Dostluq salnaməsinin Tapdıq Əlibəyli bəhri

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Nə xoş mənə ki, bu gün varlığı ilə dostlarını sevindirən bir insandan yazıram. İnsan kimi insan, adam kimi adamdan..

Maksim Qorki deyir ki, dünyada ən şərəfli vəzifə insan olmaqdır. Bunu da hər kəs bacarmır. İnsan olmaq üçün öncə yaşadığın mühit saf, təmiz  olmalıdır. Xarakteri formalaşdıran üç cəhətdən biri yaşadığın məkan, ikincisi insanları, üçüncüsü  isə iradədir. Bunların cəmində cəmiyyətə nümunəvi, əxlaqlı bir insan inteqrasiyası baş verir. Belə insanlardan biridir Tapdıq Əlibəyli. Azərbaycanın səfalı guşələrindən biri olan Yardımlıda dünyaya göz açan insanın ruhu dağ havasında, laləzar ətrində  gözəlliklər aşiqinə çevrilib. Onun ruhu saz səsinə kökləndiyi kimi də,  şeriyyətində dağ qayalarından süzülüb gələn təmiz, insana sərinlik verən şəffaf çeşmə suyuna bənzəyir. Və Tapdıq Əlibəyli öz yaradıcılığında özünü tamamən amadə edir. Vətən sevgisindən pərvazlanan qəlbi Tanrı gözəlliklərində bərq vuraraq əsrarəngiz bir aləm yaradır. Özü kimi..

Ömür adlı karvanın sarvanı olan insan müdrik olduğu zaman dolambaclarda büdrəmir, həyatın axarında özünü təsdiq edir. Müdrikliyin ətəyindən tutub gedən Tapdıq Əlibəyli əxlaqı, davranış mədəniyyəti ilə özü barədə elə bir təqdimat veriib ki, onu tanıyan hər kəs ondan ehtiramla danışır. Mən Tapdıq Əlibəylini uzun-uzun illər öncədən, nəşriyyatdan tanıyıram. Onunla ilk tanışlığım rəhmətlik Oqtay Salamzadənin yanında olmuşdu. Yüksək ehtiram mədəniyyətinə malikliyi, ahəstə danışığı müdrikliyindən xəbər verirdi. Sonralar isə Yardımlı rayonuna səfərlərimdə daima yanımda oldu. Yardımlılar çox qonaqpərvər, sözə qiymət verən, təmiz ruhlu insanlardı. Mən də buranı “süzən qatrallar diyarı” adlandırmışdım. Məni isə burda “Banu” çağırırdılar və bu günə qədər də sevimlimiz Tapdıq Əlibəyli adımı sevgiylə Banu çağırır. Və dostluq təcəssümünün bu bəhri ruhuma o qədər xoş gəlir ki…

Şair kimi də sevilən bu insanın şeirlərində vətən yanğısı ruhuma uyuşduğundan şeriyyətinə sevgim də təntənəlidir. Sonralar Ağsaqqallar Şurasına üzv olan Tapdıq Əlibəyliylə daha çox ünsiyyətdə olduq. Və onun çəmənlərə, çiçəklərə qonan, qonçədə gizlənən sevgi dünyasına baş vurdum. Öz paklığını saxlayan ruhu pisliklərdən uzaq tutan sevgisini də qorumağa çalışır.  Eşqi bir başqa, sevgisi bir başqa, məhəbbəti isə bir başqa özəl və gözəl olan dostumuzun şirin təbəssümündə gizlənmiş qüssə izini tapmaq asan məsələ deyil. Bəzi insanlar öz içlərinə qapandıqları üçün öz qəlblərini həmdəm seçərlər və daima dili susqun ürəklərinin dili ilə qəlblərilə danışarlar. Öz qəlb gözəlliklərini də başqalarına təlqin etməyə çalışarlar. Belə insanlarla dost, yoldaş olmaqdan gözəl nə var ki….

Lev Tolstoy deyir ki,  bil ki, yaşadıqlarınla deyil, yaşatdıqlarınla xatırlanarsan. Və unutma; nə yaşatdınsa, əlbət bir gün onu yaşayarsan. Tapdıq Əlibəyli elə gözəl bir yaşam seçib ki, özünə, bu gün o yaşamın gözəlliyinin təkrarını yaşayır.

Bu il Tapdıq Əlibəylinin 60 illik yubileyidir. Onun haqqında deyiləcək o qədər gözəl söz var ki, bu kiçik yazıya sığmaz.

Sözümü ortaq dostumuz, Yadımlının dəyərli ziyalısı Sayədulla Kərimlinin sözüylə bitirmək istəyirəm. Bir dəfə şairi tərifləyəndə, ağsaqqalımız güldü, dedi, Yardımlı Azərbaycanımızın cənubunda yerləşən sıldırım qayaları, sıx meşələri, dağları, yamacları, əlalxüsus da əsrarəngiz şəlaləsi ilə könülləri fəth edib. Belə bir təbiəti olan yerin havasını ciyərlərinə cəkmiş, buz kimi bulaqların gözündən su icmiş, Azərbaycan poeziyasına yeni nəfəs gətirmiş gözəl şairimiz Tapdıq Əlibəyli necə olmalıydı ki?…

Sevimlimiz Tapdıq müəllim! Örnək ömürlü bir insan kimi sizin daim qəlbimizdə məxsusi yeriniz var. Sizə indən belə yaşadığınız illərdə həyatda ən gözəl nə varsa, hamısını diləyirəm. Ən gözəl statusdasız, baba adlı! Arzu edirəm ki, nəticə, kötücə babası olasınız. Sağlam canla 100 yaşamağı mən arzuladım, yüzdən sonra gerisi sizlikdi…..

Həyat gözəldi, yaşayın, yaradın!

Dərin ehtiram və sevgiylə sizin Banu!

 

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR