Azərbaycan və Pakistan generalları razılığa gəldi: Birgə təlim keçiriləcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, iyunun 21-də nazir, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Protokola uyğun olaraq ordu generalı Qamar Caved Bacva “Şərəf kitabı”nı imzalayıb.

Görüşdə xalqlarımız arasında dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında beynəlxalq hərbi əməkdaşlığın əsas istiqamətləri nəzərdən keçirilib.

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etməsindən məmnunluğunu ifadə edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəklədiyinə, həmçinin ölkəmizə göstərilən humanitar yardıma və mənəvi dəstəyə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.

Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.

Öz növbəsində Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Xalqlarımız arasında tarixən dostluq əlaqələrinin olduğunu qeyd edən ordu generalı Qamar Caved Bacva bu münasibətlərin digər sahələrdə olduğu kimi ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın da inkişafına böyük töhfə verdiyini bildirib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən ordu generalı Qamar Caved Bacva azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pakistanlı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu bir daha diqqətə çatdırıb. General həmçinin iki ölkənin hərbi sahədə əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün kifayət qədər geniş potensialın olduğunu bildirib.

Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi zamanı dağ təlimi mərkəzlərinin birgə istifadəsi və dağ-təlim heyətinin hazırlanması, həmçinin birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub.

Sonda tərəflər hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyini əsas gətirərək bu sahədə səylərin daha da artırılmasının zəruriliyini qeyd edib, hərbi qulluqçuların təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR