Şüvəlana yeni avtobus xətti açılacaq – RƏSMİ
2020-ci il ərzində 301 avtobus dayanacağı təşkil edilib. Onlardan 100-ü pavilyondur.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib.
O bildirib ki, son 5 ildə ümumilikdə 791 dayanacaq təşkil edilib ki, bunlardan 415 ədədi pavilyondur:
“Ümumilikdə dayanacaqların 40 faizi yenilənib. Qalan 60 faizi isə tam təmir olunub. Gələcəkdə dayanacaqların günəş enerjisi ilə işıqlandırılması da nəzərdə tutulur”.
V.Kərimlinin sözlərinə görə, 50 marşrutda 1097 avtobusda mərkəzləşdirilmiş dispetçer xidmətinə qoşulub:
“Bunlar daha çox real vaxt rejimində əldə olunacaq məlumatlarla – sərnişin axınının həcmi və istiqamətləri, sürücülərə və sərnişinlərə nəzarət, dayanacaqdan kənar keçən marşrutlarla və s. bağlıdır”.
O bildirib ki, Şüvəlan qəsəbəsinə yeni avtobus xətti açılacaq. Sözügedən xətt yaxın vaxtlarda sərnişinlərin istifadəsinə veriləcək:
“Yaxın zamanlarda daha bir neçə xətt açılacaq, onlardan biri də Şüvəlan qəsəbəsinə nəzərdə tutulub”.