Haqqımızda Əlaqə

“Oğlunun  əlindən tutub, qorxmadan, qətiyyətlə qızğın döyüş meydanına, əsgərlərin, qəhrəman döyüşçülərin yanına apardı”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özünü dərk edəndən “Vətən”, “Qarabağ”, “işğal” sözlərini tez-tez eşidirdi Əli. İmanlı, seçilən bir ailədə dünyaya göz açmışdı. Uşaq təxəyyülünə həkk olmuş bu kəlmələrin nisgilini hiss etməyə başladığında dağdan ağır Cavanşır babanın zəhmli baxışlarında izləmişdi  Qarabağı. Atası Cəlalın qəlbindən süzülən misraların hayqırtısında anlamışdı yurd dəyərini. Bunların fövqündə ruhu çılğın böyümüşdü Əli Cəlal oğlu Qurbanov.

Uşaq yaşında hadisələrin mahiyyətinə varmaq, vacib və zəruri amilləri dərk etmək yüksək təfəkkür tələb edirdi. Artıq 10 yaşından Turan sevdalısına çevrilən Əlinin Qarabağ sevgisi də coşub-daşır, onu o yurdlara çəkirdi. Atasından Şuşaya getməyi, Qarabağı gəzməyi tələb etməsi işğal altındakı yurdlarınm qayıtmasına inamını möhkəmlətmişdi. Bu arzuya qovuşacağını bilirdi. O, babasının qətiyyətində, atasının inadında, inamında formalaşdırmışdı öz inamını. Dövlətini sevən, sonsuz güvənən bir ailənin içində böyüməyin fəziləti ən böyük  arzusuna qovuşdurdu Əlini. Xoşbəxt, örnək ailələrin seçilməsinin əsas səbəbi ailədə uşaq və böyüyə olan münasibətlərdən qaynaqlanır. Evin böyüyü və kiçiyi! Bu terminlərin mərkəzində hər iki tərəfin fikrinə önəm vermək aliləşdirir insanı. Uşaqlar arzularına qovuşmaq üçün mütləq ailə böyüklərindən kömək gözləyirlər. Ailə böyüyünün diqqət və qayğısı isə  ailənin əxlaq kodeksidir. Həzrət Əli deyir ki, cəmiyyətə sağlam vətəndaş yetişdirmək istəyirsənsə, uşaqları sevindir.

Əli Qurbanov 30 illik Qarabağ həsrətini atasının şeirlərində daha dərindən duymuşdu. İndi həsrət  bitirdi. Vətən göylərindən qara bulud çəkilirdi. Qarabağ uğrunda qanlı döyüşlər gedirdi. Bütün dünya azərbaycanlıları ayaqda idi.  İşğalda olan rayonlar azad olunduqca, Əlinin də sinəsi fəxrlə coşub-daşırdı. Atasının ətəyindən dördəlli yapışıb cəbhəyə getmək istədiyini bildirirdi. Və atası onun bu istəyinə qarşı çıxmadı. Çünki o,  atası Cavanşırdən öyrənmişdi, övladına uşaq kimi deyil,  şəxsiyyət kimi yanaşırdı. Bu Qurbanovlar şəcərəsinin qanununa çevrilmişdi. Ata-babadanqalma bu adət nəsildən-nəsilə keçirdi. Atası Cəlal ona həyatın nə olduğunu, necə olduğunu başa salarkən demişdi:“Bax, oğlum, yeni gün, yeni həftə, yaşadığımız hər yeni saat bir başlanğıcdır. Hər başlanğıc isə yeni bir mübarizədir – yaşamaq, yaratmaq, uğur qazanmaq uğrunda mübarizə…Biz isə savaşçılarıq! Haqq, yoxsa nahaqq yolu tutacağımıza özümüz qərar veririk, seçim öz

əlimizdədir. Unutmaq olmaz ki, seçimimiz nə qədər ədalətli olarsa, həyatın bizim üçün hazırladığı sürprizlər də bir o qədər xoş olar. Həyatda etdiyimiz əməllər bir bumeranqdır, yaxşısı da, pisi də bizə qayıdır. Uca Rəbbimiz yaşadığımız hər yeni gün, yaxşı insan olmaq üçün bizə hər dəfə yeni bir şans verir. Əziz oğlum! Görsəm ki, məktəbə gedirsən, əlindən tutub yazı yazdıraram. Görsəm ki, maşın yolundan keçirsən, əlindən tutub yolu keçirərəm. Görsəm ki, dostların ilə dalaşırsan, əlindən tutub saxlayaram. Görsəm ki, dağlardan gül dərirsən, əlinə batan tikanları çıxararam. Görsəm ki, Əli balam əlinə silah alıb vətənin keşiyini çəkməyə gedir, arxanca əl yelləyərəm!”.

Əlinin əsgərlik yaşına çox vardı hələ. Ona görə də ata əl yelləmədi. Oğlunun  əlindən tutub, qorxmadan, qətiyyətlə qızğın döyüş meydanına əsgərlərin, qəhrəman döyüşçülərin yanına apardı. Sevincinin həddi-hüdudu yoxdu Əlinin. Qorxmaq ağlının ucundan belə keçmirdi. Məktəb uşaqlarının əsgərlərə yolladığı məktubların içində onun məktubu yox idi. O, ürək sözlərini cəbhəboyu əsgərlərə üzbəüz, öz dililə deyəcəkdi. Dedi də! Zəfər sevincini yaşayan Əli hamıya Qarabağ səfərinin təəsüratlarını danışırdı ağız dolusu. Bütün söhbətlərin sonu bir cümlə ilə bitirdi:”Mənə və xalqıma bu sevinci yaşadan Ali Baş Komandanım var olsun!”. Cəmi 13 yaşı olan bir məktəblinin bu coşğusu könülləri vəcdə gətirir, köksü fəxarətlə doldururdu.  Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Vətənpərvərlik körpə yaşlarda aşılanıb,  uşağın qanına, canına, ruhuna işləməlidir ki, bunu da vətənpərvər valideynlər bacarmışdılar.

Babası Cavanşirlə atası Cəlalın söhbətlərindən Turan sevgisi dolmuşdu ruhuna Əlinin.. Atası dizinə oturdub tarixi xatırlayır, oğlunun yaddaşına həkk edirdi:“Azərbaycan-Türkiyə, bir millət-iki dövlət” – bu kəlmə tarixlərin sınağından çıxmış müdriklik fəlsəfəsidir. Kökündə birlik, həmrəylik, dostluq, inam və sevgi olan fəlsəfə! Birinci Dünya müharibəsində, Çanaqqala savaşı zamanı azərbaycanlıların Osmanlı döyüşçüləri ilə bir səngərdə düşmənə qarşı ölüm-dirim mübarizəsi, 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin köməyinə gələn Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun fədakarlıqları…Və 2020-ci il – Azərbaycanın haqq savaşı! Dünyanın qibtə etdiyi bu sarsılmaz BİRLİK yenə düşmənlərə meydan oxudu! Hər yaramızı öz yarası bilən, hər əzabımızı bizlə birgə hiss edən qardaşlarımız bu çətin və qürurlu günlərdə də hər saniyə yanımızdaydı… Bu birləşən, bir-birinə kilidlənən əllər hər zaman düşmənlərimizin ürəyinə dağ çəkəcək, necə ki, çəkdi də…Azərbaycan-Türkiyə qardaşlığı ƏBƏDİDİR! Bunu hər yerdə paylaşaq, hər yerdə qürurla vurğulayaq – qoy bütün dünya bilsin ki, Azərbaycan-Türkiyə bayraqları hər zaman birgə dalğalanacaq! Bu Birliklə Əzəmətsən! Sən sevgisən, məhəbbətsən! Azərbaycan-Türkiyə”.

Bu nəsihətləri qulağına sırğa edən Əli atasının vətənpərvər şeirlərinə qoşulmuş mahnıların qanadında tarixi yerləri, doğma Qarabağı gəzib-dolaşır yenə. Onun gözəl vətəni olduğu kimi, gözəl də ailəsi vardır. O ailə ki, hələ kiçik yaşlarından ona Vətənə layiq oğul olmağın yollarını göstərib, əhəmiyyətli uşaq layihələrinin iştirakçısına çevirib.  Düşmənlərin Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyinə qarşı da Əlinin mübarizəyə qalxması, çıxışları sosial şəbəkələrin gündəmi oldu. Bir qolunda Azərbaycan, bir qolunda Türkiyə bayrağı olan Əlinin əllərini bir-birinə keçirərək,bu birliyin sarsılmazlığını, daimi olmasını hayqırması, əsl Azərbaycan oğluna xas xüsusiyyət idi.

Fransız yazıçısı Jozef Jubert deyir ki, uşaqların nəsihətdən çox, yaxşı nümunəyə ehtiyacı var. Övladların cəmiyyətdə yaxşı yer alması üçün onlara nümunə olmağı bacarmalısan.  Qurbanovlar ailəsi də bunu çox yaxşı bacarmışdılar….

Bizə də bu möhtəşəmliyə:”eşq olsun”-demək düşər.

Əziz və sevimli Əli balamız, Vətən əsgəri, yolun daima açıq olsun! Turan sevdalım!

Vətənə layiq OĞUL ol! Baban kimi, atan kimi!

Sevgiylə,

 

Şərafət Şəfa

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR