Yeni milli hədəf: “Zəngəzur dəhlizi” – İlham Əliyev tarixi səhvi aradan qaldırır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbədən sonra özü üçün yeni milli hədəflər müəyyənləşdirib. Yeni situasiyanın yaranmasına səbəb, 30 il ərzində davam edən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın şanlı qələbəsi ilə başa çatmasıdır. Azərbaycan ermənilərə 200 il ərzində görmədikləri ən ağır  zərbəni vurdu, düşmən ordusu yerlə-yeksan edildi.

Artıq əsas problem öz həllini tapıb və yerini yeni prioritetə buraxıb. İndi Azərbaycanın xüsusi əhəmiyyətə malik milli hədəflərindən biri “Zəngəzur dəhlizi”dir. Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına son münasibəsində dəhlizin region və ölkəmiz üçün önəmindən danışıb.

Ölkə başçısı bildirib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Prezident İlham Əliyev “Zəngəzur dəhlizi” ilə bağlı Vətən Müharibəsindən illər əvvəl, 2009-cu il, 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə danışıb. Ölkə başçısı Zirvə görüşündə dəhlizin əhəmiyyətini xüsusi vurğulamışdı.

Tarixi sənədlərlə sübut olunur ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirilib. Bu qərarla Türkiyə ilə türk dünyası arasında birbaşa əlaqə kəsilmişdi.

101 il əvvəl buraxılmış tarixi səhv Prezident İlham Əliyevin rəhbərliyi altında düzəldilir. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.

Təbii ki, “Zəngəzur dəhlizi”nin, xüsusilə Zəngəzur vilayətinin azərbaycanlılar üçün əhəmiyyəti, mənəvi dəyəri çox böyükdür. Digər tərəfdən, dəhlizin həm region, həm də beynəlxalq aləm üçün böyük iqtisadi əməmiyyəti var. Bu dəhliz dünya ticarəti üçün yeni alternativ quru nəqliyyat yolu kimi böyük iqtisadi və siyasi dividentlər qazandıra bilər.

Məsələn, gəmi qəzası nəticəsində bağlanan Süveyş kanalının dünya iqtisadiyyatına vurduğu zərər hər kəsə məlumdur. Su nəqliyyatında baş verən qəzaları aradan qaldırmaq günlərlə vaxt aldığı halda, nəqliyyat dəhlizlərində problem daha tez aradan qaldırılır. Süveyş kanalı ilə bağlı yaşananlar  “Zəngəzur dəhlizi”nin dünya üçün də əhəmiyyətini bir daha qabarıq şəkildə üzə çıxardı.

Beləliklə, Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır. Rəsmi Bakı hələ müharibənin gedişində və müharibədən sonra ilk günlərdə belə əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir, müharibədən sonra Ermənistanın da bu platformalarda təmsil olunmasında maraqlıdır. Prezident İlham Əliyev çıxışlarında beynəlxalq yükdaşımaları uğrunda rəqabət getdiyinə toxunaraq Azərbaycanın nəqliyyat habına çevrilməsi üçün görülmüş işlər haqda da dəfələrlə məlumat verib. Zəngəzur dəhlizi ölkəmizin bu rəqabətdə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir.

Təbii ki, Azərbaycanın “Zəngəzur dəhlizi” ilə bütün tələblərinin hüquqi əsasları var. Ölkə başçısı da dəhlizlə bağlı danışarkən konkret sənədlərə və bəyanatlara istinad edir. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat “Zəngəzur dəhlizi”nin reallaşması üçün hüquqi zəmin yaradır. Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Ona görə də Ermənistan baş nazirinin aprelin 8-də Moskvaya etdiyi səfərindən əvvəl kommunikasiyaların açılmasının sürətləndirilməsi məqsədilə yeni üçtərəfli sənədin imzalanacağı haqda da fərziyyələr irəli sürülürdü.

Proseslər göstərir ki, Azərbaycan yeni tarixi mərhələyə qədəm qoyur. Məqsədlər və hədəflər məlumdur. Azərbaycan tarixi torpaqlarına top-tüfənglə deyil, iqtisadi rıçaqlarla qayıdacaq.

Prezident İlham Əliyevin son çıxışları bəzi dairələrdə sərhədlərin yenidən cızılması kimi qiymətləndirilməkdədir. Bu cür qiymətləndirmənin əsassız olduğunu bəri başdan nümayiş etdirmək üçün cənab Prezident ADA Universitetində keçirilmiş görüşdə bildirib ki, “mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq?”

Təbii ki, Azərbaycanın daxilindəki siyasi qüvvələr də bu prosesə uyğun davranmalı, milli maraqlardan çıxış etməli, mili birlik nümayiş etdirməlidirlər.

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR