Haqqımızda Əlaqə

Şərafət Şəfa: “Musa Yaqublu günlərimiz”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“Şərafətini gördük, şəfasını görmədik…”

Heç vaxt ağlıma da gəlməzdi ki, bir zamanlar şeriyyətinin, sonralar isə insanlığının, sadə və səmimiliyinin  vurğunu olduğum böyük bir insan haqqında bir gün keçmiş zamanda yazacağam. Ruhumuz baharlı budağına qonan, sevgidən dönməyi, sönməyi çox çətin olan şərqin qoca şiri Musa Yaqub öyrətdi özünə, öyrətdi bizi.. Və bir gün də köz basıb sinəmizə, tərk etdi keşməkeşli dünyanın müvəqqəti və məşəqqətli  həyatını.

Uzun illər tədbirlərdə, toplantılarda rastlaşar hal-xoş edərdik. Hər dəfəsində də ilk dəfə görürmüş kimi adımı soruşar, təxəllüsümə gülümsər halda başını yelləyərdi. Bir dəfə əzizimiz Pünhan İsmayıllının qonağı idik hər ikimiz. Yenə eynisini söylədi. Dedi:”ay Pünhan, illərdir ki, mən bu qızın Şərafətini bilirəm, şəfasını bilmirəm axı”. Bizi gülüşə boğan, ağızlarda dolaşan, yaxınların zarafatla “Musa Yaqub demişkən” adlı bu söz atam qədər sevdiyim, Azərbaycan xalqının qəlbində öz əbədi taxtını qurmuş bir mövlanın yadigarıdır mənə. Mən uşaqlıqdan Musa Yaqub şeriyyətinin vurğunuyam. O zamanlar bizə elə gəlirdi ki, şair, yazıçı aktyorları yaxından görmək, onlarla ünsiyyət qurmaq xəyalidir. Lakin jurnalistikaya gəlişimdən sonar anladım ki, yazarlar əslində, ən sadə, ən səmimi, duyğulu və ən dərdli insanlarmış.

Musa Yaqub ən gözəl təbiət şairi idi. O, təbiəti, kainatı elə gözəl, xırda detalları, sadə dili ilə tərənnüm edirdi ki, şeir özü bədahətən hopurdu damarlara və ruhu sarırdı. Mən uzun illər Ağsaqqallar Şurasının mətbuat xidmətində çalışmışam. Şuranın sədri, akademik Budaq Budaqov coğrafiyaçı olduğu üçün Musa Yaqub və Məmməd Araz şeriyyətini öz təsviri əsəri kimi görürdü. Şeriyyətin vurğunu olan şura sədri onlardan tez-tez təhlilli yazılar yazardı. O, deyirdi ki, Musa Yaqub öz obasından qopa bilməyən kənd uşağı obrazını gəzdirir hələ də bu şəhərin küçələrində. Musa Yaqub  yaylaq, bulaq, bənövşə, meşə diliylə, yamac, ağac diliylə danışaraq könül səsini dinləyəni aradı şeirlərində. Təbiət ahənginə tutunan şair ruhuna qonaq etdi oxucularını, bizləri. Vətəninin qoynunda ölməyi fəxarət bilən şairin sevgisinin böyüklüyü bir kəlmədə cəmləşdi,-çürüyüm bir ovuc torpağın artsın!-deyərək.

Əziz, sevimli  bir insan idi xalqın şairi. Onunla həmsöhbət olanda ruhumuz qidalanır, duyğularımız paklanırdı. Deyirdi, sən Qarabağ sevdalısısan, sənə ən yaxşı şeiri Şuaşada deyəcəyəm.  Heyif ki, nəsib olmadı. Musa Yaqub hamının sevimlisi idi. O qədər səmimi, gözəlqəlbli, humanist insan idi ki… Bütün gözəl sözlərə layiq!

Deyir, yaxşı insan dünyada bir yolçu kimi yaşar. Doğular, bir az səyahət edər və sonra ölüm qapısından başqa bir aləmə keçər. Arxasinda isə yüzlərlə xoş ani, xatirə və min bir rəhmət buraxar. Musa Yaqub örnək ömür yaşayanlardandı. Bəlkə də mən rəssam olsaydım onun ruhunun şəklini çəkərdim. İlahi qüvvənin bir kəpənəyə vurduğu min bir cür naxışlı.. Musa Yaqub ədəbiyyatımızın  qızıl yatağı idi. Oxucunun ruhunu zənginləşdirən. Onu bohema elitasına xas tərzə gətirən. Həm öz qara, nurlu gözlərilə, həm də saf qəlbinin gözü ilə dünyaya baxmaga, həyatın gözəlliklərini duymağa, arının zəhmətini, yarpaq altdan boylanan böcəyin işvəsini görməyə, lal qayanın harayını, sərin suların səsini eşitməyə, yarpaqları ehmalca oxşayan mehi seyr etməyə vadar edən.

Bu gün mən də, bu sevimli adamın xatirələrində laləzar bir çəməndəki kimi idim. Duyğularım arı kimi şirə çəkib, ruhum pərvaz Musa Yaqub sevgisini çiçəkdən çiçəyə, ləçəkdən ləçəyə qondurdu. Ay-ulduzlu səmada xəyal kimi görünən mehriban çöhrəsinin şəfəqinə büründü kainat. Kainatı sevən, qum dənəsində onu axtaran adamın! Bu gün onun günü idi. Hara tutunsam qələmiydi.. Hara toxunsam şeriyyətinin izi …. Zərrələrdə belə Musa Yaqub sevgisinin tərənnümü vardı!

Bir də əbədi bir nağıl. Biri vardı, biri yoxdu. Böyük, əzəmətli Qafqaz dağlarında “Qoca şir” ləqəbli bir şair Musa Yaqub vardı..

Belə! Nağıla dönən əsrarəngiz adamın ruhuna salam olsun!

Sevgiylə,

Şərafət Şəfa

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR