Kıbrıs türklərinin mövqeyi qətidir: Adada federasiyadan söhbət gedə bilməz!
Yaxud Mevlüt Cavuşoğlunun Kuzey Kıbrısa səfərindən çıxan nəticələr
27-29 aprel tarixlərində Cenevrədə keçiriləcək “5+1” qeyri-rəsmi toplantısı beynəlxalq aləmin diqqət mərkəzindədir. Çünki qeyri-rəsmi olmasına baxmayaraq bu toplantıdan çıxan nəticə Kıbrıs adasının gələcəyi ilə bağlı bir çox suallara aydınlıq gətirəcək. Əslində, o suallardan birinə bəri başdan aydınlıq gətirilib desək, heç də yanılmarıq. Belə ki, başda Cümhurbaşqanı Ersin Tatar olmaqla Kuzey Kıbrısın dövlət və hökumət rəsmiləri bundan sonra adada hər hansı federasiyanın mümkün olmayacağını bəyan ediblər. Digər məsələlərə gəlincə, onu deyə bilərik ki, Türkiyə Cümhuriyyəti Xarici İşlər naziri Mevlüt Cavuşoğlunun KKTC-yə son səfəri çərçivəsində səsləndirilən fikirlər, əslində həm də bəzi suallara cavab kimi dəyərləndirilə bilər.
Beləliklə, Cenevrədə keçiriləcək “5+1” qeyri-rəsmi toplantısı ərəfəsində məsləhətləşmə aparmaq üçün gerçəkləşdirilən səfər çərçivəsində Cümhurbaşqanı Ersin Tatar, Xarici İşlər naziri Tahsin Ertuğruloğlu və KKTC parlamentində təmsil olunan siyasi partiya təmsilciləri ilə görüşən Çavuşoğlu bır sıra önəmli açıqlamalar verib. Əvvəla qeyri-rəsmi toplantıda Türkiyə və KKTC-nin ortaq mövqe sərgiləyəcəyini, həmçinin Cenevrə öncəsi son məsləhətləşmə toplantısının Ankarada keçiriləcəyini deyən Çavuşoğlu, KKTC-nin və Türkiyənin nümayəndə heyətinin Cenevrəyə məhz Ankaradan birlikdə gedəcəklərini söyləyib.
Daha öncə federasiya üçün bir müzakirədə iştirak etməyəcəklərini açıqladıqlarını xatırladan Çavuşoğlu Türkiyə olaraq bu sözün arxasında olduqlarını vurğulayıb. Kıbrıs probleminin həlli məqsədi ilə 53 ildir danışıqların getdiyini deyən Çavuşoğlu indiyə kimi prosesin niyə nəticəsiz tamamlanmasına da aydınlıq gətirib. Qeyd olunub ki, Kıbrıs türk xalqının hüquqlarını pozan rum kəsimi və Yunanıstan bu vaxta kimi bütün həll təkliflərini ya referendumda, ya da danışıqlar masasında rədd edib: “53 il ərzində nəticəsiz tamamlanan müzakirələrin sonunda rum kəsimi mükafatlandırıldı, KKTC və Kıbrıs türk xalqı isə cəzalandırıldı. Bizim artıq bu cür yanaşmalara loyal münasibət göstərməyimiz mümkün deyil. Buna görə də adada suveren və bərabər hüquqlu iki dövlətin olacağı bir həll varinatını dəstəkləyirik”.
KKTC-nin müstəqil, suveren dövlət kimi beynəlxalq birlik tərəfindən tanınması üçün lazım olan bütün addımların atılacağını da deyən Türkiyə xarici siyasət idarəsinin rəhbəri bununla bağlı daha bir ümidverici məqama toxunub. Belə ki, Mevlüt Çavuşoğlu KKTC-nin yaxın gələcəkdə Türk Şurasının müşahidəçi statuslu üzvü ola biləcəyinə işarə edib: “KKTC-nin bəzi regional və beynəlxalq təşkilatlarda fərqli şəkildə üzvlük statusu var. Eyni zamanda bugünkü görüşlərdə KKTC-nin bəzi digər təşkilatların fəaliyyətində də yaxından iştirakı, xüsusilə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının müşahidəçi statuslu üzvlərinə dair kriteriyalar bəlli olduqdan sonra bu quruma da müraciət olunması məsələsini müzakirə etdik. Bu istiqamətdə koordinasiyalı şəkildə fəaliyyətimizi davam etdirəcəyik”.
Səfər zamanı müzakirə olunan ən vacib məqamlardan biri isə KKTC-nin diplomatik missiyaları olmayan yerlərdə KKTC-li diplomatların Türkiyənin diplomatik missiyalarında görəvləndirilməsi məsələsi olub. “KKTC Xarici İşlər Nazirliyinin heyətinin sayı təbii ki, bizimki qədər geniş deyil. Buna görə də, kadr məsələsində də ehtiyac olacağı təqdirdə əlimizdən gələn dəstəyi göstərəcəyimizi bu gün Tahsin bəyə söylədim”, – deyə Çavuşolu bildirib.
Onu da bildirək ki, görüşlər zamanı Cümhurbaşqanı Ersin Tatar və Xarici İşlər naziri Tahsin Ertuğruloğlu da kifayət qədər qətiyyətli və açıq fikirlər səsləndirib. Məsələn, “İndiyə qədər yaxşı uşaq olduq nə oldu? Heç bir şey vermədilər, əksinə hər zaman aldılar”, – deyən Ersin Tatar Türkiyə ilə KKTC-nin suveren bərabərliyə əsaslanan, yan-yana yaşayan iki müstəqil dövlət kimi yeni bir yola qədəm qoyduqlarını, KKTC olaraq bundan sonra itiriləcək bir şeylərinin olmadığnı bəyan edib. O, Yunanıstanın və Kıbrıs rum kəsiminin AB mandatından istifadə edərək KKTC-yə qarşı bütün istiqamətlərdə həyata keçirdiyi təzyiq siyasətini xatırladaraq qarşı tərəfin Kıbrıs türkləri üçün suveren dövlətlərini qoruyaraq gələcəyə addımlamaqdan başqa çarə qoymadıqlarını vurğulayıb.
Xarici İşlər naziri Tahsin Ertuğruloğlu isə Cenevrədə gözlənilən görüşə işarə edərək qarşıda toplumlar arasında deyil, dövlətlər arasında bir müzakirə mərhələsinin başlayacağını ifadə edib.
Beləliklə, Mevlüt Çavuşoğlunun Ankarada Yunanıstanın Xarici İşlər naziri Nikos Dendiasla görüşdən sonra KKTC-də səsləndirdiyi fikirlər, həmçinin KKTC rəsmilərinin “hər hansı federasiyadan söhbət belə gedə bilməz, KKTC suveren dövlət olaraq yoluna davam etməlidir” nəticəsinə gələn bəyanatları adanın gələcəyinin necə ola biləcəyini tam dəqiqləşdirir desək, heç də yanılmarıq. Yəni görünən odur ki, Kıbrıs türklərinin mövqeyi qətidir. Rəsmi Ankaraya gəlincə, yunan nazirin Ankaradakı diplomatiyadan kənar davranışlarının kökündə də xüsusi olaraq Türkiyənin Kıbrıs məsələsində bir addım belə geri çəkilmək niyyətində olmaması faktının dayandığını xatırlatmaq kifayət edər. Bir sözlə, istər KKTC-nin, istərsə də artıq dünyada aparıcı aktorlardan olan Türkiyənin qətiyyətli mövqeyi onu deməyə əsas verir ki, Cenevrədən sonra dünya nəhayət ki, adada iki suveren dövlətin mövcudluğu faktını qəbul etmək zorunda qalacaq.
Bayraqdar.info