Haqqımızda Əlaqə

Türk birliyinə doğru: “Şuşada Türk Xalqları Universiteti yaradılsın”-TƏKLİF

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Son vaxtlar türk dövlətləri arasındakı inteqrasiya sürətlənib. Türk dövlətləri arasında siyasi, iqtisadi əlaqələrlə yanaşı mənəvi bağlar da möhkəmlənir. Siyasi  şərhçi Mübariz Göyüşlü deyib ki, bu proses türk dövlətlərinin birliyinin güclənməsinə gətirib çıxaracaq:

“Bu proses dünyaya ədalət və barış gətirəməkdədir. Regional güc olan Türk Konseyi, gələcəkdə Türk Dövlətləri Birliyinə çevrilməklə, sıralarına Türkmənistan, Ukrayna, Cənubi Koreya kimi dövlətləri də almaqla daha da güclənəcək.

Dövlətlər tərəfindən aparılan bu birliyin alt qatının mədəniyyət, təhsil, elmi, ictimai, media və s. platformalarda doldurulması lazımdır”.

Türk dövlətləri arasında təhsil sahəsində əməkdşalıq,  tələbə mübadiləsi mümkündürmü?

Mübariz Göyüşlü hesab edir ki, Bakıda və Azərbaycanın hansısa başqa bir şəhərində türk xalqlarının tarixini, dilini, ədəbiyyatını öyrənən Türk Xalqları Universitetinin yaradılması lazımdır:

“Türk xalqlarının mədəni əlaqələrinin güclənməsi  çox vacib bir prosesdir. Təhsil də bu istiqamətdə çox böyük əhəmiyyət kəsb edir. TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun mövcudluğu mədəni inteqrasiyanı, Türk Akademiyasının fəaliyyəti elmi istiqamətdə birliyi təmin edir.

Bu çalışmalarda təhsil sahəsində işlərin görülməsinə, mövcud olan ikitərəfli əlaqələrin, çalışmaların daha da genişləndirilməsinə böyük ehtiyac var.

O baxımından mən Türk Xalqları Universitetinin yaradılmasını dəstəkləyirəm. Bu həll edilməli olan çox vacib bir məsələdir.

Bu universitet vasitəsilə türk dünyasının müxtəlif tərəflərindən gələn gənclərə yüksək səviyyəli təhsil verilməsi, onlara birlik, bərabərlik şüuru aşılanması bizə çox şey qazandıra bilər.

Təhsilə qoyulan investisiya itmir, o mütləq özünü gələcəkdə biruzə verir. Bu Universitetdə yalnız türk dünyasından gələn gənclərə deyil, dünyanın dörd bir tərəfindən olan şəxslərə qapılar açıq olmalıdır. Biz bununla həm mədəniyyətimizi təbliğ edə, həm yüksək təhsil verə, həm də birliyimizi daha da gücləndirə bilərik”.

M.Göyüşlü deyib ki, bu ali məktəb Gəncədə və ya Şuşada fəaliyyət göstərə bilər:

 

“Bu universitetin Gəncədə olması faydalı ola bilər. Yaxud onu Şuşa şəhərində təsis edib yerləşdirmək də mümkün ola bilər. 

Bununla biz Azərbaycanın dilbər bir guşəsində türk dünyasına xidmət edə biləcək böyük bir mərkəzi yerləşdirə, Şuşaya olan diqqəti daha da artıra bilərik. Bu amilin başqa faydaları da ola bilər. Biz bir ictimaiyyətçi, türk birliyinin fəal tərəfdarı kimi bu təklifi səsləndiririk. Mütəxəssislərin onu dəyərləndirməsi, layihələndirməsi, həyata keçirməsi lazımdır. Güman edirəm ki, gələcəkdə bu istiqamətdə işlər görüləcək və bundan Azərbaycan, bütün Türk Dünyası faydalanacaq”.

M,Göyüşlü deyib ki, bu universitetdə türk dövlətləri ilə yanaşı türk topluluqlarından tələbələr təhsil ala bilər: “Bu ali məktəbdə Güney Azərbaycandan, Kərkükdən, Borçalıdan, Dərbənddən, Rusiyanın başqa şəhərlərində yaşayan azərbaycanlıların təhsil alması da təmin edilməlidir”.

Ayxan,

Günaz.Tv

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR