Haqqımızda Əlaqə

Azər Kərimli:”Bizi qarşıda böyük işlər və böyük gələcək gözləyir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli mediaya müsahibə verib.

Agsaqqallar.com həmin müsahibəni  təqdim edir:

– Azər müəllim, son bir neçə gün ərzində ölkəmizin siyasi gündəmi kifayət qədər zəngin olub. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfəri, keçirdiyi görüşlər həm vətəndaşlarımız, həm də beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. İlk sualımız da elə bununla bağlı olacaq. Son bir neçə günün gündəmini necə dəyərləndirirsiniz?

– Azərbaycan regional və qlobal iqtisadi-syasi proseslərin fəal iştirakçısıdır və buna zəmin yaradan amillərdən birincisi Prezident İlham Əliyevin uzun illərdən bəri böyük səbr və qətiyyətlə həyata keçirdiyi ardıcıl, düşünülmüş, uzaq strateji hədəflərə hesablanmış siyasətdir. Dövlət başçısının bir neçə gün ərzində keçirdiyi görüşlərin, həyata keçirdiyi səfərlərin siyahısına nəzər salsaq, atılan hər addımın ölkəmizin inkişafına, vətəndaşlarımızın təhlükəsiz həyatının və rifahının təmin edilməsinə, regionda davamlı sülhün əldə edilməsinə xidmət etdiyini görə bilərik.

Son bir neçə gün ərzində, Azərbaycan Prezidentinin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışı təqdim olunub, dövlətimizin başçısı ailə üzvləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarında olub, bir sıra mühüm obyektlərin və infrastruktur layihələrinin təməlini qoyub, Dünya İqtisadi Forumunun prezidenti  Borge Brendenin təşəbbüsü ilə onunla videokonfrans formatında görüş keçirib, “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib. Bu sıraya ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəngini də əlavə etsək, dövlətimizin başçısının nə qədər genişmiqyası, çevik bir siyasət yürütdüyünü, ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, milli maraqlarımızın təmin edilməsi istiqamətində yorulmadan fəaliyyət göstərdiyini, xüsusilə qeyd edə bilərik.

– Söhbətimizi ABŞ dövlət katibi Entoni Blinkenin telefon zəngi ilə davam etdirək. ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı bəyanatından sonra, Entoni Blinkenin telefon zəngi və Prezident İlham Əliyevlə söhbətdə səsləndirdiyi fikirlər diqqəti xüsusilə cəlb edir. Sizcə telefon zəngini zəruri edən amillər nədən ibarətdir?

– Co Baydenin qondarma erməni iddialarına söykənən bəyanatı, şübhəsiz ki, Vaşinqtonun Ankara ilə münasibətlərinə neqativ təsir göstərməklə yanaşı, Türkiyənin ən yaxın müttəfiqi və dostu olan, həmçinin uzun illər boyu Ermənistanın işğalçılıq, etnik təmizləmə, soyqırım və vandalizm siyasətindən əziyyət çəkən Azərbaycanın da ciddi narahatlığına səbəb olub. Bu məsələdə dövlətimizin və xalqımızın mövqeyi həm də ədalət prinsiplərinə əsaslanır. XX əsrin əvvələrindən Azərbaycan da daxil olmaqla, indiki Türkiyə, Orta Asiya, Gürcüstan və İran ərazilərində etnik təmizləmə siyasəti həyata keçirən, xarici dairələrin təhriki və xülya “Böyük Ermənistan” iddialarının gerçəkləşdirilməsi üçün günahsız insanları qətlə yetirən, yaşayış məntəqlərini viran edən ermənilərə qarşı soyqırım törədildiyinin iddia edilməsi tarixin saxtalaşdırılması ilə yanaşı insanlıığa, humanizm dəyərlərinə həqarətdir. Erməni quldur dəstələri sadaladığım ərazilərdə iki milyondan çox insanın həyatına son qoyublar. Bu gün Türkiyədə, Azərbaycanda tapılan kütləvi məzarlıqlar ermənilərin törətdikləri amansız cinayətlərin, soyqırım aktlarının, terror aksiyalarının sübutudur. Amma indiyədək ermənilərin məskunlaşdığı ərazilərdə onlara qarşı törədildiyi iddia olunan “soyqırımı” sübuta yetirən hər hansı bir məzarlıq tapılmayıb. Bu baxımdan da, Azərbaycan Türkiyəni təkcə dost, qardaş dövlət olduğuna görə deyil, həm də haqlı olduğunu görə dəstəkləyir. Azərbaycan haqqın yanındadır və biz Prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi ilə söhbətində müttəfiqini və haqqı necə qətiyyətlə müdafiə etdiyinin bir daha şahidi olduq.

Bununla yanaşı, qeyd etməliyəm ki, ABŞ dövlət katibi Entoni Blinkenin telefon zəngi və səsləndirdiyi fikirlər, Birləşmiş Ştatların ölkəmizə verdiyi dəyərin, Prezident İlham Əliyevə qlobal baxış bucağına, prinsipial və ədalətli mövqeyə sahib olan bir lider kimi yüksək beynəlxalq nüfuza sahib olmasının göstəricisi kimi qiymətləndirməlidir.

Entoni Blinkenin qondarma soyqırımı ilə bağlı bəyanatı kontekstində verdiyi izahat, həmçinin bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirməsi bunu bir daha təsdiq edir.

– Azər müəllim, məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir. Artıq dünyanın bir çox ölkələrinin, maliyyə qurumlarının prosesə necə yüksək diqqət göstərdiyinin şahidi oluruq. Bu xüsusda, dövlətimizin başçısının Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin  təşəbbüsü ilə onunla videoformatda keçirilən görüşünü necə qiymətləndirirsiniz?

– Məlum olduğu kimi Dünya İqtisadi Forumu ilə ölkəmiz arasında uzunmüddətli səmərəli əməkdaşlıq həyata keçirilir. Prezident İlham Əliyevlə görüşdə Borge Brendenin investisiyaların cəlb edilməsi üçün ölkəmizdə yaxşı mühitin olduğunu  vurğulaması bu əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir. Azərbaycan işğaldan azad edilmiş əraziləri iqtisadi cənnətə çevirəcək və təbii ki, Qarabağda həyata keçiriləcək layihələr, eyni zamanda regiondakı iqtisadi proseslərə stimul verəcək. Bizi qarşıda böyük işlər və böyük gələcək gözləyir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR