Haqqımızda Əlaqə

Taciklər haqqında bildiklərimiz və bilmədiklərimiz

Yazı fontunu küçültür Yazı fontunu büyütür

   Dünya xalqlarının mədəniyyəti

     Orta Asiyanın qədim tarixə, zəngin mədəni irsə malik xalqlarından olan taciklərlə azərbaycanlıları birləşdirən bir sıra dəyərlər var. İki xalq hələ qədim zamanlardan Böyük İpək Yolu vasitəsilə təkcə ticarət əlaqələri saxlamayıb, həm də mədəni mübadilə ediblər. Orta əsrlərdə bu münasibətləri davam etdirən xalqlarımız İslam mədəniyyətinə, bəşər sivilizasiyasına mədəni incilər bəxş ediblər.

        Bu əlaqələrin nəticəsidir ki, mədəniyyətimizdə, adət-ənənələrimizdə ümumi olan cəhətlər bu gün də yaşamaqdadır. Məsələn, zəngin adət-ənənələr, ayinlərlə dolu Novruz bayramı Azərbaycanda da, Tacikistanda da geniş qeyd olunur. Bu bayram UNESCO-nun mədəni irs siyahısına da ümumi bayramımız kimi daxil olunub. Bu gün isə ölkələrimiz arasında münasibətlər ən müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişaf edir. Bütün bunları nəzərə alıb taciklərin tarixi, mədəniyyəti, adət-ənənələri barədə bəzi maraqlı məqamları diqqətə çatdırırıq.

   Tacik mədəniyyəti – zərif və sakit Şərq dünyagörüşüdür. Bu xalqın tarixinin kökləri qədim dövrə, bəşər sivilizasiyasının meydana gəldiyi vaxta gedib çıxır. Tacikistan ərazisində aşkar edilmiş arxeoloji tapıntılar da bunu sübut edir. 1956-cı ildə Daş dövrunə aid abidənin – daş alətlərin tapılması böyük sensasiya doğurdu. Daş alətlərin aşkar edildiyi yer dəniz səviyyəsindən 4200 metr hündürlükdə yerləşir. Çətin keçilə bilən yüksək dağlıq rayonlarda paleolit ənənələrini əks etdirən 10 min daş məmulat tapılmışdı. Daş dövrü bu ərazidə eradan əvvəl VIII-V əsrləri əhatə edib. Tacikistanın dağları və vadilərində yaşayan xalqlar hələ Pliniy və Ptolomeyin antik mənbələrində xatırlanırdılar. Venesiya səyyahı Marko Polo isə Pamirə öz səyahətləri baradə yazarkən taciklərin adını çəkmişdi.

     Sivilizasiya: qədim və müasir dövr

     Tacikistan memarlıq abidələrinin ən əhəmiyyətliləri Sayat, Mazori Şərifdə yerləşən məqbərələrdə, Hissar vadisində, İstaravşan məscidində qorunur. İslamdan öncə burada əsas dini inanclar zərdüştlük, buddizm, manilik olub. Lakin tədricən bu inanclar öz yerini İslama verib. IX əsrin əvvəllərində tacik xalqının formalaşması prosesi mühüm mərhələyə qədəm qoyur. Taciklər paytaxtı Buxara şəhəri olan böyük Samanilər dövlətini qururlar. Dövlətin banisi Samanilər sülaləsindən olan İsmayıl Somoni olur. Alimlərin və səyyahların tarixi əsərlərində Samanilər dövlətindən geniş bəhs edilir.

   Taciklər bəşər mədəniyyəti xəzinəsinə böyük dəyərlər bəxş ediblər. Tacik memarları, alimləri, ədəbiyyatçılar, şairlərin yaratdıqları nümunələr dünya sivilizasiyasının elmi və mədəni xəzinəsinin ayrılmaz hissəsidir. Bunlara misal olaraq tacik-fars ədəbiyyatının banisi Abdulla Rudəkini, ölməz milli-epik «Şahnamə» poemasının müəllifi, fars və taciklərin ortaq ədibi və mütəfəkkiri olan Əbülqasım Firdovsini, yenə fars və taciklərin ortaq alim və mütəfəkkiri olan Əbu Əli İbn Sinanı, Əl-Xarəzmi, Əl-Fərabi və Əbu Reyhan Biruni kimi alimləri, dünya poeziyasının böyük dühaları fars-tacik şairləri Xəyyam, Rumi, Sədi, Hafiz, Cami, bədii yaradıcılıq ustalarından Borbad, Mani, Behzod və başqalarını göstərmək olar.

   Qeyd etdiyimiz kimi, Tacikistan ərazisi qədim zamanlarda Qərb və Şərqi birləşdirən tarixi Böyük İpək Yolunun üzərində yerləşib. Bu, təkcə mühüm ticarət yolu deyildi, həm də xalqlar arasında mədəni ideyaların mübadilə vasitəsi idi. Vaxtilə Böyük İpək Yolu ölkələrində tacik (soqdiyalı) ustalar tərəfindən düzəldilən silahlar çox məşhur idi. Soqdiyalılar bu ustalığı VIII əsrdə Çin sənətkarlarından öyrənmişdilər. Soqdiyalılar dəri və qızıl bəzəklərdən, ipək parçalardan rəngli duzlardan istifadə edirdilər. Soqdiyadan xarici ölkələrə əcnəbiləri heyrətə salan qızılı portağallar, ağ və sarı albalı ixrac olunurdu.

   Klassik ənənələri davam etdirən Sədrəddin Ayni yeni tacik ədəbiyyatının əsasını qoydu və o, tarixin müxtəlif aspektlərini, öz xalqının sosial, siyasi, mədəni və ədəbi həyatını işıqlandırdı. Tacikistanın müasir həyatını S.Ayni adına Dövlət Opera və Balet Teatrı, A.Laxuti adına Tacik Dram Teatrı, Elmlər Akademiyası, dövlət universitetləri, tarix muzeyləri və digər mədəniyyət müəssisələri olmadan təsəvvür etmək mümkün deyil.

   Taciklərin milli adət-ənənələri və mətbəxi

   Tacik xalqının bugünkü həyatında cəlbedici məqamlardan biri də onların müasir dövrdə də məişətdə öz milli adət-ənənələrini, geyimlərini, mətbəxini qoruyub saxlamasıdır. Bu gün də taciklər milli geyimlərdə gəzir, milli yeməklərini yeyir, dəstərxan ətrafında əyləşirlər.

   Tacik xalqının kulinariya incəsənəti yüzilliklər boyu formalaşıb. Tacik milli mətbəxinin digər Orta Asiya milli mətbəxi ilə eynilik təşkil etməsinə baxmayaraq, öz xüsusiyyəti, özünəməxsus texnologiyası ilə fərqlənir. Tacik mətbəxinin xarakterik xüsusiyyəti böyük miqdarda ət məhsullarından və balıqdan istifadə olunmasıdır. Daha çox qoyun və keçi ətindən istifadə olunur. Toyuq ətindən yeməklər azlıq təşkil edir, ördək və qaz ətindən isə, demək olar ki, istifadə olunmur. Tacik milli mətbəxinin digər xüsusiyyəti yüksək səviyyədə düyü və lobyadan istifadədir. Qida rasionuna un məmulatları: qoğal, kökə və başqaları daxildir. Souslara, xüsusilə də ət souslarına üstünlük verilir.

   Sevimli içkiləri yaşıl çaydır. Yaşıl çay həm isti, həm də soyuq halda içilir. Heç bir qonağın qəbulu, heç bir dost görüşü və söhbətlər bu içkisiz ötüşmür. Hətta nahar da çayla başlayır. İlin sərin vaxtlarında qara çay içilir. Çay dolu piyalələr sinidə gətirilir. Sinidə xüsusi şirniyyatlar, meyvələr verilir. Sonra böyük piyalələrdə şorba, böyük dairəvi boşqablarda ikinci yemək gətirilir. Tərəvəzdən hazırlanan salatlar kiçik boşqablarda süfrəyə verilir. Bu xalqın yeməyə, xüsusilə də çörəyə olan xüsusi hörmətini də qeyd etmək lazımdır: hətta çörəyi ehtiyatla doğrayırlar. Salat və soyuq qəlyanaltılar tərəvəzdən hazırlanır və ikinci yemək – plov, kababla birlikdə verilir. Soyuq yeməkləri göyərti əlavə etməklə ət məhsullarından, o cümlədən quş ətindən hazırlayırlar. Tacik milli mətbəxində şorbalar xüsusi yer tutur. Bu sırada mastoba, uqro, karuma-şurbo, xom-şurbo, şalqam-şurbo şorbaları geniş yayılıb. Yay fəslində süddən soyuq şorba – çolob hazırlayırlar. Tacik milli mətbəxində ən çox yayılmış ət yeməkləri müxtəlif kabablardır.

   «Oşi plav» (tacik plovu) taciklərin ən sevimli yeməklərindəndir. Bu yeməyi hazırlamaqdan ötrü onlarla resept mövcuddur. Plovların hazırlanma texnologiyası ilkin xammaldan, isti emaldan, quruluşunun xüsusiyyətləri və süfrəyə verilməsindən asılıdır. Adətən plov çuqun qazanlarda hazırlanır. Bu zaman isti qoyun piyindən, bitki və heyvan yağlarından istifadə olunur. Ət məhsullarından qoyun və quşlardan (toyuq-cücə) istifadə edilir. Düyü əvvəlcədən təmizlənir, yuyulur və düz tökülmüş isti suda 2-3 saat saxlanılır. Kök təmizlənir, yuyulur. Plov üçün döyülmüş qara və qırmızı istiotdan, kişmiş, sarımsaqdan istifadə olunur. Plovun süfrəyə verilməsi zamanı təzə tərəvəzlərdən hazırlanmış müxtəlif salatlar da qoyulur. Xəmirdən xörəklər və məmulatlar tacik mətbəxində əhəmiyyətli yer tutur. Xəmir xörəkləri arasında mantı, şima, düşbərə və başqaları geniş yayılıb. Onların tərkibinə un, ət, tərəvəz, göyərti, süd məhsulları və yumurta vururlar. Taciklərin çaydan savayı üstünlük verdiyi digər içkilərdən meyvə suyu, şirə və şərbətlər də geniş yayılıb.

   Mehparə, 

   Mədəniyyət

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR