Dövlətə və xalqa xidmətdən doymayan  insan

Yazı fontunu küçültür Yazı fontunu büyütür

          
  Bu gün Saatlı rayonunun  keçmiş tarixinə nəzər salanda, aparılan quruculuq, abadlıq işlərini göz önünə gətirəndə bu sahədə layiqli xidmətləri olmuş bir çox idarə, müəssisə rəhbərlərinin parlaq simaları aydın görünür. Bunlardan biri də təcrübəli texnoloq, təvazökar insan, dəyərli ziyalı, həmişə təşkilatçılıq qabliyyəti ilə seçilən Saatlı rayon Ağsaqqallar Şurasının sədri Nağıyev Adil Fazil oğludur.
Ta qədimdən bəri insan ömrünün hər anının özünə məxsus özəlliyi olub. Yaşanan ömür payı təkcə fərdin özünə deyil, dövlətə, dövlətçiliyə, cəmiyyətə həsr ediləndə o daha  mənalı, daha ehtiramlı, daha uzun ömürlü daha da bərəkətli olar. Məhz belə mənalı ömür yaşayanlardan biri Adil Fazil oğlu Nağıyevdir.
Müdriklik örnəyi sayılan, insanlığı hər şeyin fövqündə görən Adil Nağıyev şərəfli, mənalı ömür yaşayıb və yaşamaqdadır. O, rayonumuzun, eyni zamanda qonşu bölgələrin də sayılıb, seçilən el ağsaqqallarından biridir. Allah verən ömür payını şərəflə yaşamasının nəticəsidir ki, bu gün Adil Nağıyev Saatlı rayonun sakinləri arasında hörmət və sayqı ilə qarşılanır.
Üzvü olduğum rayon Ağsaqqallar Şurasının sabiq sədri Adil Nağıyev uzun müddət rayonumuzda məsul vəzifələrdə işləmişdir.  Adil müəllim üçün vəzifənin böyük- kiçikliyinin fərqi olmayıb. Onun üçün tutduğu vəzifənin məsuliyyəti olub. Əlli il bundan əvvəl də belə olub, bu gündə belədir. Eyni zamanda onun üçün tapşırılan işə ürəklə yanaşmaq, öhdəsinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək olub. Adil müəllim əmək meydanına qədəm qoyduğu gündən, ta indiyədək bu prinsiplə çalışmış, iş yerini müqəddəs bir məkan kimi hesab etmişdir.
Adil Fazil oğlu Nağıyev 1939-cu ilin fevralın 16-da Saatlı rayonun Qaralar kəndində anadan olub. Atası Fazil kişi rayon mərkəzində işlədiyi üçün ailə 1949-cu ildə, rayona yaxın əraziyə, Molday kəndinə köçür. Adil 1959-cu ildə Saatlı rayon  Dəmiryol Orta Məktəbini bitirib. Həmin ilin qəbulunda Sumqayıt Kimya Texnalogiya Texnikomuna daxil olur. 1961-ci ildə texnikomu müvəffəqiyyətlə qutaran Adil Nağıyev təyinatla Sumqayıt Sintetik Kauçuk zavoduna göndərilir. Əmək fəaliyyətinə başlayan gənc Adil ilk əvvəl zavodda operator, növbə rəisi, birləşmiş sexdə baş texnoloq vəzifələrində işləmişdir.
Adil Nağıyev işinə məsuliyyətlə yanaşan, özünə və tabeçiliyində olanlara qarşı tələbkar və daima fəal həyat tərzi keçirən, eyni zamanda əldə etdiyi elmi biliklərini istehsalatda  tətbiq etməyə çalışan, qazandığı uğurlardan heç vaxt arxayınlaşmayan, elmə hədsiz vurğun idi. Adil Nağıyev Sumqayıt Kauçuk Zavodunda işləməklə yanaşı ali təhsil almaq üçün 1961-ci ildə Neft – Kimya İnstitutunun axşam şöbəsinə daxil olur. Adil Nağıyev Sumqayıt Kauçuk Zavodunda işlədiyi dövürdə “zəhərli tullantıların neytirallaşdırılması haqqında” səmərəli təklif irəli sürmüşdür. Tələbənin təklifi zavod rəhbərliyi tərəfindən nəzərə alınmış və elmi təcrübədə təsdiq edilərək tətbiq edilmişdir. Səmərəli təklif müəllifini inistitut müəllim, tələbə heyyəti, eyni zamanda zavod kollektivi arasında tanıtdırmışdır. Adil Nağıyevə  səmərəli təklifinə görə həvəsləndirici mükafat verilmişdir.
Sevindirici haldır ki, Adil Nağıyev harada olubsa, oranın ictimai, siyasi məsələləri ilə yaxından məşğul olub. Elə tələbəsi olduğu Neft – Kimya İnstitutunun tələbə elmi cəmiyyətinin fəal üzvülərindən olmuş, institutun ictimai, siyasi işlərində fəal iştirak etmişdir. Sonradan ilk əmək fəaliyyətinə qədəm qoyduğu Sumqayıt Kauçuk Zavodunda da fəhlələrin hüquqlarının müdafiəsində yaxından çalışıb. Onun hər işdə fəallığı zavod rəhbərliyinin diqqətindən yayınmır. Buna görə zavod komsomol təşkilatına rəhbərlik də ona  həvalə edilir. Adil Nağıyev 1965-ci ildə Neft – Kimya İnistitutunu bitirir. Həyatını Sumqayıt Kauçuk Zavodu ilə bağlayır. Evlə təmin olunur. Yeni elmi layihələr üzərində işləyir. O, bu yolda neçə-neçə çətinliklər görmüş, onlara mərdliklə sinə gərmiş və elmin sirlərini dərindən öyrənmişdir. Elə əziyyətinin müqabilində işlədiyi zavodda dəyərli mütəxəssis kimi qiymətləndirilmişdir. “Sən saydığını say, gör fələk nə sayır”-demiş atalar. Adil Nağıyev gözlənilmədən kimyəvi zəhərlənməyə məruz qalır. Həkimlərin səyi nəticəsində həyata qaytarılır. Ancaq, onun həyatda qalması üçün iş yerini dəyişmək təkidlə tapşırılır. Odur ki, əlacsız qalan Adil Nağıyev 1969-cu ildə qaynayıb qarışdığı, həyatında mühüm rol oynadığı Sumqayıt Kauçuk Zavodu-nun kolektivindən və sevib seçdiyi mühəndis texnoloq peşəsindən birdəfəlik ayrılmalı olur. 1969-cu ildə rayona qayıdan Adil Nağıyev Dəmir yol Orta Məktəbində kimya fənnini tədris edir. Kollektivdə, eyni zamanda rayon miqyasında sayılıb seçilən pedaqoqlardan biri olur. Adil müəllimin yüksək təşkilatçılıq qabiliyyətini görən rayon rəhbərliyi 1971- 72 –ci illərdə onu Saatlı rayon Partiya Komitəsində təlimatçı vəzifəsinə irəli çəkir. 1971-ci lidə rayon Partiya Komitəsinin xətti ilə Adil müəllim Ali Partiya Məktəbinə göndərilir. 1973-cü ilin yanvarından 1974-cü ilin axırlarına qədər Saatlı rayon Qaz Təsərrüfatı İdarəsinin rəisi vəzifəsinə təyin edilir. 1975-ci ilin yanvarında rayon rəhbərliyi onun iş qabiliyyətini, bacarığını və təşkilatçılığını nəzərə alıb rayon üçün, sakinlər üçün böyük əhəmiyyət kəsb edən idarəyə, Komunal Müəssələri Kombinatına müdir təyin edir.
Adil müəllimi rayon rəhbərliyi hansı sahəyə məsul vəzifə sahibi kimi göndəribsə o, ilk olaraq həmin müəssədə geriləmənin səbəblərini araşdırmışdır. Az vaxt ərzində həmin idarə Adil müəllimin həyata keçirdiyi təklifləri sayəsində irəliləyişə nail olmuşdur. Onu da etiraf etmək lazımdır ki, Adil müəllimin rəhbərlik etdiyi bütün idarə və müəssələrdə o, hər bir sahənin sirlərini dərindən yiyələnməyə görə daimi öz üzərində çalışıb.
Adil Nağıyev Komunal Müəssələri Kombinatına rəhbər təyin olunanda burada işlər heç də ürək açan deyildi. Adil Nağıyev kimi səriştəli, işə məsuliyyətlə yanaşan bir ziyalının köməyi ilə böhrandan az vaxt ərzində  çıxış yolu əldə edilir. Sonrakı illər idarə gəlirlə işləməyə müvəffəq olur. İşçilərə hər kvartal həvəsləndirici mükafatlar verilir.
20 ildən çox Komunal Müəssələri Kombinatına rəhbərlik etmiş Adil Nağıyev Saatlı rayonunda küçə və xiyabanlarının, səkilərin yenidən qurulmasında, abadlıq işlərinində təşəbbüskarı və bilavasitə iştirakçısı olmuşdur. Həmişə bacarıqlı kadır kimi tanınıb, eyni zamanda öz prinspiallığı ilə seçilib. Bu gün də Adil müəllimdən soruşduqda o, rayon ərazisindəki küçə və səkilərin yerləşdiyi ünvanı və məsafəsini  tam dəqiqliyi ilə deyir. Adil Nağıyev əldə etdiyi elmi biliklərini istehsalatla da sıx əlaqələndirməyi bacaran mühəndis texnoloqdur . O, 20 ildən çox 11 müəssəni özündə çəmləşdirən Komunal Müəssələri Kombinatına rəhbərliyi zamanı özünün səmərəli təkliflərini də tətbiq etmişdir.
Adil müəllim harada işləyibsə istehsalatla elm arasında təmas yaratmağı bacarıb. Artıq sərfiyata yol verməmək üçün öz səmərəli təkliflərindən istifadə  etmişdir. Rayon Partiya Komitəsinin yerləşdiyi binanın istilik sistemində öz layihəsinə əsaslanaraq, tətbiq etdiyi qurğuya əsasən yanacaq sərfiyyatını yarı-bayarı azaltmağa nail olmuşdur. Onun səmərəli təklifi istehsalatda tətbiq edilməklə idarəyə böyük məbləğdə mənfət gətirmişdir.
Adil müəllimimin amalı belədir ki, insan gərək ölkəsi, xalqı və yaşadığı  bölgə sakinləri qarşısında xidmət göstərməkdən şərəf duysun.  Söhbət əsnasında Adil müəllim vurğuladı ki, Vətəninə, dövlətinə xidmət hər bir şəxsin qarşıya qoyduğu gündəlik vəzifə borcü olmalıdır.
Adil müəllimin hansı vəzifələrdə işləməsinə baxmayaraq, o, həmişə dövlət və xalq mənafeini, şəxsi mənafeindən üstün tutmuşdur. Odur ki, günü bu günə kimi Adil müəllim heç kimdən gözü kölgəli olmayıb. Bu gün də səhhətində olan problemlərə baxmayaraq, rayon ərazisində gəzərkən sakinlər tərəfindən onun necə səmimi qarşılandığının dəfələrlə şahidi olmuşam. İnsanın cəmiyyətdə yüksək mövqe tutması, əxlaqi dəyərləri, sakinlər arasında hörmət və nüfuz qazanması ilk növbədə onun hansı ailədə, hansı nəsildə, hansı kənddə dünyaya gəlməsindən, ona verilmiş addan çox aslıdır. Yəni, sözümün canı odur ki, Adil müəllimin dünyaya göz açdığı ocaq öz halal zəhməti ilə dolanan bir ailə olub. Xatırladım ki, Adil  Nağıyev rayon miqyasında tanınmış, idarə müəssələrdə ömrünün çox hissəsini baş mühasib işləmiş, təmiz bir şəxs kimi tanınmış  Fazil Nağıyevin ailəsində dünyaya gəlmişdir. Yaşlı sakinlərin dediyinə görə Fazil kişi israfçılığa heç vaxt yol verməzdi. Bu da Allah Talanın bəyəndiyi ən yaxşı xüsusiyyətlərindəndir. Təbidir ki, Adil müəllimin də insanlara olan səmimi münasibəti, qayğıkeşliyi, humanistliyi, ətrafındakılara xoş münasibəti valideyinlərindən aldığı yüksək səviyyəli təlim-tərbiyənin nəticəsidir. Adil müəllimin gözəl insan, həssas dost, ədalətli rəhbər kimi formalaşmasında aldığı tərbiyə və görüb götürdüyü həyat yolu da böyük rol oynamışdır.  Adil müəllim həmişə nəfsini cilovlaya bilib. Qismətinə nə düşübsə ona şüküranlığını edib. Çünki Adil müəllim Fazil kişinin halal çörəyi ilə böyümüşdü.  Adil də belə görüb, belə götürüb.
Adil Nağıyev harada işləyibsə dövlətə, dövlətçiliyə, dövlət rəhbərinə sədaqətlə xidmət edib. Onun Əliyev irsinə olan sədaqəti elə-belə hisslərdən deyil. Bu gün də Adil müəllim Ümummilli Liderimiz Heydər Əliyevin vaxtılə Saatlı rayonuna səfərlərini, onunla görüşməsini sonsuz qürur hissi ilə xatırlayır, həyatının ən yaddaqalan anları kimi yad edir. O, Ümummilli Liderimiz Heydər Əliyev ideologiyasını bəyənib, təbliğ edənlərdəndir. Eyni zamanda İlham Əliyev cənablarının həyata kşirdiyi siyasətə müdrükçəsinə yanaşaraq qatıldığı tətbirlərdə insanlar arasında aydın rəy formalaşdırır. Onun Heydər Əliyev ideyalarına sədaqətini görən AXCP- hakimiyyəti 1988-ci ildə A. Nağıyevi Komunal Müəssələri Kombinatı –nın müdiri vəzifəsindən uzaqlaşdırır. Adil müəllim 1988-1992-ci illərdə rayonda fəaliyyət göstərən  Asfalt Beton Zavoduna rəhbərlik etmişdir. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra Adil Nağıyev də əvvəlki vəzifəsinə, Komunal Müəssələri Kombinatına müdir vəzifəsinə qayıtmışdır. Adil Nağıyev bu vəzifəni yaşa görə pensiyaya çıxanaqədər, 2012-ci ilə qədər qüsursuz yerinə yetirmişdir. Adil Fazil oğlu Nağıyev 2008-ci ildə Saatlı rayon Ağsaqqallar Şurası-nın sədri seçilmişdir. O, bu içtimai vəzifəni ləyaqətlə  2020-ci ilin oktyabr ayına qədər icra etmişdir.
Adil Nağıyevin fikirlərindən:
– “Gənclik illərindən Heydər Əliyev adı, dühası ilə fəxr etmişəm. H. Əliyevin keçdiyi həyat yolu Azərbaycan tarixində mühüm bir mərhələ təşkil edir. Bu mərhələni vərəqlədikcə dövlətimizin, xalqımızın necə böyük inkişaf yolu keçdiyi aydın görünür. Bu görkəmli şəxsiyyətin şəxsi nümunəsində vətənpərvərlik hisslərinə yiyələnmək gənclik illərimdən qarşıma qoyduğum məqsəd və amalım olub. Təkcə onun 1990-cı ilin Yanvar hadisəsinə şərh və siyasi qiymət verməsi ömrüm boyu yadımdan çıxası deyil.”
Tutduğu vəzifədən aslı olmayaraq, daim milli dövlətçilik mövqeyindən çıxış edən Adil müəllim hər zaman natiqlik qabliyyəti, mükəmməl biliyi, milli- mənəvi dəyərlər sahibi, azərbaycançılıq idyalogiyasına sadiqliyi ilə fərqlənmişdir.  Fəaliyyət göstərdiyi müddətdə rayon rəhbərliyinin, eləcə də təşkilat rəhbərliyinin dərin etimadını qazanmış, təşkilatın məqsəd və məramını şərəflə təbliğ etmiş, nümunəvi və səmərəli fəaliyyəti ilə bütün təşkilat üzvülərinin, eyni zamanda rayon sakinlərinin rəğbətini qazanmışdır. İşgüzarlığı və aktivliyi ilə daim seçilib Adil müəllim. Məhz bu keyfiyyətlərinin sayəsində Adil müəllim fəxri fərmana , diploma və  təşəkkürnaməyə laiq görülüb.
Adil müəllimin vaxtı ilə rayon səviyyəsində, rayonun abadlaşması istiqamətində gördüyü işlər bu gün yaşlı sakinlərin söylədikləri fikirlərində də öz əksini tapır. Adil müəllimlə uzun müddət bir yerdə işləmiş 85 yaşlı, zəhmətkeş  Əkbərov Umudağa Hüseyn oğlunun dediklərindən!
– Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, Adil müəllim hansı idarə müəssədə rəhbər vəzifədə işləyibsə, orada işçi qüvvəsi çox olub. Adil  müəllim tabeliyində olan insanlara yüksək mədəniyyət və qayğı ilə yanaşıb. Hər işçinin problemini həll etməyə çalışıb. Mən uzun müddət Adil müəllimin rəhbərliyi altında rayonun su təchizatı məsələsinə baxmışam. Adil müəllimdən həmişə hörmət və qayğı görmüşəm. Elə bizim bu gün sağlam və gümrah yaşamağmıza səbəb rayon sakinlərinin alqış və dualarıdır. Həm Adil müəllimə, həm də özümə sağlam can sağlığı arzu edirəm.
Saatlı rayon Ağsaqqallar Şürasının sədir müavini İsgəndərov Ağabala Abdul   oğlu öz ürək sözlərini belə ifadə etdi:
– Adil Nağıyev harada işləyibsə həmişə yeniliyə can atıb. Qurub- yaradıb. O, işlədiyi kolektivdə həməşə nizam- intizam olub. O, daşıdığı vəzifəyə məsuliyyətlə yanaşan, işini sevən şəxsdir. Hansı məsul vəzifədə işləyibsə işçilərinin qədrini bilib. Heç kimin çörəyinə bais olmayıb. Elə  bu xeyixah əməllərin nəticəsidir ki, o, bu gün sağlam və gümrahdır. Adil Nağıyev haqqında nə qədər danışılsa, nə qədər yazılsa da, yenə azdır. Adəm övladı ona müvəqqəti verilmiş ömür payını elə yaşamalıdır ki, heç kim, nə onun əməlindən, nə də dilindən inciməməlidir. Elə Adil Fazil oğlu Nağıyev kimi. Mən dostum Adil müəllimə uzun ömür, can sağlığı arzu edirəm.
Adil Nağıyev nikbin insandır. Dövlətimizin dünya dövlətləri arasında daha da inkişaf edib, daha da artıq nifuz qazanmasına öz varlığı kimi inanır. Ancaq ömrünün bu çağında onu kövrəldən bir məqam var ki, o da torpaqlarımızın nasist işğalçı erməni cəlladlarının tapdağı altında qalmasıdır. Nikbinliyi ilə seçilən bu müdrik ağsaqqal, “darıxmayın hər qaranlıq axşamın, aydın bir səhəri də var” deyir. Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasəti nəticəsində bu nigarançılığa da son qoyulacaq.
Adil müəllimin işə məsuliyyəti, öz üzərində daim çalışması, zəhmətsevərliyi, davranış mədəniyyəti ilə də seçilir. O, rəhbərlik etdiyi bütün sahələrdə kollektivdə çalışan işçilərin qayğısına qalmış, onların hər birinin proplemlərinin həllinə də çalışmışdır. Rayon Ağsaqqallar Şurasına  rəhbərlik etdiyi dövürdə də ona  müraciət edən sakinləin problemlərini imkanı daxilində onlara yardımçı olmağa çalışmışdır. Bu fikrimin təsdiqi üçün şahidi olduğum, orta nəsil nümayəndələrindən biri adının hallanmasını istəməyən rayon sakininin danışdığını olduğu kimi sizə çatdırıram. Müsafirim bildirdi ki, 1978-ci ildə yeni ailə qurmuşdum. Valideyinlərimlə evdə  problem yarandı. Evdən bayıra atıldım. Eşitmişdim ki, Adil müəllim həmişə kimsəsizlərə əl tutub. Odur ki, üzümə üz bağlayıb Adil müəllimə müraciət etmək qərarına gəldim. Müraciət etməyimdən peşiman olmadım. Əksinə çox sevindim. Dərdimi Adil müəllimə danışdım. O, kövrəldi və cibindən bir açar çıxarıb mənə verib, dedi. Get filan ünvandakı, iki mərtəbəli binanın ikinci mərtəbəsindəki sağdakı qapını aç. Ev oldu sənin. Sağlığla yaşa. Açarı alıb, Adil müəllimə təşəkkür edib, otağı tərk etdim. Bir müddətdən sonra Adil müəllimlə görüşüb, ondan hallıq almaq istəyimi bildirdim. Bunun müqabilində ona şirincəylik verəcəyimi də bildirdim. O, bu mövzuda qəti danışmamağı bildirdi. Mənə dedi, get mənə verəcəyini ailə uşaqlarına sərf et. Budur humaistlik, xeyirxahlıq. Mən bu gün də Adil müəllimlə görüşüb, hal-əhval tuturam. Onun bu xeyirxah əməlini heç vaxt unudan deyiləm. Yəqin ki, Adil müəllim bu yazını oxuyanda biləcək və xatırlayacaq ki, söhbət kimdən gedir.  Ona sağlam can sağlığı, uzun ömür arzu edirəm. Həmsöhbətim bu cür hadisələrin dəfələrlə şahidi olduğunu da vurğuladı. Bu yerdə L. Tolstoyun bir cümləsi yada düşür. “O adam ki, başqalarının ağrısını hiss edir o, adam mərhəmətli insandır.”
Hər dəfə bir masa ətrafında əyləşəndə onun sovetlər dönəmində, rayon partiya komitəsində kimlər ilə işlədiyi haqqında xatirələrini danışdıqca mən qeydiyyatımı  aparırdım. Eyni zamanda onun rayonumuzun tarixi haqqında danışdıqlarını qeyd edir, mənəvi qida alırdım. Hər dəfə Adil müəllimlə görüşüb, söhbətləşəndə onun intellektual səviyyəsinə, yenilikçi olmasına, savadına daha dərindən bələd olurdum. Bilirdim ki, keçdiyi həyat yolu da şərəfli və zəngindir. Odur ki, növbəti dəfə onunla görüşəndə onun haqqında müsahibə xarakterli yazının yazılmasını xahiş etdim. Müsahibə verməkdən hər dəfə yayındığı kimi bu dəfə də yayındı.  Ancaq mən də öz fikirimdə israrlı və qəti idim. Bilirəm ki, çox adam özü haqqında müsahibə verməkdən yayınsa da, bu bir həqiqətdir ki, haqlarında yazılan yazı onların əhval- ruhiyyəsinə nə qədər yaxşı təsir edir. Bu fikirimin təsdiqi üçün Adil müəllimin 60 il bundan əvvə tələbə yoldaşı ilə çəkdirdiyi və həmin vətəndaşın  yaxın vaxtlarda bir qəzet səhifəsində, yazdığı və sərlövhə verdiyi “Bir şəkilin tarixçəsi”  yazısını Adil müəllim mənə göstərdi. Həmin yazının təsüratlarından Adil müəllimin əhval-ruhiyyəsi nə qədər yaxşılaşmışdı mən onun şahidi oldum.
Onu da xatırladım ki, Adil müəllimdən müsahibəni çox çətinliklə aldım. Ona müsahibə üçün görüşməyimi bildirəndə o, dedi: “Adaş haqqımda respublikamızın əksər qəzet və jurnallarında  yazılar yazılıb. Sən nə yazacaqsan?” – Adil müəllimə dedim ki, Adil müəllim siz o qədər zəngin, mənalı həyat yaşamısınız ki, sizin həyat hekayəniz bir qəzetə, bir jurnala , sığası deyil. Sizin həyatınız bir kitab məhsuludur. Yaddan çıxmış xatirələri, mövzuları qələmə alacağam. Çalışacağam ki, yaxşı yazı alınsın. Həm siz razı qalasınız, həm də oxucularımız.
Adil müəllimlə hər görüşümüzdə özü haqqında lazım olan məlumatları artıq mənə ötürmüşdü. Demək olar ki, Adil müəllim haqqında yazı mənim yaddaşımda tam hazır idi. Sadəcə Adil müəllimlə görüşüb faktları dəqiqləşdirmək istəyirdim.
Göstərilən ünvanda görüşdük. Yaşlı olduğu üçün çox sual vermək istəmədim. Lazımı qeydlərimi etdim. Odur ki, mən də gördüklərimi, haqqında eşitdiklərimi və deiklərini toplayıb qələmə aldım. Hələ qələmə alınası çox mövzular, çox xatirələr qaldı. Sakinlərin və dostlarının onun haqqında dedikləri fikirə əsasən aydın olur ki, Adil müəllim harada fəaliyyət gostəribsə o, insan amilinə çox həssaslıqla yanaşıb. Odur ki, bu humanist insan haqqında yeni söz demək, dəyərli fikir söyləmək, onu qane edəcək yazı yazmaq asan məsələ deyil. İmkan daxilində çalışdım ki, yazı Adil müəllimi qane etsin. İndidən belə nə yaşayacaqsa yazının təsuratları ilə yaşasın. Sağlıq olsun. Bu mövzuya bir də Adil Fazil oğlu Nağıyevin 85 illiyində qayıdarıq.

Adil Əmirov,
 Saatlı rayon Ağsaqqallar şurasının
 mətbuat katibi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR