmasını istəyirdik! Günortaya yaxın Xankəndindən V.Polyaniçko Qarabağın hərbi komendantı general V.Safonovla birgə vertolyotla Zəngilana gəldilər. V.Polyaniçko gələn kimi dedi ki, Tofiq Mehdiyev, ola bilməz ki, sizin bu işlərdən xəbəriniz olmasın. Axtarırıq, Viktor Petroviç, – dedim. V.Polyaniçkonun yanında ona-buna zəng etməklə guya bu işlə ciddi məşğul olduğumuzu göstərirdik. V.Polyaniçkonun gəlişindən təxminən bir saat sonra bizim tanımadığımız, Qarabağdan olan qüvvələrin bu işi etdiyini müəyyənləşdirdiyimizi bildirdim. Dəstə başçılarının tələbi odur ki, dünən ermənilər əsir götürdükləri 9 nəfərin hamısını sağ-salamat, BTR-lə birlikdə qaytarsınlar. Əsirlərin təhvil verib, təhvil alma, dəyişdirilmə prosesini Seyidlər kəndində, Qafan şəhərinin iki kilometrliyində həyata keçirək. Əminlik və təhlükəsizlik üçün əsrlərdən yaşca cavan olanlarını vertolyotla, yaşlı və uşaqları avtomobillə göndərəcəklərini şərt kimi irəli sürdülər. Deyilən şərtlərlə razılaşan V.Polyaniçko erməni əsirlərinin bir hissəsini vertolyotla sərhəddə olan Seyidlər kəndinə apardı. Rəsmi Ermənistan əsirlərin bir hissəsinin Seyidlər kəndinə gətirildiyinə əmin olduqdan sonra bizim 9 nəfər əsirimizi də ora gətirmək qərarı verdilər…”.

Çoxlarına məlum olmayan bu hadisə xalqın müharibəaparma qətiyyətinin, torpaqsevərliyinin tarixidir. Bu baxımdan Tofiq Mehdiyevin “Zamanın axarında” kitabı həm də elan edilmədən başlayan müharibədən əvvəl erməniliyin törətdiyi təxribatları ictimailəşdirmək, bu baxımdan tarixləşdirmək missiyasıdır (və müharibə tarixidir!). Tofiq Mehdiyevin “Separatçılıq yolunu seçmiş kirvələr” məqaləsi məhz bu gerçəkliyin məqaləsi, “Zamanın axarında” kitabı bu gerçəkliyin kitabıdır.

Məqalədə iki məqam da diqqəti şəkir: V. Polyaniçkinun hadisələrə münasibətində liberallığı, hadisələrə rayon Partiya Komitəsinin birinci katibinin partiyanın tələbi mövqeyindən deyil, xəlqi, milli mövqedən münasibəti. Oxuyursan və yadına məlum bir beyt düşür:

Sən səni bilməz isən,

Partladarlar ənsəni…

Bu misralar da xalq hikməti kimi yaşadılmaqdadır…

Məqalədə bir məqam da diqqəti çəkir və qürur doğurur. Bu qürur həm hadisənin sonluğunun qürurudur, həm də o sonluğun da məqalədə (kitabda) əksini tapmasının qürurudur:

“…xalqımız və zəngilanlılar gördülər ki, əsirlər silah-sursatları və hərəkət etdikləri BTR-lə bərabər heç bir gün keçməmiş geriyə alındı. Bu hadisədən sonra düz bir il ərzində sərhəd bölgələrində erməni dəstələrinin davamlı təxribatları bir qədər səngidi…”.

Məqalə təsdiqləyir ki, o illərdə zəngilanlılar təkcə Ermənistanla deyil, Moskvanın qondardığı (məhz qondardığı!) idarəetmə şəbəkəsi ilə, bu baxımdan Moskva ilə mübarizə aparırdı. Kitabın tarixi dəyərini bu təsdiq də artırır…

“Zamanın axarında” kitabında bir təssüf də gizildəməkdədir. Bu gizilti təəssübkeşliyin giziltisidir. Bu gizilti başa çatdırılması mümkün olmayan bir istəyin giziltisidir: “…Ermənilər bizim üçün Qarabağ problemi yaratdığı kimi biz də onlara Nüvədi provlemini qaldırdıq. Fərq ondadır ki, onlar bu məsələni dövlət səviyyəsinə qaldırdılar. Biz isə rayon səviyyəsindən yuxarı çıxarda bilmədik…”. Ağrıdııcı təəssüfdür. O illərdə belə bir təşəbbüs də düşmənlə mübarizənin tərkib hissəsi idi. Bu fakt da təsdiqləyir ki, o illərdə Zəngilanda torpaqalrın müdafiə sistemi passiv deyildi. Bu xatırlatma “Zamanın axarında” kitabının xatırlatmasıdır…

“Erməni xisləti, Qafqaza gətirdikləri terror və faciələr, qısaca mentallıqları barədə”, “Torpaqlarımızı özümüz qorumalıyıq”, “Çöp axtaran Xodakovski” və s. məqalələr də oxunaqlıdır, vətənsevərlik haqqında vətənsevərin ürək sözləridir…

“Zamanın axarında”n baxanda dünya aydın görünür…

Bayram MƏMMƏDOV,

Milli Məclisin deputat köməkçisi,

Əməkdar müəllim, AJB-nin üzvü

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR