“Müharibədən çıxmış ölkədə sürətli quruculuq işlərinin aparılması, iqtisadi geriləmənin olmaması qeyri-adi haldır” – Ramin Əhmədov
“İlham Əliyevin uğurlu siyasəti nəticəsində müharibə ölkənin iqtisadiyyatına ağır təsirlər göstərməyib”
“Müharibənin dünya ölkələrinə fəlakətlər, iqtisadi tənəzzüllər və səfalət gətirdiyi ötən yüzilliklərin acı təcrübəsindən məlumdur. Azərbaycan xalqı da müstəqillik əldə etdikdən sonra iki amansız müharibədən keçib. Birinci Qarabağ Müharibəsi Azərbaycan xalqı və dövlətçiliyi üçün böyük fəlakətlər gətirdi. Torpaqlarımız işğal altına düşməklə yanaşı, ölkənin iqtisadi vəziyyəti daha da ağırlaşdı və siyasi böhran dərinləşdi. İkinci Qarabağ Müharibəsindən sonra isə Azərbaycanda tam fərqli mənzərə hökm sürür. Ölkəmizdə həm siyasi, həm hərbi, həm də iqtisadi stabillik təmin olunur. Müşahidələr göstərir ki, müharibə ölkənin iqtisadi vəziyyətinə ağır təsirlər göstərməyib. Əlbəttə ki, bunun əsas səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi dəqiq iqtisadi strategiyadır”.
Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Vətən Müharibəsindən sonra ölkəmizdə baş verən iqtisadi və siyasi prosesləri şərh edərkən deyib.
YAP rəsmisi müharibədən sonra Prezident İlham Əliyevin demək olar ki, hər gün açılışlarda, infrastruktur layihələrinin təməlqoyma mərasimlərində iştirak etməsinə diqqət çəkib. “Müharibədən çıxmış ölkədə sürətli quruculuq işlərinin aparılması, iqtisadi geriləmənin olmaması qeyri-adi haldır. Bəlkə də dünyada başqa belə nümunə yoxdur. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında bütün iqtisadi və sosial layihələr uğurla icra olunur. Ölkə başçısı bütün sahələrin – kənd təsərrüfatının, turizmin və digər sektorların inkişafına xüsusi diqqət göstərir. Prezident həm torpağı qoruyur, həm də əkib-becərilməsinə hərtərəfli şərait yaradır”.