Özbəkistanda “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı”- müsabiqəsi elan olunub
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı: Türk dünyasının qürur mənbəyi, cahan ədəbiyyatının incisi” adlı beynəlxalq müsabiqənin təşkili nəzərdə tutulmuşdur.
Azərbaycan Mədəniyyət Mərkəzi, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə keçirilən beynəlxalq müsabiqənin əsas məqsədi Türk dünyası ədəbiyyatında, hər iki mütəfəkkir şairin yaradıcılığının daha geniş təbliği, xalqlar arasında mövcud dostluq, tarixi və ədəbi əlaqələrin daha da genişləndirilərək gənc nəsillərə çatdırılması, Nizami Gəncəvi və Əlişir Nəvai ədəbi irslərinin öyrənilməsi və tədqiqi, bu sahədə milli mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə yeni töhvələr verməkdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən mətbuata verilən məlumata görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili”nin elan edilməsi, dahi şairin 880 illik yubileyi, habelə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin “Əlişir Nəvainin 580 illik yubileyinin geniş şəkildə keçirilməsi haqqında” sərəncamlara əsasın müsabiqədə hər iki dahi şairin yaradıcılıqlarına geniş nəzər salınacaqdır.
Müsabiqədə hər iki ölkədə fəaliyyət göstərən universitetlər, elm və mədəniyyət müəssisələri, alim və tədqiqatçılar, sənət adamları, jurnalistlərin iştirakı nəzərdə tutulmuşdur.
Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçiriləcək:
1. “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı: Türk dünyasının qürur mənbəyi, dünya poeziyasının incisi” mövzusunda elmi monoqrafiya və elmi-tədqiqat əsəri;
2. “Nizami Gəncəvi və Əlişir Nəvainin dünya mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələr və nə üçün türk xalqları onların yaradıcılıqları ilə fəxr etməlidirlər? ” mövzusunda ən yaxşı esse yazı;
3. Təsviri sənətdə Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri və miniatürləri” – ən yaxşı rəsm əsəri;
4. “Nizami Gəncəvi və Əlişir Nəvai: şairlərimizin ilham mənbəyi, ədəbiyyatımızın intibah dövrü, ədəbi əlaqələrimizin zirvəsi” mövzusunda Azərbaycan və Özbəkistan mətbuatında (sayt, qəzet, jurnal) və televiziya kanallarında ən maraqlı məqalələr və televiziya proqramları.
Qeyd edək ki, müsabiqə bu il aprelin 22-də başlayacaq və ilin sonunda 1 dekabr tarixində başa çatacaq.
Ətraflı məlumat müsabiqələr bölməsində göstərilmişdir.
Müsabiqənin Təşkilat Komitəsində hər iki ölkənin tanınmış alimləri, ədəbiyyatşünasları yer alacaq və qalib gələcək işlər Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda müxtəlif ali məktəblərdə, mədəniyyət müəssisələrində yaradılmış Azərbaycan mərkəzlərinə hədiyyə olunacaqdır.