Haqqımızda Əlaqə

Sağlam və firavan gələcək üçün yeganə yol vaksinasiyadır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Covid-19 pandemiyası ilə mübarizədə nümunəvi dövlətlərdən biri olan Azərbaycan eyni zamanda pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən də biridir. Beləki aprel ayının 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkil olunan tədbirdə cənab Prezident İlham Əliyevin video müraciəti böyük marağa səbəb olmuşdur. Ölkə rəhbərinin vaksin kimi önəmli məsələlərdə təşəbbüskar kimi çıxışı liderlik örnəyinin nümayişi idi. Təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun cənab Prezident İlham Əliyevin çıxışına münasibət bildirərkən, “Mən Sizin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyiniz liderliyi alqışlayıram və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün tərəfimizdən daha çox işlərin görülməsi ilə bağlı fikrinizlə razıyam” deməsi Azərbaycan Respublikasına və onun rəhbərinə beynəlxalq ictimaiyyət tərəfindən göstərilən hörmət və ehtiramın növbəti dəfə təzahürü idi. COVAX platformasına ilkin qoşulan ölkələrdən olan Azərbaycanda artıq vaksinasiya prosesi uğurla həyata keçirilir. Dünyada vaksinin paylanmasında ədalətsiz yanaşmanı nəzərə alsaq, cənab Prezident İlham Əliyevin şəxsi nüfuzu nəticəsində ölkəmiz həm vaksini birinci əldə edən ölkələrdən oldu, həm də kifayət qədər böyük həcmdə vaksin bazası yarada bildi.

Vətəndaşlarımızın dövlətin gördüyü tədbirlərə düzgün qiymət verməsi və könüllü şəkildə vaksin vurduraraq həmrəylik nümayiş etdirməsi sevindirici haldır. Çünki dünyanı cənginə almış bu gözəgörünməz düşmənə qarşı yeganə mübarizə metodu vaksinasiyadır. Vaksinasiyasız əvvəlki normal həyatımıza qayıtmaq mümkün deyil. Vaksin immun sistemini gücləndirərək infekseksiyalara qarşı daha effektiv mübarizə aparmağa kömək edir. Əgər virus vücudumuza daxil olsa orqanizm artıq virusla necə mübarizə aparacağını biləcək. Çünki immun sistemimiz zəiflədilmiş ya öldürülmüş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olan virusu peyvənd yolu ilə qəbul edən zaman onu antigen kimi qavrayır və ona qarşı anticisimlər yaradır. Artıq orqanizm bu vəsilə ilə virusla tanış olur və ona qarşı hazırlıqlı olur.

Vaksinasiya insanlara ciddi zərər verə biləcək və ya ölümə səbəb olacaq xəstəlikdən qorumaqla yanaşı cəmiyyətdə kollektiv immunitetin yaranmasına da səbəb olacaq. Belə ki, kollektiv immunitet pandemiyanın qarşısını alacaq və xəstəlik tədricən yox olacaq. Bəzən gənc və özünü sağlam hesab edən insanlar arasında fikirlər formalaşır ki, xəstəlik yaşlı və orqanizmi zəif insanlar üçün təhlükəlidir. Düzdür xəstəliyin statistikasına baxsaq daha çox yaşlı nəslin nümayəndələri əziyyət çəkir. Amma unutmaq olmaz ki, həm ölkəmizdə həmdə dünyada minlərnən gənc bu xəstəliyin qurbanı olaraq həyatlarını itiriblər. Xəstəliyi simptomsuz və ya çox yüngül keçirənlər anlamalıdırlar ki, yaşlı və digər xəstəlik daşıyan insanların həyatlarını təhlükə altında saxlayırlar. Bildiyimiz kimi hamilə qadınlar, süd verən analar və 18 yaşdan kiçik vətəndaşlar vaksinasiya prosesində iştirak etmirlər. Qeyd olunan katoqoriya insanların sağlamlığının qorunması digər vaksin olunmuş insanların orqanizmində yaranmış immunitet sayəsində mümkün olacaq. 

Tarix boyu bir çox xəstəliklər meydana gəlib və onlardan xilas yolu ancaq vaksinasiya sayəsində mümkün olubdur. Düşünün ki, vərəm, hepatit B, difteriya, qızılca, polimielit və digər xəstəliklər vaxtilə milyonlarla insanın həyatına son qoyubdur. Bu xəstəliklərdən də xilas yolu kütləvi vaksinasiya nəticəsində mümkün olmuşdur.

Həyatı əhəmiyyət daşıyan peyvəndləşmə eyni zamanda təhsil sisteminidə iflic vəziyyətinə salmışdır. Dünyada milyonlarla şagird və tələbə ənənəvi təhsildən uzaq düşüb. Övladlarımızın sağlam və etibarlı gələcəyi üçün mütləq vaksin olunmalıyıq. Bununla yanaşı peyvənd olunaraq milyonlarla insanın işini itirdiyi iqtisadi itkilərin qarşısını ala bilərik. Yenidən həm iqtisadi, həm də mədəni həyatımız canlana bilər. Ümumilikdə pandemiya vəziyyətində hər bir dövlətin qarşısında iki mühüm məsələ var idi: ya insanların həyatını xilas etmək ya da iqtisadiyyatı qorumaq. “Bizim üçün prioritet məsələ insanların sağlamlığı və sosial müdafiəsidir”  deyən ölkə başçısı bir daha Azərbaycanın sosial dövlət olduğunu göstərdi. Əlbətdə ki, məhdudlaşdırıcı tədbirlər sayəsində iqtisadiyyatın müxtəlif sahələrində çətinliklər yarandı və büdcə gəlirləri azaldı. Pandemiya ilə mübarizə və onun yaratdığı fəsadların qarşısını almaq üçün ölkə rəhbərinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən və digər mənbələrin hesabına ümumilikdə 2,5 milyard manat vəsait ayrılmışdır.

Vaksinasiya insan ölümünün qarşısını almaqla yanaşı eyni zamanda səhiyyə sisteminində rahatlaması və onun üzərinə düşən yükü azaldacaq. Dünyanın bəlasına çevrilmiş bu virus insanların həyatında yeni reallıqların yaranmasına səbəb oldu. Bu reallıqlara adekvat olaraq dövlətimiz tərəfindən çevik və uzaqgörən qərarların atılması prosesi nəzarətdə saxlamağa kömək elədi. Atılan qabaqlayıcı tədbirlərdən biridə Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olundu. Bu istiqamətdə aparılan uğurlu starategiya sayəsində hal-hazırda ölkəmizdə dörd növ caronavirus əleyhinə vaksin var və bunların hər biri təhlükəsiz olmaqla yanaşı effektivdir. Bəzən rəsmi olmayan mənbələrdən sosial şəbəkələr vasitəsilə yalnış məlumatlar paylaşılaraq insanlar arasında vaksinlər barədə narahatlıq və çaşqınlıq yaratmağa çalışanlar olur. Hər kəsi bu tipli məlumatlardan uzaq durmağa və rəsmi olmayan heç biri məlumata inanmamağa çağırıram. Bu bəladan qurtulmağın tək yolu peyvənd olunmaqla kollektiv immunitet qazanaraq normal həyata qayıtmaqdır. Vətən müharibəsində xalqımızın birliyi və bərabərliyi sayəsində necə qalib olduqsa bu virusla mübarizədə də eyni düşüncə ilə qalib olacağıq.

Zeynalov Eldəniz
Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin baş məsləhətçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR